Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin Norveçin “Molde” klubuna keçməyə yaxın olduğuna dair məlumatlar yayılıb.
Sportal.az xəbər verir ki, Qol.az bununla əlaqədar ən son xəbərləri əldə edib. Bir müddət əvvəl “Molde”dən həqiqətən də “Qarabağ”a 20 yaşlı futbolçu ilə bağlı rəsmi müraciət olub. Norveç təmsilçisi Ağdam klubuna Nərimanın bütün transfer hüquqlarına sahib olmaq üçün 300-350 min avro təklif edib. Lakin məbləğ “Qarabağ”ı qane etmədiyindən təklifə "yox" cavabı verilib. Bu isə transferə əngəl olub.
Bundan sonra da tərəflər arasında danışıqlar olsa da, maddi məsələdə ortaq məxrəcə gəlinməyib. Bu dəfə isə Norveç tərəfi "Qarabağ"ın maddi tələbini qəbul etməyib. Odur ki, Nərimanın “Molde”yə transferi ən azı yaxın aylar üçün baş tutmayacaq. Bunun digər bir səbəbi də vaxtın azlığıdır. Məsələ burasındadır ki, bu gün Norveçdə transfer pəncərəsi bağlanır və Ağdam klubu bu qısa müddətdə maddi məsələlərdə razılığa gəlinəcəyini real saymır.
Qeyd edək ki, Norveçdə yeni mövsümə martın 29-da start veriləcək.
Əlavə edək ki, “Molde”nin N.Axundzadə ilə maraqlanmasına dair ilk xəbəri football.az saytı yayıb.
saytlarin hazirlanmasi