Azərbaycan milli komandasının sabiq baş məşqçisi Nikola Yurçeviç Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” və “Dinamo”nun qarşılaşmaları haqda danışıb.
Sportal.az xəbər verir ki, "Sportske novosti"yə danışan xorvatiyalı mütəxəssis Qurban Qurbanov barədə də fikirlərini bildirib:
"Dinamo”ya üstünlük verirəm, amma “Qarabağ” da çox yaxşıdır. Çempionatda üstünlüyü baxımından “Dinamo”ya bənzəyir, həm də avrokuboklarda yaxşı nəticələri var. “Bayer”lə matçlarda nə qədər güclü olduqlarını göstərdilər, son dəqiqələrdə sözün əsl mənasında Avropa Liqasından uzaq qaldılar. “Qarabağ”ın çox yaxşı skautları var, əla əcnəbi oyunçular gətirirlər. Avrokubok oyunlarında əsas heyət 2-3 yerli futbolçudan ibarətdir. Bir vaxtlar “Riyeka” ilə çempion olmuş Marko Vesoviç hələ də Azərbaycan çempionu sıralarındadır.
Qurban Qurbanov "Qarabağ" üçün böyük üstünlükdür. O, Xosep Qvardiolanın və onun üslubunun pərəstişkarıdır. İmkan daxilində öz üslubunu “Qarabağ”da reallaşdırmağa çalışır. Ağdam təmsilçisi əla texniki futbol oynayır, dominantlığı və topa sahib olmağı sevirlər. “Dinamo” heç bir halda “Qarabağ”ı qiymətləndirməməlidir. Onların beynəlxalq təcrübəsi yüksəkdir. Bununla belə, məncə, “Dinamo”nun şansları daha çoxdur. Amma yenə də başa düşmək lazımdır ki, “Qarabağ” zərərsiz rəqib deyil. Onlar bunu evdə uduzduqdan sonra “Ludoqorets”i məğlub edəndə göstəriblər. Onların komandasında Juninyo, Abdullah Zubir, Yassin Benzia və Leandro Andradeni qeyd edərdim.
"Qarabağ"ın çempionatdakı oyunlarına baxmağa bir neçə min adam gəlir, amma avrokuboklarda oynayanda stadion dolur. Stadiondakı atmosfer əla və ruhlandırıcı ola bilər. İştirak etdiyim “Qarabağ” – “Sevilya” matçını xatırlayıram, alqışlar gurultulu və əla idi”.
saytlarin hazirlanmasi