Qurban Qurbanov: "Bolqarıstana qalib gəlmək üçün gedəcəyik"

22:22 - 6 Avqust 2024

"Qarabağ" Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyununda doğma meydanda "Ludoqorets"ə 1:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Həqiqətən bərk komandaya qarşı oynadıq. Futbolçularım çox güc sərf etdilər. Çox sərt oynayan, fiziki özəllikləri yaxşı olan komandaya qarşı oynayırdıq. İlk hissədir. İkinci hissə Bolqarıstanda olacaq. Ora qalib gəlmək üçün gedəcəyik. Lazım olsa, hansısa risklərə də gedəcəyik. Çempionlar Liqası oyunu olduğu hiss edilirdi. Qarşımızda təcrübəli, yaxşı komanda var idi. Futbolçularım inanırdılar. Qalib də gələ bilərdik, uduza da bilərdik. İlk oyunu uduzmuşuq. Heç nə bitməyib. Səfərdəki oyunda səliqəli, dəqiq oynamağa çalışacağıq. İnanıram ki, futbolçularım qarşıdakı günlərdə yaxşı hazırlaşacaqlar. Stadionda yaxşı ab-hava var idi, azarkeşlərə təşəkkür edirəm.

- Dünən dediz ki, oyuna tam hazırlaşa bilməmişik. Səfərdəki matçdan əvvəl də çempionat oyunu var. Hansısa tədbir görəcəksiz?

- Xeyr, hazırda belə fikrimiz yoxdur. Digər futbolçularımızın oynamasına ehtiyac var. Hansı ki, onların da idman formasının yaxşı olması vacibdir. Növbəti çempionat oyunu da oynayacağıq.

- Sizə elə gəlmir ki, futbol ictimaiyyəti, media "Ludoqorets"i çox kiçiltmişdi?

- Fikirlər fərqlidir. Amma əlbəttə ki, "Ludoqorets"in oyunçularının fərdi keyfiyyəti yüksəkdir. Amma futbolçularımı onlardan zəif saymıram. Oyunçularıma daha çox güvənirəm. Rəqib 9 ildir ki, qruplarda oynayır. Belə oyunlara tam hazırlaşır. Mən rəqibi ciddiyə almışdım. Boşuna Macarıstana getməmişdim. İndi onları daha yaxından tanıdıq. Səfərdə istədiyimiz, düşündüyümüz kimi alınsa, futbolçuları istədiyimiz kimi hazırlasaq, səfərdən yaxşı nəticə ilə dönəcəyik.

- Hakimlərin qərarlarından narazı idiz?

- Narazılıq edirdim. Bəlkə kənardan fərqli görürük. Rəqib çox sərt oynayırdı, sərt müdaxilələri var idi. Sonda bizi cəzalandırırdılar. Bir az rəqibə simpatiya hiss olunurdu.

- Birinci hissədə üstünlük bizdə idi, ikinci yarıda nəsə çatışmırdı. Qırılma nöqtəsi nə idiki, hesabda geri düşdük?

- 90 dəqiqə bu cür rəqibə qarşı eyni tempdə oynaya bilmərik. Rəqibin öz oyun üslubu var. Bir neçə epizodda onların hücumun qarşısını ala bilmirdik. Evdə oynayırdıq, hücuma daha çox fikir verirdik.

- Şahruddin zədələnib. Cavab matçına hazır olacaq?

- Qarşıdakı oyunda bilmirəm. Çünki sabaha, birigünə tam məlumat gələcək. Ola bilər daha uzun çəksin. Əvvəl də demişdim ki, bir qapıçı gətirmək aktual oldu. Şahruddin zədələnməsə də.. Çox ciddi danışıqlar, axtarışlar gedir. Amma əldə olunan heç nə yoxdur. Ola bilər ki, tam razı qalmasaq da, bir qapıçı gətirək.

- Buntiçin oyuna qoşulmalarını necə qiymətləndirirsiz?

- Normal. Adaptasiya olur. 

- Bu rəqiblə oyunda ən çox çətinliyiniz nə idi?

- Birinci təcrübə, ikinci oyunçuların fərdi ustalığı idi. Sürətli, dinamik, fiziki cəhətdən güclü idilər. "Ludoqorets" müdafiədə 90 dəqiqə oynamağı bacaran komandadır. Amma bizim xeyli sayda epizodlarımız oldu. Yaxşı hücumlar qurduq. Bu hallardan çəkinmirik. Əksinə, necə müdaxilə etmək lazımdır, onu düşünürük. Qarşıdakı matçda daha səliqəli və dəqiq oynamağa çalışacağıq.

Mirbağırağa

Xəbər xətti