Bu həftə Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi”ni qəbul edəcək.
Sportal.az Ağdam təmsilçisinin saytına istinadla xəbər verir ki, bu mövsüm komandalar çempionatda 2 dəfə üz-üzə gəliblər. Mövsümün “Azersun Arena”da baş tutan ilk duelində "Neftçi" qalib gəlib – 2:1. "Qarabağ" 8-ci km stadionunda qonaq olduğu matçda isə “Neftçi” üzərində 6:0 hesablı qələbə qazanıb.
Bu qarşılaşma isə komandaların çempionatda 82-ci oyunu olacaq. “Qarabağ” bu qarşılaşmaların 30-da qalib gəlib və 21 matçda isə məğlub olub. 30 matçda qalib müəyyənləşməyib. Top fərqində də ağdamlılar üstündür: 91-73.
Bu oyunlarda "Qarabağ"ın heyətində ən çox qol vuran futbolçu Reynaldo Silvadır. Braziliyalı hücumçu 9 dəfə rəqibi məyus edib. Müşfiq Hüseynov 8, Riçard Almeyda isə 6 dəfə topu rəqib qapıdan keçirib.
Azərbaycan derbisində 3 futbolçu het-trik edib. Buna “Qarabağ”ın heyətində oynayan futbolçular nail olub. Georgi Adamiya və Reynaldo Silva bunu bacaran oyunçulardır. Bu mövsüm isə Filip Ozobiç "Qarabağ"ın “Neftçi”yə qalib gəldiyi matçda (6:0) rəqib qapısından 3 top keçirməyə müvəffəq olub.
Fevralın 13-ü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın start fiti saat 18:30-da səslənəcək.
saytlarin hazirlanmasi