“Real"ın müdafiəçisi Eder Militao qarət hadisəsinin qurbanı olub.
Sportal.az xəbər verir ki, hadisə ötən bazar günü axşam saatlarında, Madrid klubunun La Liqanın 10-cu turunda “Barselona”ya qarşı keçirdiyi oyun (2:1) zamanı baş verib. Cinayətkarlar futbolçunun La Moraleha adlı elit yaşayış ərazisində yerləşən qapalı yaşayış kompleksindəki evinə üçüncü mərtəbədəki hamam otağının pəncərəsindən daxil olublar. Onlar qiymətli zinət əşyalarını və saatları oğurlayıblar.
Qarət zamanı Militaonun bir neçə qohumu evin birinci mərtəbəsində televizordan "El Klasiko"nu izləyirmiş. Yerli vaxtla təxminən saat 21:50-də yaşayış kompleksinin mühafizəçiləri ilə birlikdə bir neçə polis əməkdaşı qapını döyüb. Onlar sakinlərdən əllərində çamadana bənzər bağlamalar daşıyan şəxsləri görüb-görmədiklərini soruşublar.
Təəccüblənən qohumlar heç kimi görmədiklərini bildiriblər. Bundan sonra polis əməkdaşları evə baxış keçirmək üçün icazə istəyiblər. İkinci mərtəbədə Militaonun otağında işığın yandığını, əşyaların isə döşəməyə və çarpayının üzərinə dağıdıldığını aşkar ediblər.
Hadisə zamanı evin siqnalizasiya sistemi aktiv olmayıb. Belə ki, ev sakinləri siqnalizasiyanı yalnız yatmazdan əvvəl işə salırmışlar. Oğrular müdafiəçinin otağındakı müşahidə kamerasını gördükdə onu yerindən qoparıblar. Bununla belə, onlar bir neçə saniyəlik kamera görüntülərinə düşüblər. İstintaqçılar həmin görüntüləri, eləcə də yaşayış kompleksinin ətrafındakı müşahidə kameralarının qeydlərini araşdırırlar.
Evə qayıdan Militao 53 min avro dəyərində “Rolex” və 170 min avro dəyərində “Richard Mille” saatlarının oğurlandığını müəyyən edib.
Bundan əlavə, təxminən 15 min avro dəyərində “Chanel” çantaları, 25 min avro dəyərində “Cartier” üzük və bilərzikləri, həmçinin ümumi dəyərinin 15 min avronu keçdiyi ehtimal edilən digər zinət əşyaları, bilərziklər və çamadanlar oğurlanıb. Qarət nəticəsində dəymiş ümumi zərər 350 min avro qiymətləndirilir.
saytlarin hazirlanmasi
