"Mateuş Koxalskinin “Qarabağ”a keçidi mənim üçün sürpriz idi" - MÜSAHİBƏ

16:22 - 9 Mart 2025

Azərbaycanda fərqli klublarda oynamış Pavel Kapsa Sportal.az saytına müsahibə verib. Hazırda Polşanın "OKS Opatov" klubunda qapıçı məşqçisi çalışan Kapsa "Qarabağ"ın qolkiperi Mateuş Koxalski və "Radomyak"da oynayan Azərbaycan millisinin üzvləri barədə danışıb. “Simurq”, “Xəzər Lənkəran”la yanaşı Polşanın U-21 yığmasının sabiq üzvü Renat Dadaşov və Rahil Məmmədov haqda fikirlərini açıqlayıb.

- Hazırda Azərbaycan Premyer Liqasında yeganə həmyerlin Mateuş Koxalskidir. Onun haqda hansı fikirdəsən?

- Koxalski həqiqətən də çox yaxşı qapıçıdır. Məncə, onun Avropada top-5 liqada oynamaq şansına sahibdir. “Qarabağ” onun üçün yaxşı tramplindir. O, özünü bu klubda yaxşı tərəfdən göstərərək, dahada güclü klublara keçə bilər. Təbii ki, hər şey özündən asılıdır.

- Yeri gəlmişkən, Koxalski ötən mövsüm "Stal"ın heyətində Polşa liqasının ən yaxşı qapıçısı seçilib. Onun "Qarabağ"a keçidi sənin üçün sürpriz idi? Hər halda, Polşada ən yaxşı seçilən qapıçı Avropa klubarından birinə də keçə bilərdi...

- Düzünü desəm, Koxalskinin “Qarabağ”a keçidi mənim üçün sürpriz idi. Amma “Qarabağ”a keçməyin özü də yaxşı qərar idi. Çünki bu klub daimi olaraq avrokuboklarda mübarizə aparır. Koxalski üçün də yaxşı məqamdır. Üstəlik, onun komandası ölkə çempionatında dominantlıq edir.

- Koxalskinin "Qarabağ"dakı uğurlu performansı onu Polşa millisinə qədər apara bilər?

- Polşada yaxşı qapıçıların sayı çoxdur. Məncə, millinin baş məşqçisi seçimini daha çox top-5 liqalarda oynayan oyunçulardan ötrü verəcək. Koxalski üçün “Qarabağ”dan Polşa millisinə düşmək asan olmayacaq. Amma mümkünsüz də bir şey yoxdur. Hər şey ola bilər.

- "Radomyak"da Rahil Məmmədovdan sonra Azərbaycan millisinin daha bir üzvü çıxış etməyə başlayıb. Renat Dadaşov artıq komandada iki qol da vurub. Həm Rahil, həm də Renatla bağlı nə düşünürsən?

- Bəli, azərbaycanlı oyunçular Polşada yaxşı təəssürat yaradıb. Fikrimcə, buna görə də gələcəkdə Polşa yüksək liqasında azərbaycanlı oyunçuları sayı çoxalacaq.

- Yeni sezon Azərbaycan Premyer Liqasında legioner limiti ləğv ediləcək və azərbaycanlı futbolçuların oynamaq şansı azalacaq. Səncə, Polşa klubları azərbaycanlı futbolçulara maraq göstərə bilər?

- Təbii ki, maraqlı olacaq. Dediyim kimi, Polşa klubları daha çox diqqət edə bilər. Amma həqiqətən yaxşı oyunçulardırsa, elədir. Çünki bizim liqada Avropa vətəndaşlığı olmayan yalnız 2 oyunçu oynaya bilir, limitimiz var. Klublar buna uyğun oyunçu gətirir.

Mirbağırağa
 

Xəbər xətti