"Məni ən çox narahat edən odur ki, futbolçular onlara şans verildiyini başa düşmür"

17:53 - 6 Noyabr 2022

"Öncə, qarşıdan gələn Zəfər günümüzü təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can-sağlığı versin. Ağır şəraitdə torpaqlarımızın keşiyində dayanan hərbçilərimizi Allah qorusun. Oyuna gəldikdə, pis başlamadıq. İtkilərimiz olsa da, qələbə qazanmaq niyyətindəydik. Yaxşı rəqibə qarşı oynadıq. "Sabah" üst pillələrdədi, favorit olsa da, qalib gəlmək istəyirdik. Əfsuslar olsun ki, istəyimizi həyata keçirə bilmədik. Hər halda, oyunçuların ustalıq səviyyəsi özünü göstərdi. Məğlub olanda deyiləsi sözlər çox olur. Amma mətbuat üçün yox, futbolçular üçün. Harada səhvlər etdiklərini futbolçularla danışacağıq. Qələbə qazanmaq istəyirdik, amma təəsssüf ki, uduzduq. Fərdi səhvlər və rəqib oyunçularının ustalığı matçın taleyini həll etdi".

Sportal.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 13-cü turunun "Sabah"la (0:2) matçından sonra keçirilən mətbuat konfransında deyib. Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- "Səbail" 13 turdan sonra cəmi 10 xal toplayaraq 7-ci pillədə qərarlaşıb. Mövsümün əvvəlində belə ola biləcəyini ehtimal edirdiz?
- Bu durumda olmağımızı istəməzdim. Təbii ki, üst pillələrdə ola biləcəyimizi düşünürdüm. Çünki aşağı yerlərdə qərarlaşmaq istəyimiz yoxdu. Reallıq budur ki, aşağı pillələrdəyik. Amma gələcəyə baxaq. Sona qədər mübarizə aparacağıq.

- Çox yorğun görünürsünüz. Bu komandanın oyunu ilə bağlıdı?
- Əhval-ruhiyyə nəticədən asılıdı. Çalışırıq ki, əlimizdə olan oyunçularımıza şans verək. Məni ən çox narahat edən odur ki, futbolçular onlara şans verildiyini başa düşmür. Uduzmuşuqsa, belə də, olmalıdı.

- Qışda transferlər olacaq?
- Ona hələ çox vaxt var. Bizi qarşıda ağır oyunlar gözləyir. Ağabala Ramazanov, Ruslan Hacıyev, Elmir Tağıyev, Nihad Qurbanlı bu gün yox idi. Zədə və cəza var idi. Müdafiə olunmaq asandı. Elə hücum etməlisən ki, müdafiəyə də güc düşməsin. Deməzdim ki, cinahlar heç də yaxşı deyildi, sadəcə effektli deyildi. Sol cinahımız axsayırdı. Çempionat matçlarımız var. Bu dəqiqə oturaq qış "transfer pəncərəsi"ni gözləyək, doğru olmazdı. Doğrudu, bəzi mövqelər var ki, güclənməliyik.

- Qapıçı əvəzetməsi nə ilə bağlı idi? 
- Hüseynəlini onsuz da dəstəkləyəcəyik. Ötən oyunda müdafiəçimiz səhv etdi, bu gün qapıçımız. Futboldur da, baş verir. İstəyərdik ki, olmasın. Futbolçulara deyirik ki, bacardığınızı etməlisiniz, bacarmadıqlarınızı deyil. Bacarmadığımızı edəndə də, ortaya belə mənzərə çıxır. Qapıçını özümüz dəyişdik. Həm zədəli idi, həm də düşündüm ki, elə dəyişikliyə ehtiyac var.

- Necə futbolçu olduğunuzu görmüşük. Sizin kimi futbol adamının komandasının bu qədər fərdi səhv etməsi sizə necə təsir edir?
- Təkcə mənə yox, azarkeşlərə, futbolçulara da, məşqçi heyətinə də pis təsir edir. Oynayan dövrdə necəydimsə, həmin iddialar da qalır. Görünür ki, vaxta ehtiyacımız var. Mən də təzəyəm, futbolçular da. Çalışacağıq ki, nəyisə düzəldək. Asanlıqla əmələ gəlmir. Bəhanə etmək istəmirəm. Amma vaxt və bəzi mövqelərə oyunçular lazımdı ki, istədiyimizi ala bilək.Futbolçularla oyundan əvvəl də, sonra da fərdi söhbətimiz olur. Qərarlar düzgün olmur, ötürmə vermək lazım olanda, zərbə vururlar, zərbə vurmaq lazım gələndə, ötürmə edirlər. Bəzi oyunçular var ki, bu günkü oyundan sonra öz fikirlərimizi bildirəcəyik.

- Qışda transferlərdə tələsməmək üçün bəlkə skaut heyəti qurasınız?
- Bəlkə də, hansısa futbolçuların transferində tələskənlik oldu. Amma hamısında belə olduğunu düşünmürəm. Əgər yuxarı yerlər uğrunda mübarizə aparacağıqsa, razıyam ki, keyfiyyət önəmlidi. Meydanda təkcə 90 dəqiqə qaçmaq yox, futbol oynamaq, ustalıq nümayiş etdirmək lazımdı. Dediyiniz məsələ gələcəkdə baş verə bilər. Ki, normal futbolçular tapaq.

- Mirabdulla Abbasovun fiziki durumundan razısız?
- Fiziki durumunun yaxşı olmadığını deyə bilmərəm. Sadəcə olaraq, oyun praktikası azdı. Hər şey də bundan irəli gəlir. 


Mirbağırağa

Xəbər xətti