Liqalarda yeni mövsüm start götürdü

10:09 - 28 Sentyabr 2018

Dünən U-16 Liqasında 2018/19-cu illər mövsümünə start verildi. 14 komandanın mübarizə apardığı birincilikdə U-15 millimizin də çıxışı gözlənilirdi. Hətta bir neçə gün əvvəl AFFA-nın rəsmi saytında çempionatın təqvimi yerləşdirilmiş və orada U-15 millimizin adı iştirakçılar arasında göstərilmişdi. Lakin az sonra təqvim saytdan yığışdırıldı. Eyni hal Gənclər Liqasında çıxış etməli olan U-16 millimizlə də bağlı oldu. Böyük ehtimalla U-15 və U-16 millilərimizin liqalarda çıxışı bu mövsüm baş tutmayacaq. Çempionata qayıdaq…

 

1-ci tur çərçivəsində baş tutan 7 oyunda cəmi birində rəqiblər meydanı 1 xalla tərk etdilər. Digər 6 oyunun 5-də tərəflərdən birinin böyük hesablı qələbəsi qeydə alındı. Bir qədər ətraflı.

 

«Zirə» - ROİL 11:0

 

Turun açılış oyunu Aviasiya Akademiyasının stadionunda baş tutdu. Ötən mövsüm medallar uğrunda mübarizə aparan «Zirə» liqalara yeni qatılmış ROİL-i qəbul etdi. Tanınmış məşqçi, bir çox futbolçunun yetişməsində böyük əməyi olmuş Rəhman Tağıyevin rəhbərlik etdiyi ROİL rəqibinə ikirəqəmli hesabla uduzdu. Hər halda,  bunu faciə kimi qəbul etmək lazım deyil. Futbolumuzun indiki ağır durumunda, hər il onlarla komandanın dağıldığı bir vaxtda yeni komanda yaratmağın, onu çempionata buraxmağın özü bir qəhrəmanlıqdır. Lisey şagirdlərindən qurulmuş ROİL indiyə kimi Bakı birinciliyində çıxış edib, müəyyən nəticələr qazanıb. Amma U-16 Liqası ilə Bakı birinciliyinin səviyyə fərqini nəzərə alsaq, ROİL-in «Zirə»yə məğlubiyyətini normal qarşılamaq lazımdır. Rəhman müəllim futbolu dərindən bilən azsaylı mütəxəssislərdəndir. Məhz buna görə onun qısa zamanda daha mübariz komanda formalaşdıra biləcəyinə ümid edə bilərik. 

 

Oyuna gəlincə, küləkli hava şəraitində keçən qarşılaşmada üstünlük tamamilə meydan sahiblərinin tərəfində idi. Buna baxmayaraq, hesab yalnız 30-cu dəqiqədə açıldı. Fərda Qurbanov çempionatın ilk qolunu vurdu. 6 dəqiqə sonra isə Mirzəbəy Şahbazov fərqləndi. İlk hissə 2:0 hesabı ilə başa çatdı. Fasilədən sonra Cəfər Hüseynovun yetirmələri ruhdan düşən və yorulan rəqibi daha 6 dəfə məyus etdilər. «Zirə»dən Məhəmməd Səfərov, Vüsal Əliyev, Peyman Səmədov 2 dəfə, Teymur Kərimovla Mirzəbəy isə 1 dəfə fərqləndilər. Daha bir qolu ROİL-in futbolçusu öz qapısından keçirdi. Təəssüf ki… Təəssüfləndiyimiz məqamla bağlı yazının sonunda geniş məlumat verəcəyik.

 

«Səbail» - «Sabah» 1:4

 

Bu oyun «Dalğa Arena»da keçirilməli idi. Müəyyən səbəblərdən qarşılaşma «Bayıl Arena»ya salındı. 
«Səbail» ötən mövsüm çempionata rəng qatan komandalardan idi. Xaqani Məmmədovun rəhbərliyi altında birinciliyin gedişində xeyli «artıran» komandaya indi Yaşa Abuzərov rəhbərlik edir. Yoxlama oyunlarında xoş təsir bağışlayan «Sabail» bu il medallar uğrunda mübarizə aparacaq gücdədir. «Sabah» isə güman ki, çempionluğa oynayacaq. Ötən mövsün «Vətən» adı altında çempion olan «Sabah» yarışın ən güclülərindən olmaqla yanaşı, həm də milliyə ən çox futbolçu verən komandalardandır.

