Futzal üzrə Azərbaycan millisi Aktaudakı təlim-məşq toplanışı çərçivəsində bu gün Qazaxıstan yığması ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, komandamız səfərə 16 futzalçı ilə yollansa da, görüş FİFA-nın reytinq cədvəlinə salınacağına görə, protokola 14 nəfərin adı daxil edilmişdi.
Nəticədə Pünhan Qasımzadə və yüngül zədəsi olan Tofiq Mikayılov oyunu kənardan izlədi. Rəqib isə bir müddət əvvəl karyerasını başa vuran braziliyalı qapıçı İgitanı yenidən heyətə dəvət etmişdi. Edison da komandasına kömək edənlər sırasında idi. Matça rəng qatan məqamlardan biri də uzun müddət milli komandamıza başçılıq edən Alesio Da Silvanın bu dəfə rəqib məşqçisi kimi rəqib düşərgədə olması idi. Tbilisi toplanışı ilə müqayisədə Azərbaycan millisinin qapısını Cavad Məmmədov qoruyurdu. Oyuna gəldikdə, daha təcrübəli heyətə malik meydan sahibləri 14-cü dəqiqədə hesabı açdı. Cəmi 24 saniyə sonra komandamız ikinci dəfə meydanın mərkəzinə dəvət olundu. Ancaq 2 dəqiqə sonra Kazıxanovla fərqi minimuma endirdik. Fasiləyə qədər rəqib daha bir qol vurdu. İkinci hissədə ardıcıl qollar vuran Qazaxıstan yığması böyükhesablı qələbə qazandı. Bu komandalar arasında növbəti oyun aprelin 15-də, saat 17:00-da BS Arenada olacaq.
Qazaxıstan – Azərbaycan (3:1) 9:2
Qollar: Leo İgita, 13:20, Abdirassil Abdumanapulı, 13:44, Albert Akbalıkov, 15:55, Birjan Orazov, 23:10, 31:43, Erjan Karmenov, 29:02, Aqedil Madiyarov, 30:11, 36:52, Arnold Knaur, 32:37 // Novruz Kazıxanov, 15:41, Oqtay Rüstəmli 37:06
