"Ən çox istədiyim qısa müddətdə akademiyadan “Qarabağ”ın əsas komandasına futbolçu verməkdir" - MÜSAHİBƏ

15:33 - 25 Avqust 2024

"Qarabağ"ın futbol akademiyasının koordinatoru Aftandil Hacıyev Sportal.az saytına müsahibə verib.

- Akademiyanın hazırkı fəaliyyətini necə dəyərləndirirsiz? Yeni ildəki yeni planlarınız nə ilə bağlıdır?

Arxada qalan il haqda onu deyə bilərəm ki, qısa müddətdə strukturla bağlı bir neçə dəyişikliklər etdik. Bəzi yaş qruplarında çatışmayan kadrlar var idi, bəzi komandalarda baş məşqçilərin köməkçiləri yox idi. Onları hissə-hissə həll etdik, rəhbərliklə danışa-danışa istədiyimiz məşqçiləri akademiyaya cəlb etməyi bacardıq. Bu sezon böyük ölçüdə kadr ehtiyacını 90 faiz tamamlamağı bacarmışıq. Akademiya işində həmişə böyüməyə, kadr genişliyinə ehtiyac var. Bu gün ondan daha önəmlisi akademiyaya sahib olmaqdır. İnfrastruktur baxımından nəzərdə tuturam. Əgər infrastruktur qurulsa, əlimizdə olan kadrdan da daha genişinə ehtiyac duyacağıq. Gələcəkdə 1-2 əlavələr etməklə, bugünkü şəraitimizlə, tələbatla yolumuza daha keyfiyyətli davam edə bilərik.

- Kadrlardan söz düşmüşkən, “Qarabağ”da uzun illər kapitanlıq sarğısı daşımış Maksim Medvedev də akademiyada çalışacaq. Təklif sizdən oldu, yoxsa özü lap aşağı yaş qruplarından başlamağı istədi?

Söhbətimiz qısa, yarım saat çəkdi. Maksimdə bu həvəsi gördükdə özüm də təəccübləndim. Həqiqətən böyük həvəslə məşqçiliyə başlamağa qərar verib. Təbii ki, bu qərarı özü verdi. Futbolu bitirmək qərarı hər bir futbolçunun özünə məxsus olmalıdır. Heç kim onun yerinə qərarı verə bilməz. Maksim də qısa müddətdə futbolçu karyerasını bitirib, məşqçiliyə başlaması onun necə həvəsli olmasından xəbər verir. Futbolu bitirənlər bir müddət dincəlməyə ehtiyac görürlər. Amma Maksim buna ehtiyac görmədi. Maksimlə yanaşı, bu il daha 6 məşqçi akademiyaya yeni gəliblər. Bu ildən U-19 komandamızı daha da peşəkar səviyyədə yanaşmanı artırmağı düşünürük. Məhəmməd Bədəlbəyli köməkçi məşqçi kimi gəldi, Səid Hacıyev GPS mütəxəssisidir. 

- U-19 çempionatında çempion olan komanda UEFA Gənclər Liqasına yollanır deyə, bu komandaya xüsusi diqqət ayırmısız?

Biz işimizi görməyə çalışırıq. Hər an Çempionlar Liqası da ola bilər deyə, hazır olmaq istəyirik. Bu vəsiqə olmasa da belə, bizim U-19 komandasına yanaşmamız əvəzedici heyətə olan yanaşmadan əskik olmayacaq. U-19 komandasına artıq peşəkar səviyyədə yanaşmağı düşünürük. Dünya futbolunda artıq 17-18 yaşında Avropa və dünya çempionları var. Biz futbolçulara peşəkar yanaşmada gecikirik. Bəzi futbolçuları da U-19 komandasına cəlb etmişik. Liqada da hədəflər daha da yüksəkdir. Böyük yaş qruplarında artıq nəticəni onlara aşılamağa başlamaq lazımdır. Hədəfimiz bu il U-19 komandamızın keyfiyyətini nisbətən artırmaqdır. Gələcəkdə fiziki məşqçi gətirmək də planımızda var. Hazırda öz akademiyamızda gənc, elə öz məşqçilərimizi də yetişdirmək planımızda var. Artıq püxtələşmiş mütəxəssis də olsa...Yerli və əcnəbi də ola bilər. Hazırda axtarışlar davam edir. Əgər belə mütəxəssis tapsaq, akademiyaya çox fayda verər.Çünki bu sarıdan da futbolçularda inkişaf üçün ehtiyac var.

