Digər klubların "yem" kimi baxdığı "İmişli" və "Karvan-Yevlax" - Premyer Liqanı ciddiyə almayan debütantlar

21:10 - 8 Avqust 2025

Premyer Liqanın başlamasına bir həftə qalıb. Demək olar ki, bütün klublar tədarükünü görüb, mövsümün startını gözləyir. İki klubdan başqa - "İmişli" və "Karvan-Yevlax". 

"Karvan-Yevlax" son yoxlama oyununda I Liqa klubu "Mingəçevir"ə uduzub. "İmişli" isə "Sumqayıt"ın əvəzediciləri ilə bərabərə qalıb. Belə oyunlarda nəticə önəmli deyil. Amma hazırlığın son mərhələsində olan komandalar bu ərəfədə bacarıqlarını ortaya qoymalı idilər. Di gəl ki, Premyer Liqada oynamalı olan iki klubdan biri I Liqa klubuna uduzur, o biri əvəzedici komandayla heç-heçə edir. 

Kənardan görünən budur ki, iki debütant klub hələ də Premyer Liqanı ciddiyə almırlar. Elə fikirləşirlər ki, 5-10 legioner gətirməklə "Qarabağ", "Sabah" "Zirə" və digər Premyer Liqa klublarıyla mübarizə apara biləcəklər. Amma bir məsələni nəzərdən qaçırırlar ki, hətta bu iki klubla birlikdə aşağı liqadan gələn "Qəbələ"nin işçi heyətinin də, baş məşqçisinin nəhəng Premyer Liqa təcrübəsi var. Yəni, "Qəbələ", "Şamaxı", "Sumqayıt", "Kəpəz"in elitaya uyğun mental hazırlığı var, "İmişli" ilə "Yevlax-Karvan"ın isə yox!

Qeyd edək ki, "İmişli" ilk turda "Turan Tovuz"la, "Karvan-Yevlax" isə "Qəbələ" ilə qarşılaşacaq. Ev sahibi olan hər iki debütant oyunlarını başqa şəhərlərdə keçirəcək. 

Həmid

Xəbər xətti