18 oktyabr — Müstəqilliyin Bərpası Günü münasibətilə “Kəpəz” Peşəkar Futbol Klubunun üzvləri Gəncə Memorial Kompleksini ziyarət ediblər.
Sportal.az xəbər verir ki, əvvəlcə 44 günlük Vətən müharibəsi zamanı erməni terrorunun qurbanı olan həmvətənlərimizin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
Daha sonra klub üzvlərinə kompleksin tarixi və müxtəlif dövrlərdə dinc sakinlərə qarşı törədilmiş terror hadisələri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, 18 oktyabr Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Sovetində “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilərək ölkəmizin müstəqilliyi bərpa olunub. Daha sonra dövlət atributlarımız – bayraq, himn və gerb təsdiqlənib.
2021-ci ildə Milli Məclisin qərarı ilə bu tarixi günün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
saytlarin hazirlanmasi