"Qarabağ"ın sabiq forvardı: "0:3-dən sonra geridönüş çətindir, amma ümidimizi itirməyək"

10:46 - 25 Avqust 2024

"Zaqrebdəki görüşdə meydandakı oyuna görə nəticə olmadı. "Qarabağ" şanssızlığa görə bu cür məğlubiyyətlə üzləşdi. Yoxsa, "Dinamo"nun qapısı qarşısında nə qədər qol epizodları yaratdı....Təbii ki, ilk oyundakı nəticədən sonra geridönüş edərək Çempionlar Liqasının qrup mərhələsinə düşmək çətin görünə bilər. Cavab oyunu çətin olacaq. Bakıdakı matç daha gərgin və daha maraqlı olacaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq forvardı Kənan Kərimov deyib.

Vaxtı ilə Ağdam klubunun əsas hücumçularından olmuş Kərimov, Azərbaycan çempionunun Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off görüşündə "Dinamo"ya qarşı keçirdiyi oyunu dəyərləndirib. Bununla yanaşı, o, "Qarabağ"ın cavab oyunundakı şanslarından və ÇL-də qrupa düşmək ehtimalından danışıb:

"İstəyərdim ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazansın. Bunu hamı istəyir. Sadəcə olaraq, 0:3 hesablı məğlubiyyəti geri qaytarmaq çətin olacaq. Lakin ümidimizi itirməyək, "Qarabağ"a sonuna qədər dəstək olaq. İnanıram ki, "Qarabağ" "Dinamo" ilə görüşdə gözəl oyun və qələbə ilə azarkeşləri sevindirəcək. "Qarabağ"a uğurlar arzulayıram. Allah qoysa, edəcələr".

Mirbağırağa

Xəbər xətti