"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Ağdam təmsilçisindən ayrılıb.
Sportal.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" hesabında paylaşım edib.
Onun paylaşımını təqdim edirik: "15 illik "Qarabağ" macəram başa çatdı.. Bu cümlənin ağırlığı həyatımın hardasa yarısı qədər olan zamanının 1 göz qırpımındakı çəkisinə bənzəyir.. Amma hər başlanğıcın sonu qaçınılmaz olur(muş). Və mən də 15 il sonra geridə qalan illərin titrətdiyi barmaqlarımı bunu yazmağa məcbur etməliyəm. Zira, həyatımın ən ağır mesajını yazmaq gücünü tapmaq, o sözlərin udquntusunu ifadə etmək hər damlada yatan xatirələrin sızıntısı qədər təsvirounmazdı..
15 il..15 il..15 il..Bu bir iş, karyera, görəv müddətdi deyil..15 il iş-vəzifə anlayışı olmur. 15 il xəyaldı, cəfadı, səfadı..Uğrunda savaşdığın, xəyal qurduğun sevgidi, amaldı..
22 yaşında Qarabağ idmandan yazmağı bacaran, ingilis dili bilən birini axtarışıyla başladı bu yol. O vaxtı 2 balaca otaqlı mənzilində Qarabağ futbol Klubundan daha çox eyniadlı bölgənin nisgili idi..Çempionluqlar, Avrokuboklar, Çempionlar Liqası xəyallarımızın isti köşəsində soyuq bir ilğım idi...
Yavaş—yavaş böyü(yür)dü Qarabağ..Yıxıla-dura, bəzən ayağına atılan daşları sancısını içinə alaraq, öyrənə-öyrədə, öncə xəyalını qurub sonra onu gerçəkləşdirmək yolunda xırda amma əmin addımlarla yürüməyə başladı...
Mən də ordaydım, bəzən yanında, bəzən bərabər addımlayırdıq Qarabağla. Amma içimizdə mən-sən olmadığına görə Qarabağ inanılmazı bacar(ır)dı...Qarabağ bu yola çıxanda xəyalını inamıyla böyütdü, inandıraraq yürüməyə başladı. O dərəcədə inandırdı ki, çempionluğun belə müşkül göründüyü məqamda diktorun əlindən mikrofonu alıb Haydı azarkeşlərimiz, Çempionlar Liqası sizi gözləyir avanturizmi cəsarətin təntənəsinə çevirdi..
..Və Bu cəsarət təcəllisi çempionluqlar, kuboklar, Avroliqa və Çempionlar Iiqası oldu, 114 Avrokubok oyunu..
..Bu 15 il Qarabağ mənə inanılmaz dəyərlər qazandırdı.. Klubun prezidentindən tutmuş ən sıravi çalışanına qədər öyrəndiyim, qazandığım o qədər anlamlı şey var ki.. Onların hər birinə ehtiramımı, təşəkkürümü necə ifadə etsəm belə, yetərli olmayacaq..bir-bir ad çəksəm, kiməsə haqsızlıq edə bilərəm... Amma "Qarabağ" FK-da üzərimdə əməyi olan hər bir şəxsin qarşısında baş əyirəm..
Bu 15 il inanılmaz dostlar, insanlar qazandırdı..Bəzən, heç vaxt qarşılaşmadığım insanların dəstəyini, ehtiramını göstərdi.. Göstərdi ki, əgər bir işə canını, qanını, sevgini qatarsansa uğur sənlə insanlar arasında isti bir təbəssümə çevrilər..
Və ən sonda..Göz yaşlarımı qürur təşnəsinə çevirən ən böyük amil! 15 illik "Qarabağ"ımın məqamında adım haqq yemək, talan, qarət kimi nəsnələrdə hallanmadı. Qarabağ`la vicdan və əxlaq duyğusunu qürurla 15 il daşımağa çalışdım. Və Allaha həmd olsun ki, "Qarabağ"ımdan ayrılmağıma səbəb talan, qarət kimi şeylər yox Qarabağ Azərbaycandır etiqadına etiraz edənlərə qarşı çıxmağım, buna susmamağım oldu. Bəlkə də, 200 ildir azərbaycanlılara edilən istibdada qarşı hayqırtımın işdən ayrılmağıma səbəb olması 15 ilimə verilən ən gözəl töhfə oldu..
Bu başlanğıcın sonu deyil..Əsl dəyərlər əsla sonlanmır.. Yaza bilən, görən, duyan hər kəsə deyirəm:
Haqqınızı halal edin...
Nə haqqım varsa halal olsun..".
İbrahimov özünün "Facebook" səhifəsində ermənilərlə bağlı çağırış yayması səbəbindən UEFA tərəfindən ömürlük futbol fəaliyyətindən kənarlaşdırılmışdı.
saytlarin hazirlanmasi