 

İlk hissəsi bərabər mübarizə şəraitində keçən oyunda hesab 23-cü dəqiqədə açıldı. Kamil Musayev komandasının mövsümdə ilk qolunu vurdu. İlk hissədə başqa qol olmadı. Fasilədən sonra ərazi üstünlünü ələ keçirən qonaqlar meydan sahiblərini daha 3 dəfə məyus etdilər. 58 və 78-ci dəqiqələrdə Şahmar Aşurov, 71-ci dəqiqədə isə Kamil Musayev daha bir dəfə fərqləndi. «Səbail»in yeganə qolunu isə 68-ci dəqiqədə Arif Məmmədov vurdu. 

 

Oyundan sonra rəqibin heyətində özünü ən yaxşı göstərən futbolçuları müəyyənləşdirmək üçün komandaların baş fəşqçilərinin fikirlərini öyrəndik. Yaşar Abuzəriovun fikrincə, Şahin Kərimli «Sabah»ın, İlqar Mənsimova görə isə Arif Məmmədovla Həsən Rzazadə «Səbail»in ən yaxşı idi. 

 

«Keşlə» - «Viləş» 7:0

 

Daha bir darmadağın «ASK Arena»da qeydə alındı. Ötən ilin «bürünc komandası» Masallı təmsilçisini 7 cavabsız qolla məğlub etdi. Maraqlıdır ki, bu komandalar arasında cəmi 1 həftə əvvəl keçirilmiş yoxlama oyununda da böyük hesablı nəticə qeydə alınmışdı – 8:0.

 

Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunda hesab 18-ci dəqiqədə açıldı. Əbil Əbilovun zərbəsindən sonra qapı tirindən qayıdan topu Vaqif Həsənov başla qapıdan keçirdi. 6 dəqiqə sonra Əbildən ötürmə alan Seymur Məmmədov hesabı 2:0 etdi. 1-ci hissənin nəticəsini müəyyənləşdirən qol 44-cü dəqiqədə İsrail Əliyevdən gəldi. O, qapıçının qaytardığı topu çətinlik çəkmədən qapıdan keçirdi. Fasilədən sonra Xəyal Mustafayevin yetirmələri daha 4 qol vurdular. 54-cü dəqiqədə yenə də künc zərbəsindən sonra Əbildən ötürmə alan Vaqif dublunu rəsmiləşdirdi. 77-ci dəqiqədə sonradan oyuna qoşulan Asif Səfərov Məhəmməd Tağıyevin cinah asmasını başla qapıya göndərdi. Qalan 2 top matçın son dəqiqələrində gəldi. Əvvəl Seymurdan ötürmə alan Xəyal İbrahimov qol vurdu. Son saniyələrdə isə Xəyal özü assistent rolunu oynadı. O, Asifin qol vurmasına şərait yaratdı.


«Keşlə»nin baş məşqçisi Xəyal Mustafayev «Viləş»in heyətində ən yaxşı Samir Əliyevi, «Viləş»in baş məşqçisi Kənan Seyfullayev isə «Keşlə»nin heyətində ən yaxşı Vaqif Həsənovla Xəyal İbrahimovu seçdi.

 

«Qarabağ» - İsgəndər Cavadov BFA 4:0
 

Cütün aşkar favoriti «Qarabağ» idi və gözləndiyi kimi meydan sahibləri qalib gəldilər. Özü də böyük hesabla. «Qarabağ»dan Fidayə Əzizov 12, 33 və 80-ci dəqiqələrdə «het-trik» etməklə bombardirlər yarışında lider oldu. Dördüncü qol 33-cü dəqiqədə Orxan Əhmədovdan ötürmə alan Qadir Abdullayevdən gəldi. 
Asif Əlizadənin («Qarabağ») seçimi:  Əli Quliyev 
Qəhrəman Əliyev (İsgəndər Cavadov BFA): Fidayə Əzizov, Elnur Əliyev.

