Tovuzda narazılıq sədaları QEYD

17:42 - 5 Noyabr 2022

Futbolun da özünəməxsus özəllikləri var. Udanda hamı bir-birinə can deyib, can eşidir. Qələbələr sıralandıqca mehribanlıq, səmimiyyət göz oxşayır, lap nağıllar diyarındakı kimi rəvan gedir hər şey. Vay o gündən ki, bir-iki məğlubiyyət olsun. Bir-iki aya yaranan mehribanlıq bir-iki həftənin içində əriyib gedir.

 

Tovuzda yaşananlar da təxminən elə buna bənzəyir. Səfərdə “Neftçi”dən xal alan, 15 xalla Premyer Liqanın 6-cı pilləsində qərarlaşan “Turan Tovuz” evdə “Şamaxı”ya məğlub olandan sonra azarkeşlər Ayxan Abbasova sərt üzlərini göstərmək qərarına gəliblər. Məsələnin ciddiliyi o həddə çatıb ki, Ayxan Abbasov etirazların davamlı xarakter alacağı təqdirdə Tovuzda çox qalmayacağını açıqlayıb. Əgər bir mütəxəssis bu cür açıqlamalar verirsə, demək ki, özünə münasibətdə doğru olmayan yanaşmanı hiss edir. Yəqin ki, “Səbail”lə ev heç-heçəsindən sonra da azarkeşlər arasında Ayxan Abbasovun işindən narazılıq edənlərin olduğunu çatdıranlar olub ona.

 

Hər məğlubiyyət acıdır, hər uğursuzluq azarkeşlərə pis təsir eləyir. Lakin anlamaq lazımdır ki, bu yolda qələbələrlə yanaşı məğlubiyyətlər də olacaq. “Turan Tovuz” ölkəmizin köklü klublarındandır, bu bölgədə futbola sevgi var. Amma Tovuz xeyli vaxt idi ki, Premyer Liqadan uzaq düşmüşdü. İndi yenidən komanda qurulur, klub ölkənin futbol elitasına adaptasiya olmağa çalışır. Rəhbərlikdə Oqtay Abdullayev, Nadir Nəbiyev kimi futbol adamlarının təmsil olunması, Ayxan Abbasov kimi bacarıqlı məşqçinin sayəsində “Turan Tovuz” mövsümə yaxşı başlanğıc edib və hal-hazırda 6-cı pillədə olmaları da bunun bariz nümunəsidir.

 

Açıqlamasından belə hiss olunur ki, yaşananlar Ayxan Abbasova pis təsir eləyib. Kiçik büdcə və çətinliklərlə döyüşkən komanda yaradan mütəxəssisin azarkeşlər tərəfindən bu cür münasibətlə qarşılanması ağır gəlib ona. Məsələ bir tərəfin haqlı, digər tərəfin haqsız olmağından getmir. Problemin məğzi anlayışa söykənir. Başqaları bilməsə də, Tovuz əhli Ayxan Abbasovun hansı şərtlər altında çalışdığını yaxşı bilirlər və belə məğlubiyyətlər zamanı da yerli azarkeşlər komandaya dəstək olmalıdılar ki, düşərgədə pozitivlik ruhu pozulmasın. Axı, heyətdə olan futbolçuların əksəriyyəti Tovuza məhz Ayxan Abbasova görə gəliblər, onun yanında olmaq istəyiblər. Fanatların məşqçiyə yönəlik etirazları onlara da öz təsirini göstərə bilər.   

 

Məsələyə digər yöndən baxanda, 3-5 azarkeş hələ hamı demək deyil. Əminəm ki, Tovuzda Ayxan Abbasovu sevən və dəstəkləyən kifayət qədər azarkeş var. Tənqidlərə gəlincə, hətta tarixi uğurlara imza atan Qurban Qurbanov da məğlubiyyətlərdən sonra tənqidlərlə üzləşir. Yəqin ki, məşqçi işinin tərkib hissələrindən biri də tənqidlərə qarşı dözümlü olmaqdır. Bu baxımdan Ayxan Abbasov baş verənlərə emosionallıqla deyil, soyuqqanlı yanaşsa, zamanla hər şey öz axarına düşəcək.  

 

Həmid

Xəbər xətti