U-16 Liqası: "Keşlə"dən vacib qələbə

00:26 - 20 Oktyabr 2018

Dünən ROİL – «Qarabağ» oyunu ilə U-16 Liqasında 4-cü tura yekun vuruldu. Çempionatın iddialılarından olan «Qarabağ» autsayder üzərində asan qələbə qazandı. 4-cü turun digər 6 oyunu isə cümə axşamı keçirilmişdi. Bəzi oyunların protokollarını vaxtında əldə edə bilməməmiz səbəbindən turda baş verənlər haqqında yazını bir qədər gec təqdim edirik:

 

«Zirə» - «Sumqayıt» 3:0
Qollar
: Fərda Qurbanov, 15; Peyman Səmədli, 48; Cəlal Hüseynov, 67

 

Turun açılış oyunu Aviasiya Akademiyasının stadionuna təyin olunmuşdu. Bu tura kimi 7 xal toplayan «Zirə»nin çempionatın ortabablarından olan «Sumqayıt» üzərində qələbə qazanacağı gözlənilən idi və bu, baş verdi.

 

Güclü yağış altında keçən oyun meydan sahiblərinin hücumları ilə başladı. İlk qol 15-ci dəqiqəyə təsadüf etdi. Vüsal Əliyevdən əla ötürmə alan Fərda Qurbanov başla topu qapıya göndərdi. İlk yarının qalan 25 dəqiqəsində də «Zirə» bir neçə epizodda qol vura bilərdi. Amma Cəfər Hüseynovun yetirmələrində dəqiqlik çatışmadı.

 

Fasilədən sonra da oyunun gedişi dəyişmədi. Daha çox hücumda olan «Zirə» rəqibi 2 dəfə də oyunu mərkəzdən başlamağa məcbur etdi. 48-ci dəqiqədə Mirzəbğəy Şahbazov ilə əla kombinasiya quran Peyman Səmədli fərqləndi. Matçın yekun nəticəsini müəyyən edən qol 67-ci dəqiqədə vuruldu. Künc zərbəsindən sonra qapı önünə göndərilən topu Cəlal Hüseynov qapıdan keçirdi.

 

Qələbə sayəsində «Zirə» 2-ci yerdəki mövqeyini möhkəmləndirdi. Növbəti tur bu komandanı lider «Keşlə» ilə çətin səfər oyunu gözləyir. «Sumqayıt» isə 3 pillə eniş etməklə 9-cü yerdə qərarlaşıb.

 

«Zirə» - «Sumqayıt» oyununun yaxşılarına gəlincə, Cəfər Hüseynov «Sumqayıt»ın heyətində Sərvin İsmayılovun oyununu bəyəndiyini söylədi. Qonaqların baş məşqçisi Vaqif Paşayevlə əlaqə saxlaya bilmədiyimizdən «Zirə»nin yaxşılarını özümüz seçdik. Yəqin ki, Vaqif müəllim bunu anlayışla qarşılayar. Fikrimizcə, bunlar Nurəli Nurəliyevlə Peyman Səmədli idilər.

 

Gəncə TİM - «Neftçi» İK İB 0:1
Qol
: İlkin Əliyev, 59

 

Gəncə TİM-nin bərbad meydanında keçirilən oyunda cəmi 1 qol qeydə alındı. O da matçın 59-cu dəqiqəsində. Komandalar məhz meydanın ağır durumda olmasına görə baxımlı oyundan çox güc futboluna üstünlük verməyə məğbur idilər. 

 

Çətin vəziyyətə rəğmən oyunda qol epizodları bol oldu. Meydan sahiblərindən Cavad Kərimov, Orxan Rüstəmov, Bəhram Muradov, qonaqlardan isə Taleh Yusifov, İlkin Əliyev, Zaur Allahverdiyev, İlqar Kazımov, Rəvan Abbasov əllərində düşən fürsətdən istifadə edə bilmədilər. 

 

Bayaq qeyd etdiyimiz kimi, yeganə qol ikinci hissədə vuruldu. Fasilədən sonra rəqibi onların qapısına sıxışdıran Gəncə TİM əks-hücumda yaxalandı. İlkin Əliyev meydan sahiblərinin qapıçısı Elnur  Bayramovla üz-üzə qaldığı epizodda topu onun başı üzərindən qapıya göndərdi. Oyun heç-heçə başa çata bilərdi. Əgər Gəncə TİM sonuncu hücumunda qola çox yaxın olduğu anda qonaqlardan Ayxan Rəcizadə topu boş qapıdan çıxarmasaydı…

 

«Neftçi» İK İB-nin baş məşqçisi Ramin Babayev Gəncə TİM-nin heyətində ən bəyəndiyi futbolçu qapıçı Elnur Bayramov oldu. Onun həmkarı İlham Səmədov isə «Neftçi» İK İB-dən İlkin Əliyevlə İlqar Kazımovun adını çəkdi. 