- Adətən görmüşük ki, aşağı yaş qruplarından futbolçular A komandasına yüksəlir. Maraqlısı odur ki, “Qarabağ”da məşqçilərin də aşağı yaş qrupundan A komandasına yüksəlmək şansı olur. Bu yay aşağı yaş qruplarda işləmiş Hüseyn Seyidov artıq A komandasında Elxan Həsənovun köməkçisidir. Demək ki, məşqçilərin də əsas komandaya qədər yüksəlmək şansı var?

Bizdə yaxşı məşqçilər formalaşır. Gələcəkdə ölkə futboluna qazandıra biləcəyimiz məşqçilərdir. Hər birinin potensialına inanırıq. Xüsusilə də, vaxtı ilə millidə oynamış futbolçuları cəlb etdikdən sonra akademiyada canlanma var, həvəs artıb. Hər bir məşqçi özünü inkişaf etdirməyə çalışır. Hüseyn də istedadı olan məşqçilərimizdəndir. Belə təklif oldu, o da əsas komandaya getdi. Biz də onu təbrik edirik. Həqiqətən də bacarığı var. Akademiyamızda Hüseyn kimi bacarıqlı məşqçilərimiz az deyil. 

- “Qarabağ” hər zaman əsas komandada öz yetirməsi olmadığına və akademiyasının istənilən səviyyədə olmamasına görə görə tez-tez tənqidlərə məruz qalırdı. Sanki klub rəhbərliyi məhz bu mövzulardan sonra futbol akademiyasına son bir ildə daha ciddi yanaşmağa başladı. Elə akademiyanın rəhbər vəzifəsinə sizi dəvət edərək işə ciddi yanaşdığını göstərmiş oldu...

Hazırda nəyin nədən sonra olduğu haqda mənim fikir bildirməyim düzgün deyil. Amma mənim klub rəhbərliyi ilə söhbətimdə akademiyada daha yaxşı səviyyəyə gəlmək üçün nələrə ehtiyac olması haqda çox müzakirələr gedir. Təbii ki, bugünkü duruma görə düşünüb, ağıllı addım atmaq daha yaxşı olar. Biz bunun hər detalını müzakirə edirik. Önəmli olan məsələ infrastrukturdur ki, bu haqda da hər dəfə müzakirə edirik. Ki, harda, necə, nə qədər müddətə başa gələ bilər, nə qədər sərmayə qoyulsa, daha yaxşı səviyyəyə gətirmək olar? Hazırda klub rəhbərliyinin diqqətini hiss edirik. Getdikcə də, akademiyada diqqəti artırmağa ehtiyac olacaq. Bu günə qədər turnirlərdə az iştirak edirdiksə, bu gün artıq sezonboyu 9 turnirə getmək, futbolçular üçün böyük təkandır. Bunu çempionatda da hiss edirik. Beynəlxalq turnirlərdən sonra komandalar çempionatda özlərini daha rahat hiss edir. Aşağı yaş qruplarından ibarət yığmalara dəvət olunanların da sayı artıb. Əvvəl çox az oyunçumuz cəlb olunurdu, artıq say daha çoxdur. Məqsədimiz bu futbolçular nəinki, “Qarabağ”a, milliyə və hətta Premyer Liqamızın digər komandalarına çatdırmaqdır. Onların peşəkar səviyyədə böyüyüb, Premyer Liqada, Avropa səviyyəsində oynamasını istəyirik.

- Turnirlərdə iştirak maliyyə tələb edir. Bu sarıdan problem çəkirsiz, yoxsa necə?

