Azərbaycan milli komandasının üzvü Mahir Emreli Millətlər Liqasının 2-ci turunun Lixtenşteynlə görüşündən sonra jurnalistlərə açıqlama verib.
Sportal.az xəbər verir ki, yığma komandamızın hücumçusu bu görüşdəki 0:0 hesablı bərabərliyi bu cür şərh edib: "Oyun baxımından zəif təsir bağışlamadıq. İlk dəqiqədən son saniyəyə kimi dominantlıq etdik. Topla hücumlar edirdik dayanmadan. Bilmirəm qapıya necə zərbə endirdik. Ancaq sondakı ustalıqmı deyim, yoxsa nəyə bağlayım bunu, bilmirəm. Nəticə sonda yadda qalır. İllər keçəcək, bu oyun bir ayıbımız kimi yadda qalacaq. Xalqımızdan, hər kəsdən bu nəticəyə görə üzr istəyirik".
Emreli iki gündən sonra Litva ilə görüşdə qalibiyyət əldə edəcəklərinə inandığını dilə gətirib: "Bunu biz etmişik. Bütün milli komanda, futbolçular, məşqçilər bu barədə düşünür. Bunu da düzəltmək öz əlimizdədir. Litva ilə oyunda qalib gəlməliyik ki, həm özümüzə, həm xalqımıza heç olmasa inamı geri qaytaraq ki, qrupda birinci yeri tutmaq şansımız qalır".
