AFFA-dan "Village Brazil -2014" layihəsi

00:52 - 13 İyun 2014

DÇ-2014 həyəcanı Bakıda
 
Futbol üzrə dünya çempionatı başlayır. 1 ay bütün dünyanın futbol azarkeşlərinin ürəyi Braziliyada vuracaq.
 
Sportal.az xəbər verir ki, bununla əlaqədar "Sea Breeze Otel"də A+A şirkətinin "Village Brazil-2014" layihəsi start götürür.

AFFA-nın da dəstək verdiyi bu layihə çərçivəsində otelin müvafiq ərazisində mini futbol və çimərlik futbolu üçün meydança quraşdırılacaq (süni ot örtüyü, qapılar, 100 ədəd top AFFA tərəfindən təmin olunacaq). Bu meydançalarda tədbirdə iştirak edən şəxslər arasında kiçik turnirlərin təşkili nəzərdə tutulub. Bundan əlavə, şənbə və bazar günləri saat 17:00-dan 18:00-dək mini-meydançada AFFA-nın təyin etdiyi məşqçi Aqil Korçiyev tərəfindən arzulayanlar üçün xüsusi təlimlər keçiriləcək.

Səhərlər ofisdə, küçədə - hər yerdə qızarmış gözlər, yuxulu simalar görmək adi hala çevriləcək. “Futbol azarkeşi deyiləm, mənə nə!” deyib, yaxanızı kənara çəkmək istəsəniz də, heç nə alınmayacaq! Qonşudan, həyətdən gecə gələn səslər,“Qooool!” qışqırıqları, ətrafdakı aramsız müzakirələr sizdən yan ötməyəcək.

Ona görə də futbol azarkeşiyəm və ya azarkeş deyiləm deməyin. Sabahdan Sea Breeze ərazisində açılacaq Village Brasil-də 4 ildən bir qismət olan dünya çempionatı həyəcanını yaşayın! İyulun 13-dək gün boyu açıq olan Village-də gecələr futbol oyunlarını izləyə, gündüzlər isə çimərlikdə dincələ, müxtəlif aktiv oyunlara qoşula və ya sadəcə, musiqi dinləyə bilərsiniz. Musiqi proqramında kimlərin adı yoxdur ki?! Bu həftə Aleks Kuba Village Brasil-də oxumaq üçün Bakıya gəlir! O Aleks Kuba ki, 2010-cu ildə ən yaxşı yeni sənətçi nominasiyasında Latın Grammy-si alıb. Amma həftənin latınamerikalı müğənnisi tək Kuba olmayacaq! Daha bir kubalı Mayito Rivera da latın musiqisinin ritmlərini Village-ə gətirəcək.Azərbaycanın gənc müğənni və DJ-ləri səhnəni xaricilərə tək buraxmayacaqlar. Eurovision-da ilk təmsilçilərimizdən olan Elnur Hüseynov, Beatheaven, DJ-lər Kaveh Babai, Seym, Kamran Qaralov, Razy Freeman və daha kimlər…
Futbol, gənclik, dinamika, əyləncə və təbii ki, dad da olacaq.Braziliyanın milli mətbəxindən feijoada yeməyinin dadına baxa bilərsiniz.

“Village Brasil” Sea Breeze ərazisində salınacaq və tamamilə Braziliya ruhunda dizayn ediləcək. Şəhərciyə giriş və xidmətlərdən istifadə 6 yaşa kimi uşaqlar üçün pulsuz, 6-12 yaşlılar üçün 10 AZN, 12 yaşdan yuxarı qonaqlar üçün isə 20 AZN-dir. Village Brasil-ə Bakının mərkəzindən gündə bir neçə dəfə ödənişsiz avtobuslar işləyəcək.

"Village Brazil-2014" layihəsi iyulun 13-də yekunlaşacaq.

Xəbər xətti