 

«Turan Tovuz» - «Neftçi» İK İB 1:2

 

Bu il yalnız U-16 Liqasına komanda buraxan Tovuz təmsilçisi güman ki, ötən il olduğu kimi cari mövsümdə də birinciliyin ortabablarından olacaq. «Neftçi» İK İB haqqında isə eyni sözləri demək olmaz. Ötən mövsünün sonlarına yaxın Ramin Babayevin gəlişi ilə daha yaxşı təsir bağışlayan «Neftçi» İK İB bu il çoxlarına başağrısı olacaq. Mövsümə çətin səfər qələbəsi ilə başlaması fikrimizə sübutdur

 

«Turan Tovuz» - «Neftçi» İK İB matçını şübhəsiz, turun ən maraqlı oyunu adlandırmaq lazımdır. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada hər 3 qol son 10-15 dəqiqədə vuruldu. Hesabı 70-ci dəqiqədə meydan sahibləri açdılar. «Neftçi» İK İB-nin stopperlərinin səhvindən istifadə edən Fariz Nəbiyev qapıçı ilə təkbətək qaldı və şansını boşa vermədi. Buraxılan qoldan sonra böyük qüvvə ilə irəli atılan qonaqlar hakimin matçın əsas vaxtına artırdığı 2-ci dəqiqədə Elşən Şirinovun ifasında bərabərlik qolunu vurdular. 5-ci artırma dəqiqəsində isə Aşqin Abəzərov komandasına 3 xal qazandıran qola imza atdı.

 

«Turan Tovuz»un baş məşqçisi Nizami Ocaqverdiyevlə əlaqə saxlamaq mümkün olmadı üçün rəqibin ən yaxşı futbolçusunu müəyyənləşdirməyi oyunu izləyən əməkdaşımızın öhdəsinə buraxdıq. Fikrimizcə, «Neftçi» İK İB-nin heyətində ən yaxşı Rahib Bəylərli idi. Qonaqların baş məşqçisi Ramin Babayevin isə fikrini öyrənə bildik. Ona görə «Turan Tovuz»un ən yaxşısı Rüfan Tomiyev oldu. 


«Qəbələ» - Gəncə TİM 3:0

 

Ötən ilki vitse-çempion ilə «Kəpəz»in əvəzləyin Gəncə TİM-nin oyunu da maraqlı mübarizə şəraitində keçdi. Matçın üstün tərəfi meydan sahibləri idilər və bu, nəticədə öz əksini tapdı. «Qəbələ» yeni baş məşqçisi Xaqani Məmmədovun rəhbərliyi altında ilk qələbəsini qazandı. Hesabı 7-ci dəqiqədə Gülağa Əsədov açdı. 33-cü dəqiqədə Gülağa künc zərbəsindən sonra topu birbaşa qapıya göndərdi. Bu epizodda qapıçı Elmir Bayramov komandasına heç cür kömək edə bilmədi. İkinci hissənin 11-ci dəqiqəsində Gülağa yenə də diqqət mərkəzinə düşdü. Bu dəfə özü qol vurmasa da, Orxan Səlimovun fərqlənməsinə şərait yaratdı. 

 

Xaqani Məmmədovun fikrincə, Gəncə TİM-nin heyətində Ümid Səmədovla, Sərxan Rüstəmov komandadalarında ən yaxşı idilər. Qonaqların çalışdırıcısı İlham Səmədova görə, «Qəbələ»nin heyətində ən xoşuna gələn futbolçular Vüsal Mirzəzadə ilə Ümid Həmzəyev oldular.

 

«Sumqayıt» - «Neftçi» 0:0

 

Turun sülhlə başa çatan yeganə oyunu Sumqayıtda keçirildi. Qeyd edək ki, hər iki komanda mövsümə yeni baş məşqçi ilə başlayıb. «Sumqayıt» illərin təcrübəsi Vaqif Paşayevə, «Neftçi» isə isə hamımızın yaxşı tanıdığı, uzun müddət aşağı yaş millilərimizi çalışdırmış Mirbağır İsayevə tapşırılıb. Güclü külək üzündən istədiklərini tam həyata keçirə bilməyən komandalar oyun ərzində bir neçə dəfə qol epizodu əldə etsələr də, futbolçularda dəqiqlik çatışmadı və matç başladığı kimi də başa çatdı. 

