"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl komandanın "Atletiko" ilə oyun üçün Madridə səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Bakıda “Atletiko” ilə heç-heçə edə bildik. Cavab oyunundan nə gözləyirsiz?
- Bizim üçün tarixi oyun olacaq. Təbii ki, nəticə də bizim üçün çox önəmlidi. Madridə oynamağa, əlimizdən gələni etməyə gedirik. İnşallah, xalla dönmək istəyirik. Arzumuz budu. Bakıda ilk dəqiqələrdən göstərdiyimiz oyunu orda təkrarlaya bilsək, xalla dönmək mümkündü.
- Madrid klubunun rəsmiləri Bakıdakı nəticəni necə qarşıladı?
- “Atletiko”nun prezidenti Enrike Serezo oyundan sonra məni təbrik etdi, möhtəşəm oynadığımızı dedi. Əlbəttə, itkilərimiz, zədəlilərimiz var. Ancaq hesab edirəm ki, “Qarabağ” orda da gözəl oyunla başımızı uca edəcək.
- Qrupdakı ən ağır oyun saymaq olar?
- Çox ağır olacaq. Qarşıdakı rəqibə baxın. Bircə “Çelsi”yə məğlub olublar, özü də 94-cü dəqiqədə buraxılan qolla. Bakıdakı tempi qoruya bilsək, inşallah, xal qazanarıq. Məncə, Bakıdakı oyun onlar üçün şok idi. Təbii ki, burdakından nəticə çıxarıblar, bu oyuna yaxşı hazırlaşıblar. Amma biz də hazırlaşmışıq. Görək necə alınacaq...
- Hamımız bilirik ki, “Qarabağ” Azərbaycan futbolu üçün zirvədi. Adama elə gəlir ki, bundan o yana heç nə yoxdu. Amma futbol dayanmır, inkişaf edir. “Qarabağ”ın bundan sonrakı inkişafının yolunu nədə görürsüz?
- İnkişafı gənclərdə görürəm. O gün bir klub prezidenti ilə söhbət edirdik. Elə bu sualı bir-birimizə verdik. Yəni necə inkişaf edə bilərik? Həmkarım dedi və mən də bu fikirlə razıyam ki, artıq uşağı 5 yaşından götürmək lazımdı kluba. Xaricdən futbolçu gətirməklə də büdcəsi 1 milyardı aşan rəqiblərə qarşı durmaq çətindi. Gücümüz özümüzdədi. İndi “Qarabağ”da 9 yaşlı uşaqlar oynayır. Biz bu həddi 5-ə endirməliyik. Azərbaycanda futbol oynamaq nüfuz halına gəlməlidi. Futbol oynamaq istəyən yeniyetmələri ailələri dəstəkləməlidi. “Qarabağ” da bu məsələyə böyük ciddiliklə yanaşmalıdı.
- Klub olaraq gələn il də Çempionlar Liqasında oynamaq istəyirsizmi?
- Əlbəttə, bura gəlmişiksə, qayıtmaq istəmirik. Bu illər Qarabağımız üçün siyasi cəhətdən həssas dövrdü. Əlbəttə, “Qarabağ”ın oyun keyfiyyəti ildən-ilə artır. Bu artım davam etməlidi. Amma öz səviyyəmizdə. Bilirsiz ki, Çempionlar Liqasının reqlamentində dəyişiklik var. Qrupa düşməyi çox çətinləşdiriblər. Hələ də başa düşə bilmirəm ki, məqsədləri nədi... Bizim kimi klubları dəstəkləmək istəyirlərsə, yeni reqlament bizə kömək etmir. Artıq “Qarabağ”ı dünya tanıyır. Əlbəttə, “Çelsi”, “Roma”, “Atletiko” kimi klubların yanında büdcə baxımından kiçikdi. Amma özümüzə görə ad-sanımız var artıq.
- Klubun maliyyələşməsində hansısa problem yoxdu ki?
- Şükür, heç bir problem yoxdu. Mən sizə deyim də... Dünyadakı bütün neft ölkələrində olduğu kimi, Azərbaycan da böyük çətinliklərdən keçdi. Şükürlər olsun, ölkəmiz bu mərhələni adladı. “Azərsun” holdinqi də o cümlədən. Mən sizi tam əmin edirəm ki, maliyyə baxımından heç bir əskikliyimiz yoxdu. İndiki templə də davam edəcəyik.
- Yenə çempionluq uğrunda mübarizə aparırsız. Hansı klubları özünüzə əsas rəqib kimi görürsüz?
- Birinci “Qəbələ”ni deyərdim. Doğrudan da, möhtəşəm oynayırlar. Son uğurlarına görə bu komandanı təbrik edirəm. “Qarabağ”ın bu oyuna hazırlaşmasına da hansısa mənada yardım etdilər. Gördüm ki, arxayınlaşmaq olmaz. Son məğlubiyyət sanki “Qarabağ”a təkan oldu. Amma “Neftçi” də özünü doğrultmağa başlayıb. Çox güclü rəqib olmağa doğru gedir.
- Artıq ictimaiyyətdə belə fikir formalaşıb ki, Qurban Qurbanov yığmanın baş məşqçisi olmalıdı. Belə təklif olarsa, rəhbər kimi reaksiyanızı bilmək istərdik.
- AFFA-dan mənə rəsmi müraciət olmayıb. Bir şərtim var. “Qarabağ” Azərbaycanı sevən hər kəs üçün böyük dəyərdi. Bu kluba heç vaxt zərər dəyməməlidi. “Qarabağ”a zərər vurmayacaq, əksinə, yardım edəcək, onu gücləndirəcək hər təklifə müsbət baxıram. Ona görə də hesab edirəm ki, “Qarabağ”a ziyan vurmayacaq istənilən təklifə müsbət baxmaq olar. Amma hələlik belə bir variant müzakirə olunmur.
- Belə çıxır ki, Qurban bəyin “Qarabağ”da və yığmada paralel çalışmasına razısız?
- Yenə də deyirəm: mənə gələcək təklifin şərtlərindən asılıdı. “Qarabağ”a zərər verməmək şərti ilə... “Qarabağ” yığmaya kömək edə biləcəksə, milli komanda ilə işbirliyi şəraitində müsbət nəsə alınacaqsa, niyə də olmasın?! Məsələyə praktik cəhətdən yanaşmalıyıq. Milli komandanın, Azərbaycanın da adı önəmlidi. Bu məsələyə münasibətimiz müsbətdi. Bir şərtlə ki, “Qarabağ”a ziyanı dəyməsin, kömək olsun.