"Litvaya qalib gəlmək istəyiriksə, qol epizodlarından maksimum istifadə etməliyik" - MÜSAHİBƏ

12:22 - 4 Oktyabr 2026

Azərbaycan milli komandasının sabiq üzvü Ramin Quliyev Sportal.az saytına müsahibə verib.

- Azərbaycan milli komandası Lixtenşteyn üzərində qələbə qazana bilmədi. Halbuki ən azından bu komandanı udacağımız ehtimal edilirdi. Yığma nəyə görə qələbə qazana bilmədi?

- İstənilən halda bu oyunda qalib gəlməli idik. Çünki qələbə çox vacib idi. Yetərincə qol imkanlarımız oldu, amma sonluq görmədik. Epizodların sonunda bitiricilik yox idi. Sizi inandırım ki, bir qol vursaydıq, Lixtenşteyni böyük hesabla udacaqdıq.

- Lixtenşteyni əslində 2008-ci ildə də udmamışıq. Sadəcə bu millidən gözləntilər daha yüksək idi. İndi demək olar ki, bu yığma, bu kollektivdən nəsə gözləməyə dəyməz?

- Sözsüz ki, bu rəqiblərə qalib gəlməliyik. Bu, birmənalı olaraq belədir. Amma mənə çatmır ki, niyə həmişə hər şeyi keçmişlə müqayisə edirik. Biz keçən illərdən bu yana futbol adına nəyi daha yaxşı etmişik, yaxud da etməli idik, bunları müqayisə etməliyik. Bəli, baş məşqçinin futbolçu seçimi çox azdır, bunu hamı görür. Bu sözlər o anlama gəlməsin ki, Lixtenşteyni udmamalıyıq. Amma bu futboldu, inanıram ki, ikinci oyunda onlara qalib gələcəyik.

- Azərbaycan yığmasını bu gün Litva ilə qarşılaşma gözləyir. Həmin oyunda millinin qalibiyyətinə inanırsınız? 

- Bu heç-heçədən sonra inanıram ki, komandamız yığışacaq, artıq futbolçular silkələnib. Qalib gəlmək istəyiriksə, düşən imkanlardan maksimum istifadə etməliyik.

- Azərbaycan millisinin əsas problemini nədə görürsən? Ayxan Abbasovun gəlişindən sonra daha əzmkar kollektiv olduğu deyilirdi. Sizcə, yaxşı mənada nəsə var millidə?

- Bəli, əzmkarlıq var və kollektiv çox mehribandır. Bu əzmkarlığı Ayxan Abbasov yaradıb. Onun işlədiyi klublarda da bunu görürdük. Bir qələbə hər şeyi dəyişəcək və inanıram ki, Litva ilə oyunda qələbə qazanacağıq.

- Onsuz da yeni mövsümdən D liqası olmayacaq, istənilən halda C liqasına yüksələcəyik. Amma AVRO-2028-in pley-off şansı ələ düşə bilərdi. Əgər D Liqalarında ən yaxşı nəticə bizdə olsa, bunu reallaşdırmaq şansımız yaranar. İndiki millimizə ümumiyyətlə, bu pley-off şansı lazımdır?

- ⁠Biz D liqasındayıq. Belə olan halda çox da hansısa böyük uğurlardan danışmaq hələ tezdir.

Mirbağırağa
 

Xəbər xətti