Gündüz Abbaszadə: "Qarabağ"ın televiziyasının olması vacibdir"

14:14 - 3 Fevral 2021

"UEFA-nın Nurlan İbrahimova verdiyi cəzadan sonra boş qalan vəzifəyə əsas namizədlərdən biri idim. Klub rəhbərliyindən təklif gəldi. Təbii ki, dərhal cavab vermədim, xeyli düşündüm. Çünki burada daha əvvəl Nurlan İbrahimov kimi 15 il çalışmış biri olub".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın yeni Mətbuat katibi Gündüz Abbaszadə bu vəzifəyə təyinatı barədə danışarkən deyib.

 

Tanınmış teleşərhçi bildirib ki, klubdan təklif gəldikdən sonra Mətbuat xidmətinin əvvəlki rəhbəri Nurlan İbrahimovla əlaqə saxlayıb: "Mən ilk növbədə, peşəkaram, jurnalist təhsili almışam. "Ehtiyac duyulub ki, təklif olunub" deyə düşündüm. Mənəvi məsələləri də götür-qoy etdikdən sonra razılıq verdim".

 

Hələlik yeniliklər barədə danışmaq istəməyən Abbasazdə zamanla əlindən gələnin ən yaxşısını etməyə çalışacağını söyləyib: "Nurlan əvvəlki müddətdə mükəmməl işləyib, əlindəki imkanlarla hər şeyin ən yaxşısını etməyə çalışıb. Biz həmin tendensiyanı qorumaq şərtilə, üstünə bir az da qoymağa cəhd edəcəyik. Hər bir klubun, o cümlədən, "Qarabağ"ın da televiziyasının olması vacibdir. Komandanın əldə etdiyi nəticələr də bunu labüd edir. İndidən bununla bağlı geniş danışmaq istəmirəm. Amma məsələ gələcəkdə bizim hədəfimizdədir".

 

Daha əvvəl "Neftçi"də analoji vəzifəni yerinə yetirmiş jurnalist "Qarabağ"a təyinatından sonra özünə qarşı yönələn tənqidlərə də cavab verib: “Klub mənə etimad göstəribsə, peşəkar kimi Qarabağ"da sırf işimi görməyə, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".

 

Abbaszadənin sözlərinə görə, Ağdam klubunun rəhbərliyi İbrahimovun cəzasının ləğvi üçün əlindən gələni edir və bu məsələdə ona dəstək olmağa çalışır: "Qarabağ” bildiyim qədərilə buna həssas yanaşır və hazırda məsələ İdman Arbitraj məhkəməsindədir. Mən də bacardığım köməyi edəcəyəm. Heç kimin qəti şəkildə şübhəsi olmasın. İbrahimov ilk növbədə, komandanı sevən azarkeş idi. Mən də heç bir məsələdə bu həssaslığı unutmayacağıma söz verə bilərəm".

 

Şərhçi "CBC Sport"da fəaliyyətini davam etdirəcəyini bildirib: "İtaliya A Seriyası, UEFA Çempionlar Liqası, Avropa Liqası, bir sözlə, Azərbaycan futboluna aid olmayan oyunlarda şərhçilik edəcəyəm" (Report).

 

UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib.

 

İbrahimovla bağlı İdman Arbitraj Məhkəməsinə də müraciət olunub. O, yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

Xəbər xətti