Çalışırıq hər bir yaş qrupuna diqqət ayıraq ki, hamısı turnir ab-havasını hiss etsin. Ola bilər ki, hansısa yaş qrupumuzun üzərində daha çox dayanaq, onları 2 və ya 3 turnirə göndərək. Bu da hər yaş qrupunda istedadlı futbolçuların sayına təyin oluna bilər. Maddi baxımdan isə hər zaman təhlil aparırıq. Bu sahədə çox təcrübəli, ölkə futbolunda tanınmış mütəxəssis Nail Kərimovu kluba cəlb etdikdən sonra bizdə bu məsələlər daha da asanlaşıb. Çünki kifayət qədər geniş əlaqələri var. İnandırım sizi bizim getdiyimiz turnirlərə xərclənən sərmayə gözləniləndən daha aşağı məbləğə başa gəlir. Kimlərəsə say baxımından turnir çox gələ bilər, amma mahiyyətinə ümumi nəzər salanda, məbləğ o qədər də böyük deyil. Bundan sonra da hər bir təklif olunan, müraciət etdiyimiz turnirlərdə maddiyyatı önəmsəyirik və keyfiyyət müqayisəsi də aparırıq. Bu il daha səviyyəli, daha keyfiyyətli turnirlərə qoşulmağı düşünürük. Əgər bu günə qədər yaxın, qonşu ölkələrə üz tuturduqsa, artıq xəritəni daha genişləndirmək istəyirik. Sentyabrın ilk həftəsində İtaliyada, Neapolda çox yaxşı turnirə qatılacağıq. Artıq təşkilatı işlər gedir.

- Binədə “Qarabağ”ın futbol akademiya inşa edilməli idi. Həmin məsələnin axırı necə oldu? Nə vaxta qədər “Sərhədçi” İdman Kompleksində qalacaqsız, şərait sizi razı salır?

Binədəki yerlə bağlı geniş müzakirələr olub. Neçə ildir ki, müzakirələr gedir. Strateji olaraq, hələ tam qərar verilməyib ki, biz orada daha rahat akademiyaya sahib ola bilərik, ya yox. Bilmirəm, gələcəkdə axtarışlarda çox şey asılı olacaq. Futbolçular, məşqçilər, işçilər üçün akademiya daha uyğun yerdə olmalıdır. Lokasiya olaraq deyirəm, gediş-gəliş, hamısı önəmlidir. Akademiya üçün ən önəmli məsələ lokasiyadır. “Sərhədçi” İdman Kompleksinə gəldikdə, əlbəttə, akademiya üçün bir meydança kifayət etmir. Minimum 2 meydançaya ehtiyac var. Çünki bir meydança olanda, vaxt etibarı ilə sonuncu komandanın məşqi gecəyə gəlib çıxır. Amma iki meydança olanda, eyni saatda iki komandanın məşqi olur və futbolçuların vaxtında evə çatmaqları, qidalanmaqları və yatmaqları daha rahatdır. Hər halda, “Sərhədçi”nin meydançasının ot örtüyünü dəyişmişik, yenilənib. Meydanda bir olsa da, çalışırıq ki, proqram sıx olsa belə, ona uyğunlaşdıraq. 

- Neçə ildən sonra “Qarabağ”ın əsas komandasında akademiyadan yerli futbolçu görə bilərik? 

İnanın ki, ən çox istədiyim qısa müddətdə akademiyadan “Qarabağ”ın əsas komandasına futbolçu verməkdir. Buna start verməyimizi istəyirəm. Qurban Qurbanovla sıx əlaqədəyik. Bəzi futbolçuları əsas komandaya göndərmişik. Artıq bəzi pozitiv fikirlər oyanıb. Təkcə 19-20 yaşlı yox, hətta 15, 16, 17 yaşlı futbolçulardan da əsas komandaya göndərmişik. Təklif etmişdik ki, kim daha çox layiqdirsə, istedadlıdırsa, əsas komandada olsunlar. Bir ildən sonra necə olacaq, bilmirik. Hər halda, orada fərqli baxışla, üzərində daha erkən yaşlarından dayanıb, daha tez peşəkar futbola qədəm qoya bilər.

Mirbağırağa

Xəbər xətti