 

«Neftçi» - «Turan Tovuz» 6:0
Qollar:
Tural Axverdiyev, 14; Cavanşir Şahbazlı, 23; Harun Abasov, 39; Dünyamalı Sevdimalıyev, 45, 47; Rəşad Səidov, 60

 

«Neftçi» axır ki, ilk qələbəsini qazandı. Bu tura kimi baxımlı oyun sərgiləməsinə rəğmən, qələbə bir yana, qol vurmayan komanda bütün acığını «Turan Tovuz»dan çıxdı desək, yanılmarıq. Oyunboyu ərazi üstünlüyünə malik olan Mirbağır İsayevin yetirmələri rəqibi 6 dəfə məyus etdilər. Bu rəqəm daha böyük ola bilərdi…

 

«Qəbələ» - «Keşlə» 1:2
Qollar
: Mehrac Baxşəliyev, 26 - Əbil Əbilov, 7; Kamal Kazımov, 37

 

Həftənin mərkəzi oyunu gözləndiyi kimi baxımlı alınmadı. Eyni səviyyəli rəqiblərin mübarizəsində komandalar daha çox güc futboluna üstünlük verirdilər. Hər iki komandanın qələbə qazanmaq şansları eyni idi. Hər halda həmin gün «Keşlə» daha şanslı oldu.

 

Qarşılaşma meydan sahiblərinin hücumları ilə başladı. Onlar artıq, ilk təhlükəli həmləni 3-cü dəqiqədə etdilər. Lakin qonaqların müdafiəsi sayıq oynadı. «Keşlə»nin isə ilk təhlükəli hücumu qolla nəticələndi. «Qəbələ»nin müdafiə xəttinin səhvindən sonra topu ələ keçirən Kamal Kazımov onu Əli Tağıyevə ötürdü. Əlinin asmasını Əbil Əbilov başla qapıdan keçirdi.

 

Buraxılan qoldan sonra daha çox müdafiəyə fikir verən «Keşlə» 26-cı dəqiqədə qapısında qol gördü. Mehrac Baxşəliyev rəqibin 3 müdafiəçisini çaş-baş salaraq qapıya o qədərdə güclü olmayan zərbə endirdi. Cavid Qurbanov barmaqlarının ucu ilə topa toxundu, lakin onun qapıdan keçməsinə mane ola bilmədi. – 1:1.
Bundan 5 dəqiqə sonra Mehrac daha bir qol vura bilərdi. Gülağa Əsədovdan ara ötürməsi alan Baxşəliyev qapıçı ilə üz-üzə qaldı. Gəl ki, bu dəfə dueldən Cavid qalib ayrıldı. Matçın 3-cü qolu da ilk yarıya təsadüf etdi. Yenə də müdafiə xəttinin səhvi və… Ötən mövsümə kimi «Qəbələ»də çıxış edən və bu ildən «Keşlə»yə keçən Kamal Kazımov qapıçıya ötürülən topun qısa düşməsindən istifadə etdi və bir toxunuşla yeni komandasının qələbə topunu vurdu. 

 

Fasilədən sonra da oyunun ssenarisi dəyişmədi. Hücumda daha çox vaxt keçirən «Qəbələ» zaman-zaman təhlükəli həmlələrlə yadda qalsa da, məğlubiyyətdən xilas ola bilmədi. Əvəzində son dəqiqələrdə qapısında daha bir qol görə bilərdi. Əgər oyuna sonradan qoşulan Qurban Səfərov Kamil Nəzərli səddini keçə bilsəydi.
«Qəbələ»nin baş məşqçisi Xaqani Məmmədov «Keşlə»dən bəyəndiyi futbolçuların 3 nəfər olduğunu söylədi. Bunlar Əbil Əbilov, Rəşad Həsənov və Vaqif Həsənovdu. «Qəbələ»nin isə ən yaxşıları Meyrac Baxşəliyev, Gülağa Əsədov və Rauf Rüstəmli idi.

 

«Viləş» - «Səbail» 0:1
Qol:
Rauf Ağasənov, 80+2

 

Turun ən dramatik oyunu. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hər 2 komandanın kifayət qədər qol epizodu var idi. Meydan sahiblərindən Tosif İbişov, Orxan Quliyev, Samir Əliyev, qonaqlardan Rauf Ağasənovla Arif Məmmədov əllərinə düşən fürsətlərdən yararlansaydılar, hesab fərqli olacaqdı. Matçın qolsuz bərabərliklə başa çatacağı gözlənilən bir anda «Səbail»in «qol silah»ları işə düşdü. Əks-hücumda Arif Məmmədovdan ötürmə alan Rauf Ağasənov komandasına 3 xalı qazandıran qolu vurdu.

