"Neftçi"nin futbolçusu: "Dinamo" müdafiə olunaraq hesabı saxlayacaq komanda deyil" - MÜSAHİBƏ

10:34 - 28 Avqust 2024

"Neftçi"nin futbolçusu Filip Ozobiç Xorvatiya mətbuatına müsahibə verib.

Sportal.az xəbər verir ki, “Sportske novosti”yə danışan Ozobiç Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Dinamo” görüşündən gözləntilərini bildirib.

"Bakıdakı cavab oyunu çox maraqlı ola bilərdi, amma 3:0 böyük üstünlükdür və mən “Dinamo”nun bu üstünlüyü əldən verəcəyinə inanmıram. “Dinamo”dan heç kim mənə zəng etməyib. Məncə, onların hamısı yerli iqlim şəraitini bilirlər və Fran Tudor onlara xəbərdarlıq edib(gülür). Rütubətin ən yüksək olduğu axşamlar xüsusilə çətindir. Bakı Xəzər dənizinin sahilində yerləşir və bunun böyük təsiri var. Gələndə bu iqlimə alışmağım bir az vaxt apardı. Halbuki mən kokos suyu içməmişəm, sadəcə çoxlu su içirəm. Bu atmosfer yorucudur, “Dinamo”nun bəzi oyunçularında ikinci hissədə problemlər yarana bilər. Çünki belə şəraitdə bütün oyunu oynamaq çətindir".

- Komandalar arasında ilk oyun haqda nə deyə bilərsiniz?

“Dinamo” dördüncü və beşinci qolları vura bilərdi. Yekun hesab 3:0 olsa da, asan qələbə olmadı. “Qarabağ”ın çoxlu yaxşı şansları oldu, ancaq qol vura bilmədi. Azərbaycan komandası ən azı bir saat keyfiyyətli futbol nümayiş etdirdi. Onların cinahları çox hücum etdi və müdafiədə çoxlu boşluq verildi. Bununla belə, “Dinamo”nun zəif nöqtələrinin olduğunu deməzdim.

- Siz kifayət qədər uzun müddətdir ki, “Qarabağ”da oynamısız. Onlar vəziyyəti dəyişə biləcəklərinə inanırlar?

Bu barədə heç kimdən soruşmamışam. Amma inanıram ki, ilk dəqiqələrdən maksimum güclə başlayacaqlar, mümkün qədər tez qol vurmaq istəyəcəklər. Şanslarına ümid edəcəklər. “Dinamo” başa düşməlidir ki, burada onlara asan oyun olmayacaq.

- Azarkeşlərin əhval-ruhiyyəsi necədir? Onlar səbir edəcəklər?

“Qarabağ” erkən qol vurmasa, azarkeşlər şikayətlənməyə başlamayacaq. Onlar matç boyu dəstək olacaqlar, stadion dolu olacaq. Atmosfer isti olacaq, amma Xorvatiyada azarkeşlər daha mütəşəkkildir. Yenə də atmosfer alovlu olacaq. Komandalar oynamaqdan həzz alacaqlar.

- “Dinamo” daha da müdafiəyə qapanıb üstünlüyünü qorumalı, yoxsa ilk oyundakı kimi oynamalıdır?

“Dinamo” müdafiə olunaraq hesabı saxlayacaq komanda deyil. Onun keyfiyyətli oyunçuları var və həmişə hücum etmək istəyir. Onların oyun üslubunu dəyişəcəyini düşünmürəm. Digər tərəfdən, Sergey Yakiroviç oyunun sxemini dəyişə bilər, hansı variantın daha yaxşı olduğunu bilir. Amma “Dinamo” 3-5-2 sxemindən istifadə etsə belə, bu, müdafiə üslubu deyil.

- PAOK-un ilk hissədə “Dinamo”ya 3 qol vurduğu matçı və rəqibini saxlamaq lazım olduğu anlarda zaqreblilərin “yatmasını” xatırlasaq, müdafiədə daha yaxşı təşkilatlanmalı deyilmi?

O zaman komandanın baş məşqçisi uzun müddət deyildi ki, işləyirdi. İndi “Dinamo” daha yaxşı görünür, amma “Qarabağ” da təhlükəlidir. “Dinamo” müdafiəyə vaxt ayırmalıdır. Ən yaxşısını onların məşqçisi bilir.

- "Qarabağ" fasilədən sonra tez-tez qol vurmağı bacarır. Ancaq "Dinamo" bunun öhdəsindən yaxşı gəldi...

“Qarabağ” “Maksimir”də çox yaxşı şanslar yaratdı. Düşünürəm ki, Qurban Qurbanov heç nəyi dəyişməyəcək. Hər şey əvvəlki kimi olacaq,  Zaqrebdəki kimi. Onun öz üslubu var və ona sadiq qalır.

- “Qarabağ”ın ən yaxşı futbolçuları kimlərdir?

Marko Vesoviç və Marko Yankoviç ilk oyunu buraxdılar, onlar hücumda güclüdürlər. Juninyo isə "Dinamo" üçün ən böyük təhlükədir. “Dinamo”nu təhlükədən xilas edən Nevistici tərifləməyə dəyər.

- Yankoviç və Vesoviç cavab oyununda sağalacaq?

Onların oynayıb-oynamayacağını bilmirəm. Amma onların hazır olacağını düşünmürəm.

- “Qarabağ”ın ən güclü tərəfi hücum, ən zəif tərəfi isə müdafiədir. Bakıdakı cavab oyunundan nə gözləyirsiniz?

Təbii ki, yaxşı matç olacaq, çoxlu şanslar gözləyirəm, amma 3:0 “Dinamo” üçün böyük üstünlükdür. Üstəlik, Xorvatiya çempionunun Petkoviç, Baturina, Kulenoviç kimi təhlükəli oyunçuları var ki, onlar indi yaxşı seriya əldə ediblər. Bu yaxşı nəticədir və "Dinamo" Çempionlar Liqasının əsas mərhələsinə düşməlidir.

- “Dinamo” azarkeşlərini Bakıda nə gözləyir?

Bura kimin gəlməsindən asılı olmayaraq, heç bir narahatçılıq olmayacaq. Hər kəs özünü əla hiss edəcək. Gəzməyi sevənlər üçün çox yaxşı restoranlar, klublar və kafelər var.

Xəbər xətti