"Qarabağ"ın da, ÇSKA-nın da tam gücü bilinmir, birinci oyunun nəticəsi çox vacibdir" - Şahin Diniyev

11:49 - 22 İyul 2026

"İndi heç nəyə proqnoz vermək olmur. Çətindir. Çünki hələ ki "Qarabağ"ın da, ÇSKA-nın da tam gücü bilinmir. Bəli, "Qarabağ"da dəyişikliklər olub. Addım-addım pik formaya çatmaq, futbolçuların adaptasiya olması üçün vaxt lazımdır. O vaxt da heç kimə verilmir. Ona görə hər həftə oyun olur. "Qarabağ"ın yaxşı heyəti var. ÇSKA və "Qarabağ"ın tam gücünün aydın görünməsi baxımından proqnoz vermək çətindir. Şanslar bərabərdir. Birinci oyunun nəticəsi hər iki komanda üçün çox vacib olacaq. Çünki birinci oyunun nəticəsindən sonra cavab görüşünün planlarını cızmaq çox asan olur. "Qarabağ"a uğurlar arzulayıram".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Ağdam təmsilçisinin Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA(Sofiya) klubuna qarşı keçiriləcək görüşdə şanslarını dəyərləndirib.

Diniyevin fikrincə, "Qarabağ"la yanaşı digər 3 klubumuz da bu mərhələni uğurlu şəkildə keçə biləcək:

"Bütün komandalarımızın bu mərhələni keçmək üçün şansı var. Birinci mərhələdə klublarımız gözəl nəticələr əldə etdilər. Mərhələ keçdilər, sadəcə bunu özünəinamlı şəkildə etdilər. Mövsümün əvvəli olsa da, klublarımız məhsuldar çıxış etdi, çoxlu qol vurdu. Rəqiblərin səviyyəsi hardasa aşağı ola bilərdi, amma klublarımız ciddi motivasiya oldular. Növbəti turdakı rəqiblər dişimizə görədir. "Qarabağ"ın bəxtinə çıxan ÇSKA-nın güclü olduğunu düşünürəm. "KuPS" və "Paide" klublarımıza problem yaratmayacaq. Təbii ki, klublarımız ilk turdakı kimi işinə ciddi yanaşsa, problem olmayacaq".

Mirbağırağa
 

Xəbər xətti