"Bəsit qollar buraxdıq, sonra da geridönüş edə bilmədik"

12:59 - 28 Oktyabr 2022

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edən “Araz-Naxçıvan”ın müdafiəçisi Katatu Serbiya "Loznika Qrad"ına uduzduqları oyunla bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, 1:4 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:

 

“Oyun bizim nəzarətimizdə keçdi, amma bu üstünlüyü nəticəyə çevirə bilmədik. Rəqib isə bizi əks-hücumlarda yaxaladı, səhvlərimizdən istifadə etdi və qollar vurdu. Halbuki qol vurmaq üçün şansımız daha çox idi, amma cəmi birini realizə etdik.

 

Hər iki oyunu zədəli keçirdim. Həkimin köməyi ilə meydana çıxdım, bacardığım qədər komandama kömək etməyə çalışdım. Düzdür, səhvlərim də oldu. Amma bu vəziyyətdə oynamaq da asan deyildi. Məğlub olduğumuz rəqiblərin heç biri oyun keyfiyyətinə görə bizdən üstün deyildi. Sadəcə, səhvlərimizi bağışlamadılar. Biz isə əksinə, özümüzün çətinliklə yaratdığımız epizodları boşa verdik. Rəqiblərimiz nə oyun, nə də taktiki-texniki planda bizi qabaqlayırlar. Bəsit qollar buraxdıq, sonra da geridönüş edə bilmədik. Epizodlar realizə edə bilmədikcə, komandada gərginlik, stress yarandı, bu da işimizi çətinləşdirdi.

 

“Mostar”la oyunun nəticəsindən asılı olmayaraq, növbəti mərhələyə yüksəlmək şansımız qalmayıb. Amma biz komandanın adına, kollektivimizə, təmsil etdiyimiz ölkəyə görə sona qədər mübarizə aparacağıq. Qazanılacaq qələbə reytinq xalları gətirəcək. Turnir cədvəli baxımından hər şey bizim üçün bitmiş olsa da, bu sadaladıqlarım üçün özümüzü oyuna motivasiya edəcəyik”. 

Xəbər xətti