“Çelsi” ilə görüşdə azarkeş rekordunun yenilənəcəyinə ümid edirik”.
Sportal.az xəbər verir ki, bunu “Report”a “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının (ÇL) IV turunda Bakıda İngiltərənin “Çelsi” komandası ilə keçirəcəkləri oyun üçün azarkeş sayı haqda gözləntiləri barədə danışarkən deyib.
Klub rəsmisi bildirib ki, son məlumata əsasən, 30 min bilet satılıb. Onun sözlərinə görə, artıq qonaq komanda üçün ayrılan biletlərin hamısı alınıb: “Qonaqlara 3664 bilet ayırmışdıq. Onların hamısı satılıb. Öz azarkeşlərimizin də stadionu tam dolduracağına inanırıq. Satış qaydasında gedir”.
Ə.Çəlikəl bilet satışından qazanc gözləmədiklərini söyləyib. İcraçı direktor deyib ki, ÇL matçları zamanı ümumilikdə 4 minə yaxın personal xidmət göstərir və bilet satışından əldə olunan vəsait təşkilati xərclərin qarşılanmasına yönəlir: “Hələlik əvvəlki 2 görüş üçün bilet satışından nə qədər vəsait əldə olunduğunu bilmirik. Lakin elə də böyük qazanc gözləmirik. Çünki xərclərimiz də çoxdur”.
ÇL-də qrup mərhələsinin I turu çərçivəsində keçirilən “Qarabağ” – “Roma” matçı üçün bütün biletlər satılsa da, 68700 nəfərlik tutuma malik Bakı Olimpiya Stadionunda anşlaq olmayıb. Tamaşaçı sayı 67200 nəfər göstərilsə də, tribunada cəmi 57 min nəfərin yer aldığı müəyyənləşib. III turun "Qarabağ" - "Atletiko" oyununu isə 47923 azarkeş izləyib.
Qeyd edək ki, noyabrın 22-də keçiriləcək “Qarabağ” - “Çelsi” matçı saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi