Əcnəbi hücumçu Premyer Liqamızı tərk edib, ölkəsinə qayıdır?

20:23 - 31 Dekabr 2025

Belarus mətbuatı ölkə xaricində çıxış edən legionerləri barədə araşdırma aparıb.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqada çıxış edən iki belaruslunun oyununa da qiymət verilib.

Bunlar “Zirə”nin hücumçusu Yeqor Boqomolski və “İmişli”nin qapıçısı Andrey Sinenkadır.

Mövsümün əvvəlində “Neftçi”dən “Zirə”yə keçən Boqomolski qəsəbə təmsilçisində də ümidləri doğrulda bilməyib.

Cari mövsüm aktivinə cəmi 1 qol yazdıran 25 yaşlı forvardın hətta qış fasiləsində ölkəsinə qayıtmaq ehtimalının yüksək olduğu vurğulanıb.

Sinenka isə əsas heyətin əvəzedilməz simasına çevrilib. 16 oyunda 19 qol buraxan qolkiper 7 matçda qapısının toxunulmazlığını qorumağı bacarıb.

Debütantın çempionatdakı nəticəsi ürəkaçan sayılmasa da, Sinenkanın performansının müsbət mənada diqqətçəkən olduğu yazılıb.

Andrey cari mövsümün sonuna, Yeqor isə 2027-ci ilin yayına qədər müqavilə ilə klubuna məxsusdur.

Xəbər xətti