U-17 Liqası: "Xəzər Lənkəran" son anda məğlub oldu

10:45 - 15 Oktyabr 2018

Həftəsonu U-17 Liqasında 3-cü turun oyunları keçirildi. 3 oyun şənbə günü, 1 qarşılaşma isə bazar günü baş tutdu. «Neftçi» - «Mil-Muğan» və «Qəbələ» - «Zirə» matçları «Neftçi» və «Qəbələ»nin 5 və daha çox futbolçusunun U-17 millimizin toplanışına çağırılması sbəbindən təxirə salındı. Hər halda, 3-cü oyun həftəsi əvvəlki 2 tura nisbətən daha maraqlı alındı. Daha çox diqqət çəkən 2 qarşılaşmadan qısa reportajı və nəticələri təqdim edirik:

 

U-17 Liqası
3-cü tur

 

«Neftçi» İK İB – Xəzər Lənkəran 2:1
Qollar:
Səlim Babayev, 58, Fərid Fərmanov, 90+2; - Muxtar Nəzərli, 22

 

Bu oyuna kimi hər 2 komandanın aktivində 6 xal var idi və qələbə qazanacaq tərəf «Neftçi»nin tur buraxmasından istifadə edərək vahid lider olacaqdı. Qələbə və turnir cədvəlinin zirvəsi «Neftçi» İK İB-ə qismət oldu. Amma böyük zəhmət bahasına.

 

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab 22-ci dəqiqədə açıldı. Lənkəranlılardan Muxtar Nəzərli fərqləndi. İlk yarıda başqa qol olmayınca, komandalar fasiləyə «Xəzər Lənkəran»ın üstünlüyü ilə yollandılar.
Matçda əsas hadisələr 2-ci yarıda cərəyan etdi. Məğlub duruma düşən və böyük qüvvə ilə irəli atılan «Neftçi» İK İB 58-ci dəqiqədə hesaba tarazlıq gətirə bildi. Səlim Babayev fərqləndi. Bundan az sonra Səlim ikinci qolunu vura bilərdi. Lakin o, hakimin təyin etdiyi penatlini boşa verdi. Rafael Əmirbəyiovun komandası növbəti 2 zərbəni 72 və 77-ci dəqiqələrdə aldı. Yox, komanda qapısından qol buraxmadı. Əvəzində, meydan sahibləri 9 nəfərlə qaldılar. Əvvəlcə Vaqif Ağadadaşov ikinci «sarı» ilə meydandan qovuldu. 5 dəqiqə sonra qapıçı Murad Əhmədov son ümid foluna görə qarşısında «qırmızı» gördü. Rəqibin azlıqda qalmasından istifadə etməyə çalışan «Xəzər Lənkəran» böyük qüvvə ilə irəli atılsa da, qələbə qolunu vurmaq onlara qismət olmadı. Hərçənd, Ağadadaş Həmidovun yetirmələri bunun üçün xeyli fürsət yaxalamışdılar. Məhz bu məqamda «vurmayana vurarlar» prinsipi özünü bir daha doğrultdu. Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Fərid Fərmanov əks-hücumda «Neftçi» İK İB-ə qələbə qazandıran qolu vurdu - 2:1. 

 

«Keşlə» - «Qarabağ» 2:2
Qollar:
Əbil Əbilov, 74, 90+1 – Fərid Xasıyev, 18, 88

 

Oxşar ssenari bu oyunda baş verdi. Doğrudur, qarşılaşmada qalib müəyyənləşmədi. Amma yenə də meydan sahibləri son anda onlara lazım olan qolu vura bildilər.

 

Matçın 1-ci yarısında nisbi üstünlük «Qarabağ»ın tərəfində idi. Samir Musayevin yetirmələri topa daha çox nəzarət edən tərəf idi. Bunun da müəyyən səbəbləri var idi. Əsas səbəb «Keşlə»nin ilk «on birliy»indən 4 futbolçunun U-17 millimizin düşərgəsində olması və daha 3 futbolçunun zədə və cəza səbəbindən matçı buraxması idi. Bu üzdən baş məşqçi İlham Yadullayev U-16 komandasından düşərgəyə məcburən 6 futbolçu cəlb etmişdi. Bəri başdan qeyd edək ki, «oyunu çıxaran» elə həmin «2003»lər oldu.

 

Matçda erkən qol qeydə alındı. Meydan sahiblərinin müdafiə xəttinin sayıqlığı itirməsindən istifadə edən Fərid Xasıyev özünün və komandasının ilk qolunu vurdu. İlk 45 dəqiqədə başqa qol epizodları da oldu. Amma qol vuran tapılmadı. 

 

Fasilədən sonra isə mübarizə daha maraqlı xarakter aldı. Daha çox müdafiədə vaxt keçirən «Keşlə» əks-hücumların birində cərimə zərbəsi qazandı. Oyuna sonradan qoşulan 2003-cü il təvəllüdlü Əbil Əbilov topa yaxınlaşaraq baxımlı qola imza atdı. Top qapı çatına dəyərək tora daxil oldu.

 

Buraxılan qoldan sonra hücumlarının kəsərini bir qədər də artıran «Qarabağ» rəqib qapısı qarşısında 3-4 real qol epizodu yaratsa da, yalnız 88-ci dəqiqədə istəyinə çatdı. Bu dəfə də müdafiəçilərin və qapıçının mövqe səhvindən istifadə edən Fərid fərqləndi. Lakin «Qarabağ» qələbə hesabını sona qədər saxlaya bilmədi. Matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Vaqif Həsənovdan əla ötürmə alan Əbil qapıçı Tahir Tahirli ilə dueldən qalib ayrıldı – 2:2.

 

Yeri gəlmişkən, ikinci hissənin ortalarında meydanda maraqlı mənzərə yaranmışdı. Belə ki, «Keşlə»nin heyətində 16 yaşlı 6 futbolçu meydanda mübarizə aparırdı. «Qarabağ»dan isə 2 futbolçu «balaca» idi. Onlardan Nəriman Axundzadənin 2004-cü il təvəllüdlü olmasını da qeyd etmək lzımdır.

 

«Tufan» - «Səbail» 0:3
Qollar:
Bayraməli Qurbanov, 6; Aqil Cavadov, 63; Bahadur Umarov, 69

 

«Sabah» - «Sumqayıt» 4:1


U-17 Liqasında 4-cü turun oyunları oktyabrın 20-21-də keçiriləcək: «Səbail» - «Zirə», «Mil-Muğan» - «Sabah», «Xəzər Lənkəran» - «Keşlə», «Tufan» - «Neftçi» İK İB, «Sumqayıt» - «Qəbələ», «Qarabağ» - «Neftçi» PFK. Sonuncu 2 matçın təxirə düşməsi ehtimalının böyük olduğunu qeyd edək. Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

«Het-trik news»

 

Xəbər xətti