U-16 Liqası: "Keşlə" liderliyini qorudu

10:25 - 12 Oktyabr 2018

Uşaqların «sağ əli» böyüklərin başına…

 

Dünən U-16 Liqasında 3-cü turun 6 oyunu keçirildi. Daha bir oyun bu gün baş tutacaq. «Turan Tovuz» Tovuzda Masallının «Viləş» komandasını qəbul edəcək. Qarşılaşma 16:00-da start götürəcək. 


Başa çatan matçlara gəlincə, bu tur hansısa sensasiya qeydə alınmadı. 5 oyunda cütlərin favoritləri qalib gəldilər. Yalnız 1 qarşılaşma heç-heçə başa çatdı.

 

«Zirə» – Gəncə TİM 2:0
Qollar:
Peyman Səmədli, 23; Ərtoğrul Qulubəyli, 80+3

 

Aviasiya Akademiyasının stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə başladı. Artıq, 3-cü dəqiqədə Mirzəbəy Şahbazov hesabı aça bilərdi. Lakin o, gəncəlilərin qapıçısı Elnur Bayramovla mübarizədən məğlub ayrıldı. Az sonra Mahmud Ağayev fərqlənə bilərdi. Gəl ki, onun zərbəsində dəqiqlik çatışmadı. Hesab 23-cü dəqiqədə açıldı. Künc zərbəsindən Rəhim Cəfərlinin qapı önünə göndərdiyi topu müdafiəçilər uzaqlaşdırmaq istərkən top Peyman Səmədlinin önünə düşdü və o, fürsəti boşa vermədi. Birinci hissədə başqa qol olmadı və komandalar fasiləyə «Zirə»nin üstünlüyü ilə yollandılar.

 

Fasilədən sonra yenə də ərazi üstünlüyünə malik olan «Zirə» bir neçə epizodda əks-hücumda yaxalana bilərdi. Amma gəncəlilər son nöqtəni qoya bilmədilər. Matçın yekun nəticəsini müəyyənləşdirən qol hakimin əsas vaxta əlavə etdiyi 3-cü dəqiqədə gəldi. Cəfər Hüseynovun yetirmələri bu dəfə də standart vəziyyətdən fərqləndilər. Künc zərbəsindən Elnur Mirzəyevin asmasını Ərtoğrul Qulubəyli başla qapıdan keçirdi – 2:0.


Qalib komandanın baş məşqçisi Cəfər Hüseynovun fikrincə, Kərəm Əhmədli gəncəlilərin heyətində oyunun ən yaxşısı idi. İlham Səmədov isə «Zirə»nin heyətində Vüsal Əliyevlə Peyman Səmədlini bəyəndiyini söylədi. 

 

«Keşlə» - ROİL 3:0
Qollar:
Kamal Kazımov, 8; Vaqif Həsənov, 13 (pen.); Xəyal İbrahimov, 26.

 

Bu oyuna kimi «Keşlə» xal itirməmiş, qapısını toxunulmaz saxlaya bilmişdi. ROİL isə xal qazanmaq bir yana, qol belə vurmamışdı. Tendensiya pozulmadı. Çempionatın lideri autsayderlə qarşılaşmada asan qələbə qazandı. Hərçənd, hesab daha böyük ola bilərdi. Əgər meydan sahibləri əllərinə düşən fürsətləri sağa-sola xərcləməsəydilər.

 

«Keşlə»nin hücumları ilə başlayan matçda ilk qol 8-ci dəqiqədə vuruldu. Vaqif Həsənovun ötürməsindən sonra Kamal Kazımov boş qapını nişan almaqda çətinlik çəkmədi. Az sonra Vaqif özü fərqləndi. Belə ki, hakim 13-cü dəqiqədə cərimə meydançasında Elşən Məmmədova qarşı kobud oyuna görə penalti təyin etdi və Vaqif çempionatda 3-cü qolunu vurdu. Görüşün 3-cü qolu Xəyal İbrahimovdan gəldi. Rəqibin 2 müdafiəçisindən sıyrılaraq qapıçı Afiq Musayevlə üz-üzə qalan Xəyal iti bucaq altından topu qapıdan keçirə bildi. 


