Futzal üzrə milli komandamızın üzvü Amadeu Fernandes federasiyanın rəsmi saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, o, dünya çempionatının seçmə mərhələsində Polşaya qalib gəldikləri (4:3) görüşü şərh edib:
"Hamını təbrik edirm. Qələbə qazandığımıza görə sevinirəm. Çox çətin oyun oldu. Rəqibimiz də sona qədər mübarizədən qopmadı, təslim olmaq istəmirdi. Nəticədə ağır, gərgin qarşılaşma izlədik. Komanda yoldaşlarım meydanda gücləri çatdığı qədər mübarizə apardılar. Yekunda əməyimizin mükafatı olaraq qələbə qazandıq".
Amadeu öz karyerası haqda isə bunları deyib: "Üç ildən sonra Azərbaycan millisinə dəvət aldığıma görə, şadam. Bu formanı fəxrlə geyinirəm. Hazırda karyeramı Braziliyada davam etdirirəm. Klubumda daim oynayıram, yaxşı forma yığmışam. Ona görə də işimi orada davam etdirməkdən məmnunam. Amma hər zaman baş məşqçinin milli üçün çağırışına da hazıram. Millinin bütün oyunlarında iştirak etməyi çox istəyirəm".
Futzalçı dünya çempionatının əsas mərhələsinə vəsiqə qazanmaq istədiklərini deyib: "Əlbəttə, məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır. Dünənki oyun və əzmkarlıq göstərdi ki, bunun öhdəsindən gələ bilərik. Yunanıstana qarşı komanda yoldaşlarım mübarizə aparıb. Düzdür, hər iki oyunda qələbə qazanmışıq. Ancaq bu işimizi asanlaşdırmır, əksinə daha məsuliyyətli olmalı, arxayınlığa yol verməməliyik. İnanıram ki, Afina səfərini də 3 xalla başa vuracağıq və ən azı marta qədər zirvədəki yerimizi qoruyacağıq".