 

Mirbağır İsayev meydan sahiblərinin heyətində Alı Alını və 4 nömrəli futbolçunu bəyəndiyini bildirdi. Vaqif müəllim də qonaqların «4 nömrə»sni xoşladığını söylədi. Amma nə yazıq ki, oyunun protokolunu əldə edə bilmədiyimiz üçün həmin futbolçuların adlarını dəqiqləşdirmək mümkün olmadı. 

 

Qayıdaq yazının əvvəlində qeyd etdiyimiz təəssüfləndirici məqamlara. Ötən mövsümün gedişində «Het-trik news» liqaların işıqlandırılması ilə bağlı layihəyə start verdi. Layihə bir müddət Media Komitəsinin ayırdığı vəsait hesabına maliyyələşdi. Məqsəd gözdən-gönüldən uzaq düşmüş U-15, U-16 və U-17 liqalarını işıqlandırmaq idi. Bununla da həmin liqalara marağı artırmaq, gənc futbolçularda motivasiya yaratmaq istəyirdik. Liqalarla bağlı xəbərləri, oyunların təqvimini, turların icmalını, matçlardan fotoreportajları, bu yaş qrupları üzrə millilərin çıxışlarını və s. hazırlayaraq operativ şəkildə saytlarda yerləşdirməklə, U-15 Liqasında mövsümün ən yaxşı futbolçusun seçməklə faydalı iş görməyə çalışdıq. Buna nə dərəcədə nail olduq, oxucular, futbol mütəxəssisləri bildirsələr yaxşıdır.

 

Artıq, Media Komitəsi fəaliyyətini faktiki olaraq dayandırıb. Başqa sözlə, layihə heç yerdən maliyyələşmir. Buna baxmayaraq, başladığımız işi bu il də davam etdirmək fikrindəyik. Amma davam etdirə bilsək. Məşhur filmdə deyildiyi kimi, məsələ pulda deyil, «vnimatelni» olmaqdadır. Söhbət ondan gedir ki, liqaların işıqlandırılması ilə bağlı bəzi problemlərlə üzləşirik. Birincisi, oyunların protokollarının əldə edilməsi ilə bağlıdır. Bəzi klubların rəsmi nümayəndələri protokolları vaxtında təqdim etmirlər. Bu üzdən oyunlar barədə məlumatlar hazırlayarkən müəyyən çətinliklərlə üzləşirik. Başqa məqam hakimlərlə bağlıdır. Bəziləri protokolları heç kimə verməmək barədə göstəriş aldıqlarını bildirirlər. Hansı səbəbdən? Kimdən alıblar bu göstərişi? Əgər Premyer Liqanın, 1-ci Divizionun oyunlarının protokolları ictimaiyyətə açıqlanırsa, o halda liqaların oyunlarının protokolları nəyə görə gizli saxlanmalıdır? Digər təəssüfləndirici məqam bəzi komandaların baş məşqçilərinin bu işə etinasız yanaşmasıdır. Oyun haqqında qısaca məlumat vermək eləmi çətindir? Ümid edirik ki, bu problemlər yaxın vaxtlarda həllini tapacaq, protoklları vaxtında əldə edə biləcəyik. Məşqçilər isə bu layihənin uşaq futbolu üçün nə qədər lazımlı olduğunun fərqinə varacaqlar.
Bu mövsüm U-15, U-16 və U-17 liqalarında üst-üstə 40 komanda çıxış edəcək. Onların hamısının məşqçilərinin fikirlərini öyrənmək, həftə ərzində baş tutacaq 20 oyunun protokollarını incələmək, yazı halına salıb oxuculara çatdırmaq çox çətin işdir. Bu işdə hamıdan informasiya köməyi gözləyirik. Əks halda layihə yarı yolda qala bilər. Bunda kiminsə marağının olduğuna inanmırıq. Məqsədimiz uşaq futbolunu təbliğ etməkdir. Vəssəlam!

 

«Het-trik news»

Xəbər xətti