FIFA və Dubay İdman Şurası hər il ən yaxşı futbolçulara təqdim olunacaq yeni mükafatların verilməsi üçün tərəfdaşlıq haqqında razılaşma imzalayıblar.
Sportal.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
2026-cı ildən etibarən bu tədbir FIFA-nın yeganə rəsmi illik mükafatlandırma mərasimi olacaq və ötən təqvim ili ərzində ən yaxşı oyunçuları, komandaları və nailiyyətləri qeyd etmək məqsədilə dünyanın hər yerindən futbolun ən nüfuzlu simalarını bir araya gətirəcək.
FİFA prezidenti Canni İnfantino bununla bağlı qurumun rəsmi saytına fikirlərini bildirib:
“Biz futbolu sevən və onunla yaşayan Dubay şəhəri ilə bu dünya səviyyəli tədbiri inkişaf etdirmək üçün qüvvələrimizi birləşdirməkdən məmnunuq. Bu qlobal futbol mükafatları sadəcə bir mükafatlandırma mərasimi olmayacaq, həm meydanda, həm də meydandan kənarda ilin ən yaxşı oyunçularını şərəfləndirmək üçün futbolu qeyd etməyin innovativ bir yolu olacaq”.
Mükafat kateqoriyaları, namizədlərin irəli sürülməsi və səsvermə sistemi, eləcə də tədbirin keçiriləcəyi tarixlərlə bağlı ətraflı məlumat daha sonra açıqlanacaq.
saytlarin hazirlanmasi