Bayaq qeyd etdiyimiz kimi, matçın qalan dəqiqələrində «Keşlə» xeyli qol imkanından istifadə edə bilmədi. Belə epizodların yarısı qol olsaydı, hesab ikirəqəmli olacaqdı.

 

«Keşlə»nin baş məşqçisi Xəyal Mustafayevin fikrincə, qonaqların heyətində ən çox gözəçarpan azı 9-10 epizodda qapısını real qoldan qoruya bilən Afiq Musayevlə müdafiəçi Səyyad Xantəmirov idi. Qonaqların çalışdırıcısı Samir Əliyev isə meydan sahiblərinin heyətində ən çox cinah müdafiəçiləri Elşən Məmmədovla, Məhəmməd Tağıyevi, həmçinin, Vaqif Həsənovu bəyəndiyini bildirdi. 

 

«Səbail» - İsgəndər Cavadov BFA 6:1
Qollar:
Arif Məmmədov, 12; Rauf Ağasənov, 42; 45; 70; Vəliəhd Səmədov, 59; Elməddin, Qurbanov 67 – Məhəmməd Məmmədov, 28

 

Bu oyunda 2 fərqli hissə oldu. Birinci yarıda üstün tərəf «Səbail» olsa da, komandalar dincəlməyə bərabər hesabla yollandılar. Qarşılaşmada ilk qol 12-ci dəqiqədə vuruldu. Nihad Abasovdan əla ötürmə alan Arif Məmmədov qapıçı Nail Əhmədovla təkbətək mübarizədən qalib ayrıldı. 15 dəqiqə sonra qonaqlar hesabdakı status-kvonu bərpa etdilər. «Səbail»in müdafiə xəttinin kobud səhvindən sonra Məhəmməd Məmmədov qonaqları sevindirdi. 35-ci dəqiqədə «Səbail» hesabda yenidən önə keçmək üçün əla fürsət yaxaladı. İman İmanlı cərimə meydançası daxilində Arif Məmmədova qarşı kobud oynadı və buna görə təyin olunan penaltini səbəbkar qola çevirə bilmədi. Bu dəfə Arif-Nail duelindən Nail qalib ayrıldı.

 

Buna baxmayaraq, fasilədən sonra Yaşar Abuzərovun komandası istəyinə çatdı. 42-ci dəqiqədə künc zərbəsindən sonra Vəliəhd Səmədovla Rauf Ağasənov ev tapşırığını əla yerinə yetirdilər və adı ikinci çəkilən futbolçu fərqləndi. Bu, Raufun matçda yeganə qolu olmadı. Az sonra o, Nail Əhmədovun kobud səhvindən məharətlə istifadə etdi – 3:1. Rauf bir daha 70-ci dəqiqədə fərqləndi. İbrahim Əlirzayevdən ötürmə alan Ağasənov het-trikinin rəsmiləşdirdi. Buna kimi isə «Səbail» daha 2 qol vurmuşdu. 59-cü dəqiqədə Vəliəhd Səmədov, 67-ci dəqiqədə isə Elməddin Qurbanov qonaqları məyus edə bilmişdilər. 

 

Məğlub komandanın baş məşqçisi Qəhrəman Əliyev meydan sahiblərinin heyətində het-trik müəllifi Rauf Ağasənovun, meydan sahiblərinin çalışdırıcısı isə İsgəndər Cavadov BFA-nın yeganə qolunun müəllifi Məhəmməd Məmmədovun oyununu xoşladığını söylədi. 

 

«Sabah» - «Neftçi» İK İB 2:0
Qollar
: Şahmar Aşurov, 57; Həsən Seyfullayev, 72.

