Azərbaycanın U-15, U-16 və U-19 yığmalarında baş məşqçi kimi çalışmış Miloş Velebit Sportal.az saytına müsahibə verib.
- Son dəfə BƏƏ-də çalışırdınız, amma artıq Serbiyaya qayıtmısınız və "Yedinstvo UB" klubunda işləyirsiniz. Maraqlıdır ki, komandanın baş məşqçisi də vaxtı ilə Azərbaycanda oynamış Uroş Matiçdir. Matiçin baş məşqçi postuna gətirilməsində sizin fikriniz var idi?
- Bəli, "Əl-Vahda" ilə müqaviləm başa çatdı. Uğurlu mövsüm keçirdik, liqa kubokunu qazandıq və ölkə çempionatında 4-cü yerə yüksəldik. Mən Serbiyada olanda həmişə UEFA-nın məşqçilər lisenziyası məktəbində müəllim kimi işləyirəm, yaxşı formada qalmaq, öz üzərimdə işləmək və yeni serb məşqçilər nəsilləri yetişdirmək üçün çalışıram. "Yedinstvo"dan çoxdan təklif almışdım. Sadəcə BƏƏ klubunda da dəvət gəldiyi üçün indiki klubuma qatıla bilməmişdim. Bu dəfə onların təklifini qəbul etdim. Mənim rolum klubda əsas komandadan tutmuş akademiyaya qədər bütün futbol komandalarının rəhbəri olmaq, məşq tərzini və metodologiyasını qurmaq, klubun bütün məqsədlərinə çatmasına kömək etməkdir. Mövsümün ortasında məşqçimizi dəyişdik və məntiqi seçim kimi Uroş Matiçi yeni baş məşqçi seçdik. O, bu komandada çıxış edib, ötən mövsümdə kapitan və lider olub. UEFA məktəbində məşqçilik təhsili alıb.
- Uroş Matiç "Qarabağ"da nə pis, nə də yaxşı futbol oynadı. Ümumiyyətlə, Matiçin "Qarabağ"dakı performansını xatırlayırsan? Onunla münasibətiniz o vaxtdan bu yana var idi?
- Əlbəttə ki, xatırlayıram. Birlikdə çox vaxt keçirmişdik, orada futbol və məşqçi işi haqqında çox danışırdıq. Mən Matiçin məşqçiliyi oxumağı seçməsi və məşqçi olmasının "günahkar"ıyam. "Qarabağ"da oynadığı vaxtlardan bu yana bir gün baş məşqçi olmaq üçün özünü hazırlayırdı. Baş məşqçi olmaq onun arzusu idi. Mən UEFA məktəbində onun müəllimi olmuşam və indi işlərini müşahidə edirəm, məsləhətlər verirəm.
- Azərbaycanda məşqçi kimi çalışmağınız sizə sonrakı karyeranızda müsbət təsir edib?
- Düzünü desəm, Azərbaycandan yaxşı təcrübəm oldu. Ondan sonra Tayland, BƏƏ-də çalışmışam, hazırda da Serbiyada işləyirəm. Hər gün öz üzərində işləyirsən və hər təcrübədən şübhəsiz ki, işində daha yaxşı olursan.
- Azərbaycan çempionatında legioner limitinin ləğv olunacağı gözlənilir. 2025/2026 mövsümündən Azərbaycan Premyer Liqasında legioner limiti olmaya bilər. Bu haqda fikrin necədir? Səncə, bu qərar azərbaycanlı futbolçulara necə təsir edəcək? Səncə, çox pis qərardır?
- AFFA-da işləyəndə komandalarda daha az legionerlərin olması üçün mübarizə aparırdım. Arzum və ideya isə azərbaycanlı futbolçuların komandalarda daha çox olmasından yana idi. Fikrim isə daha çox azərbaycanlı oyunçu yetişdirmək idi. Digər tərəfdən, klubları başa düşürəm, onların baxışı fərqlidir. Daha rəqabətli olmağa və Avropa üçün daha keyfiyyətli komandalara sahib çıxmağa çalışırlar.
- Uzun illər Azərbaycanda işləmişdiniz. Sizcə, nəyə görə bütün ölkələrdə futbol, futbolçular, milli komandalar inkişaf edir, amma Azərbaycanda heç bir inkişaf yoxdur?
- Bu barədə dəfələrlə demişəm. Bütün klublar, AFFA eyni yolda olmalıdır. Həmçinin uzunmüddətli, növbəti 5-10 il üçün unikal strategiyaya ehtiyacınız var və ən əsası bu strategiyadan yarı yolda buraxmaq olmaz. Belə bir şeyin olması üçün böyük arzu var, amma bu strategiyaya qarşı müqavimət kifayət qədər güclü deyil.
- Legioner limiti ləğv edildikdən sonra azərbaycanlı futbolçular ölkə xaricinə yollanmalıdır. Səncə, azərbaycanlı futbolçuları hansı ölkə klubları istəyə bilər? Məsələn, azərbaycanlı futbolçular Serbiya Superliqasında oynaya bilər Məsələn, "Yedintsvo Ub" hansısa azərbaycanlı futbolçunu transfer etmək istəyər?
- Bu, yaxşı sualdır. Azərbaycan oyunçularına beynəlxalq təcrübə lazımdır və bunun üçün də yaxşı strategiya olmalıdır. Fikrimcə, Azərbaycan liqasında Serbiyanın superliqasında oynaya biləcək futbolçular var. Bəlkə də ilk “üçlük”də yox, digərlərində niyə olmasın? Fikrimcə, Azərbaycandan “Yedinstvo UB”a qoşula biləcək bir neçə gənc oyunçu var. Xüsusən də klub olaraq layihəmiz gənc oyunçuları inkişaf etdirmək və onları daha böyük klublara hazırlamaqdır.
Mirbağırağa
saytlarin hazirlanmasi