"Ludogorets" bu illər ərzində "Qarabağ"a rəqib olan komandalar arasında bəlkə də ən qəlizi idi. Belə baxanda, "Qarabağ" bundan qat-qat güclü komandalar görüb, özündən qat-qat güclüləri məğlub eləyib. Di gəl ki, belə inadkar, bu cür futbol həyasızlığı olan, lazım gələndə kobud, zaman-zaman əndazəni aşıb çirkin oynayan rəqib xeyli problemlər yaratdı.
7:2 hesablı qələbə hər nə qədər eyforiya yaratsa da, çatışmazlıqları da görməzdən gəlmək olmaz. Götürək elə qapını. Buntiç toparlanmasa və ya səviyyəli qapıçı gətirilməsə, Allah "Dinamo" ilə oyunlarda köməyimiz olsun! Çox inamsız təsir bağışlayır bu qapıçı. Ola bilər ki, uyğunlaşmayıb hələ. Hələ ki, güvən vermir...
Bakıdakı oyunda xüsusən hava toplarında müdafiə davranışında ciddi səhvlərə yol verən futbolçularımız Bolqarıstanda da xeyli çətinliklər yaşadılar. Standart vəziyyətlər həmişə problem olub bizimkilər üçün. Amma "Ludoqorets"lə oyunlarda sayı çox oldu bu problemlərin.
Hələ birinci hissədə qapısında ucuz qollar görən "Qarabağ" üçün fasiləyə qədər iki məcburi əvəzetməyə getmək də dərd üstünə dərd gətirə bilərdi. Amma dərd əvəzinə sevinc gətirdi bu əvəzetmələr. Yankoviçlə Veşoviçin yerinə girən Patrik Andrade ilə Mateus Silva sanki yeni nəfəs verdilər "Qarabağ"a. Həm Patrik, həm də onun kimi sonradan girənlərdən Toral Bayramov və Cica da qol vurdu, Nəriman qola bərabər ötürmə verdi.
Qurban Qurbanovun xüsusi təyinatlı dəstəsi Bolqarıstan çempionunu darmadağın etdi. ÇL-in III təsnifat mərhələsində 7 qolluq qələbə həm tarixdi, həm də gözəllik. Bir-birindən baxımlı qollar vuran "Qarabağ" çirkinlik üzərində gözəl qələbə qazandı!
Həmid
saytlarin hazirlanmasi