 

Bərabər və maraqlı mübarizə şəraitində keçən oyunda meydan sahibləri 3 xala sahib çıxa bildilər. Amma bu, onlara böyük əziyyət bahasına başa gəldi.

 

İlk 40 dəqiqədə hər 2 komandanın bir neçə epizodda qol vurmaq şansları oldu. «Sabah»dan Şahin Kərimli, Həsən Seyfullayev, «Neftçi» İK İB-dən isə  İlkin Əliyev, Zaur Allahverdiyev qol vurmağa yaxın idilər. Lakin onlarda dəqiqlik çatışmadı.

 

Hesabı 57-ci dəqiqədə fasilədən sonra oyuna qoşulmuş 2004-cü il təvəllüdlü Şahmar Aşurov açdı. Meydan sahibləri bir daha 72-ci dəqiqədə qola sevindi. Şahin Kərimliyə qarşı cərimə meydançası həndəvərində edilən kobudluğa görə matçın baş hakimi Rəvan Həmzəzadə cərimə zərbəsi təyin etdi. Topa yaxınlaşan Həsən Seyfullayev «doqquzluğ»u dəqiq nişan almaqla baxımlı qola imza atdı. 

 

Buraxılan ikinci qoldan sonra rəqibi öz qapısına doğru sıxışdıran qonaqlar bir neçə real qol epizodunu boşa verincə, hesab dəyişmədi və qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatdı. 

 

«Sabah»ın baş məşqçisi İlqar Mənsimov qonaqlardan İlqar Kazımovu, «Neftçi» İK İB-nin baş məşqçisi Ramin Babayev isə meydan sahiblərindən Şahin Kərimlini dünənki oyununun ən yaxşısı hesab etdilər.

 

«Qarabağ» - «Neftçi» 0:0

 

Turum mərkəzi oyunu hesab ediləcək bu qarşılaşmada qolsuz bərabərlik qeydə alındı. Bir-birilərinə layiq iki rəqibin hər ikisi qələbəyə layiq idi. Amma əlverişli vəziyyətlərdən istifadə etməyincə, oyunda qalib müəyyənləşmədi. 

 

«Qarabağ» çempionatda qol buraxmayan 2 komandadan biridir. «Neftçi» isə əksinə, qol vura bilməyən 4 komandadan biri. Baxımlı oyun sərgiləməsinə, aktivində 2 xal olmasına baxmayaraq, «Neftçi» 3 oyunda bir dəfə də qol sevinci yaşamayıb. Bunun səbəbin komandanın baş məşqçisi Mirbağır İsayevdən soruşduq. Təcrübəli çalışdırıcı problemin hücumçu çatışmazlığında olduğunu və yaxın vaxtlarda bu problemi həll edəcəklərini dedi. 

 

Mirbağır müəllim «Qarabağ» - «Neftçi» oyununda ən yaxşı futbolçunun da adını çəkdi. Bu, meydan sahiblərinin yarımmüdafiəçisi Elnar Əkbərovdu. «Qarabağ»ın baş məşqçisi Asif Əlizadənin fikrincə isə, bu oyunda Cavanşir Şahbazlı «Neftçi»nin ən yaxşısı idi. 

 

«Sumqayıt» - «Qəbələ» 2:4

 

Təəssüf ki, bu oyunun protokolunu əldə edə bilmədik. Bu bir yana, tərəflərdən heç birindən heç olmasa, oyun haqqında məlumat da ala bilmədik. Qismətimizdə yalnız matçın hesabını öyrənmək var idi. Bu üzdən bombardirlərin yarışında kimin öndə olduğunu yaza bilmirik.

 

U-16 Liqasında növbəti turun oyunları oktyabrın 18-də keçiriləcək: İsgəndər Cavadov BFA –«Sabah», «Viləş» - «Səbail», «Neftçi» - «Turan Tovuz», ROİL – «Qarabağ», «Qəbələ» - «Keşlə», «Zirə» - «Sumqayıt», Gəncə TİM – «Neftçi» İK İB. Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

«Het-trik news»

 

Xəbər xətti