Karyerasını Xorvatiyanın “Varajdin” klubunda davam etdirən Rüfət Abdullazadə Sportal.az saytına müsahibə verib.
- “Dinamo"(Zaqreb) ilə matçda komandanız 2:2 hesablı heç-heçə etdi. Yəqin ki, bunu normal nəticə hesab edirsiz, yoxsa yalnız qələbə istəyirdiz?
- Təbii ki, “Dinamo” kimi rəqiblə oyundan bir xal götürmək pis nəticə sayılmır. Qələbə qazanmağa da çox yaxın idik. Bunu çox istəyirdik. Üç xal qazanmaq niyyətimiz var idi. Ancaq son dəqiqə qolundan sonra görüşdən bir xal götürdük.
- Bu matçdakı performansın olduqca yaxşı alındı. Hətta bir assist də etdin. Ümumiyyətlə, meydana daxil olanda düşündüklərini az da olsa, reallaşdıra bildin?
- Mən hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Meydana da daxil olanda komandaya faydalı olmağı düşünürdüm. Həmişə bunun üçün də çalışıram.
- Necə düşünürsən, "Varajdin"də yavaş-yavaş özünü sübut edərək, əsas heyətdə özünə daimi yer edə biləcəksən? Yoxsa, düşünürsən ki, rəqabət çox yüksəkdir və hələ bunu etmək çətindir?
- Bizim yaxşı komandamız var. Kollektivdə rəqabət də güclüdür. Bu isə məni daha da motivasiya edir. Özümü hər məşqdə, oyunlarda sübut etməyə çalışıram.
- “Varajdin”in bu mövsüm liqada əsas hədəfi nədən ibarətdir?
- “Varajdin”in əsas hədəfi liqada yaxşı yerlərdən birini tutmaq və mümkün qədər yuxarı yerlər uğrunda mübarizə aparmaqdır. Biz hər görüşə maksimum nəticə üçün çıxırıq.
- Xorvatiyadakı yaşayışın necə gedir, ora öyrəşmisən?
- Xorvatiyadakı həyatım yaxşı gedir. Artıq çox şeyə öyrəşmişəm. Mənim üçün ciddi maneə yoxdur. Əsas diqqətimi futbola yönəltmişəm.
- Xorvatiya liqasının səviyyəsi haqda fikrin necədir? Azərbaycan Premyer Liqasından çox fərqlənir?
- Təbii ki, arada fərq var. Azarkeşlər sarıdan da belədir. Hər oyunda stadionlarda kifayət qədər azarkeş olur. “Dinamo”, “Hayduk” və “Riyeka” ilə matçlarda isə stadion demək olar ki, tam dolur. Bu da futbolçular üçün əlavə motivasiyadır. Xorvatiya liqasında hər oyunda temp yüksək olur, fiziki mübarizələr də güclüdür, çoxdur.
- “Qəbələ"nin yeni transferi Xayme Sierra saytımıza açıqlamasında bildirmişdi ki, "Varajdin"ə tam öyrəşmədiyi üçün oradan ayrılıb. Sierra da səninlə birlikdə mövsümə “Varajdin”də başlamışdı. Heç onunla danışığınız oldu?
- Bəli, Xayme ilə söhbətlərimiz oldu. O, çox yaxşı futbolçudur. Amma bəli, bəzən tam uyğunlaşmaq çətin olur. Bu da futbolda normal haldır.
- Milli komandalara görə verilən fasilə zamanı Xorvatiyada qalmağa üstünlük verdin?
- Bəli, fasilə dövründə “Varajdin”də qalacam. Komanda ilə məşqlərə davam edib, daha yaxşı uyğunlaşmaq istəyirəm. İnanıram ki, hər şey yaxşı alınacaq. Mən də komanda üçün ən yaxşısını edəcəm.
Mirbağırağa
saytlarin hazirlanmasi