"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yenidən düşə biləcəyini söyləmişdim"

11:57 - 17 Avqust 2024

"Qarabağ”ın sabiq legioneri Tarik Elyunissi Ağdam klubunun Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ludoqorets” səddini keçərək pley-off mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib.

Sportal.az saytına açıqlama verən mərakeşli veteran futbolçu Azərbaycan çempionunun Çempionlar Liqasında qruplara qala biləcəyinə inandığını söyləyib:

“Qarabağ”ın bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəyi haqda söyləmişdim. Onların gücünü yenə də gördük. Evdə “Ludoqorets”ə uduzduqdan sonra ağır səfərdə Bolqarıstan çempionunu məğlub etdi. Bu, bir daha “Qarabağ”ın hansı səviyyədə olduğunu göstərir. İnanıram ki, “Qarabağ” ÇL-də qruplara vəsiqə qazana biləcək. Doğrudur, “Dinamo”(Zaqreb) güclü komandadır, illərdir ki, avrokuboklarda qrup mərhələlərində oynayır. Amma “Qarabağ”ın da artıq yetəri qədər təcrübəsi var. Ümidvaram ki, “Qarabağ” bunu reallaşdıracaq və ÇL-də qruplarda oynayacaq. Bu komandaya uğurlar arzu edirəm”.

Qeyd edək ki, bu yay aktiv futbolçu kayrerasına son qoyan norveçli 2017/2018 mövsümün "Qarabağ"da keçirib.

Mirbağırağa

Xəbər xətti