 

«Viləş»in baş məşqçisi Kənan Seyfullayevin bəyəndiyi futbolçular da məhz bu duet oldu. «Səbail»in baş məşqçisi Yaşar Abuzərov isə «Viləş»dən Samir Əliyevi seçdi.

 

İsgəndər Cavadov BFA – «Sabah» 2:3
Qollar:
İbrahim Məmmədov, 29; Rəvan İbrahimov, 65 – Firəddin Abdullayev, 16; Şahmar Aşurov, 63; Şahin Kərimli, 74

 

Yeri gəlmişkən, bu oyun da dramatikliyi ilə «Viləş» - «Səbail» matçından heç də geri qalmadı. Oyunda üstün tərəf «Sabah» idi. İlqar Mənsimovun komandasının səfərdə asan qələbə qazanacağı gözlənilirdi. Amma bu, baş vermədi. Qəhrəman Əliyevin yetirmələri güclü rəqibə qarşı sözün həqiqi mənasında döyüşdü.

 

Oyun 16-cı dəqiqədə açıldı. Qonaqlardan Firəddin Abdullayevin cinah ötürməsi qola çevrildi. Burada meydan sahiblərinin qapıçısı Nail Əhmədov topa toxunuş etsə də, qolun qarşısını ala bilmədi. Meydan sahibləri 29-cu dəqiqədə bərabərlik qolunu vurdular. Məhəmməd Məmmədovun cərimə zərbəsindən qapıya göndərdiyi topu qonaqların qapıçısı Yunus Hüseynov geri qaytarsa da, hamıdan tez özünü topa çatdıran İbrahim Məmmədov onu qapıdan keçirdi.

 

Fasilədən sonra oyuna nəzarət edən «Sabah» bir daha 63-cü dəqiqədə qola sevindi. Bu dəfə sonradan meydana çıxan Şahmar Aşurov adını qol vuran futbolçuların sırasına yazdırdı. Cəmi 2 dəqiqə sonra hesab yenidən bərabərləşdi. Bu dəfə də Məhəmməd Məmmədovun zərbəsini Yunus Hüseynov dəf etsə də, geri qayıdan topu Rəvan İbrahimov tora göndərdi. Hər halda «Sabah» bu oyundan qalib ayrıla bildi. Matçın başa çatmasına 6 dəqiqə qalmış səhnəyə Şahin Kərimli çıxdı. 

 

Qeyd edək ki, «Sabah» cari çempionatda xal itirməyən 2 komandadan biridir. Amma onlar itkisiz irəliləyən «Keşlə»dən 1 oyun az keçiriblər. 

 

ROİL – «Qarabağ» 1:7
Qollar
: Nihat Kərimli, 15; Musa Musazadə, 16; Vasif Fərəcov, 23; Mirmövsüm Canıyev, 31; Bəhram Köçərli, 38; Etibar Həsənov, 52; Elnur Əliyev, 74 – İlkin Hacıyev, 74

 

Nəhayət, qısaca turun bağlanış oyunu haqqında. «Qarabağ»ın autsayderi məğlub edəcəyi heç kimdə şübhə yaratmırdı. Belə də oldu. Debütant qarşısında hansısa çətinlik çəkməyən qonaqlar böyük hesablı qələbə qazandılar. Bu oyun ROİL üçün yalnız bir məqamla əlamətdar oldu. Komanda çempionatda ilk qolunu vurdu. 74-cü dəqiqədə Vüsal Hüseynzadədən ötürmə alan İlkin Hacıyev siftə etdi. Yeri gəlmişkən, bu, həm də «Qarabağ»ın çempionatda qapısında gbrdüyü ilk qol oldu.

 

ROİL-in baş məşqçisi Samir Əliyevin fikrincə, «Qarabağ»dan ən yaxşı Mirmövsüm Caniyev idi. Asif Əlizadə isə ROİL-dən Səyyad Xantəmirovu bəyəndiyini bildirdi.


U-16 Liqasında 5-ci turun oyunları oktyabrın 25-də keçiriləcək: «Keşlə» - «Zirə», «Qarabağ» - «Qəbələ», «Turan Tovuz» - ROİL, «Səbail» - «Neftçi», «Sabah» - «Viləş», «Neftçi» İK İB - İsgəndər Cavadov BFA, «Sumqayıt» - «Gəncə» TİM. Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.
Qeyd edək ki, 2-ci turda təxirə salınmış Gəncə TİM – «Sabah» matçı oktyabrın 21-i saat 12:00-da Gəncə TİM-nin meydanıda keçiriləcək.

 

«Het-trik news»

 

Xəbər xətti