Dünən U-16 Liqasında 2-cü turdan təxirə salınmış bir oyun keçirildi. Gəncə TİM-nin bərbad meydanında baş tutan Gəncə TİM - «Sabah» oyununda gözlənilməz nəticə qeydə alındı.
Gəncə TİM – «Sabah» 3:0
Qollar: Raul Əlizadə, 20 (pen.); Rəşid Zeynalov, 29; Cavad Kərimov, 75.
Bu oyuna kimi çempionatda xal itirməyən 2 komanda var idi – «Keşlə» və «Sabah». «Keşlə» keçirdiyi 4 oyunun hamısında qalib gəlməklə liderliyi ələ keçirmişdi. «Sabah» Gəncə TİM-ə qalib gəlməklə liderə çatacaqdı. Əgər çətin səfər oyununda qalib gəlsəydi. Düzü, «Sabah»ın çempionatda xalı olmayan, qol vurmayan rəqiblə qarşılaşmada xal itirməsini haradasa gözləmək olardı. Amma bu hesabla məğlubiyyət əsl sensasiya oldu.
Oyunda hesab 20-ci dəqiqədə açıldı. Hakim topun cərimə meydançası daxilində «Sabah»ın futbolçusu Fərrux Fərzəliyevin əlinə dəydiyini bildirdi və penalti təyin etdi. Raul Əlizadə komandasının çempionatda ilk qolunu vurdu. 9 dəqiqə sonra meydan sahibləri növbəti dəfə fərqləndilər. Rəşid Zeynalov künc zərbəsi zamanı müdafiə xəttinin uzaqlaşdırmaq istədiyi topu bir toxunuşla qapıya göndərdi.
İkinci hissənin ortalarında Gəncə TİM 10 nəfərlə qaldı. Qapıçı ilə təkbətək çıxan Şahin Kərimlini əllə saxladığına görə, meydan sahiblərindən Sənan Əliyev birbaşa qırmızı vərəqə ilə meydandan uzaqlaşdırıldı. Bundan sonra daha böyük qüvvə ilə irəli atılan «Sabah» qol vurmaq əvəzinə qapısında daha bir qol gördü. Rəqibi əks-hücumda yaxalayan Gəncə TİM oyunun başa çatmasına 5 dəqiqə qalmış Cavad Kərimovla hesabı «böyük» etdi.
Məğlubiyyət «Sabah»ın turnir cədvəlindəki mövqeyinə təsir etmədi. Komanda 3-cü pillədə qərarlaşıb. Gəncə TİM isə 3 pillə irəliləyərək, 10-cu yerə yüksəldi. Oyundan sonra ənənəvi olaraq hər iki komandanın baş məşqçisi ilə əlaqə saxlayıb oyun haqqında fikirlərini öyrəndik, rəqib komandada bəyəndiyi futbolçuların adlarını soruşduq. Meydan sahiblərinin çalışdırıcısı İlham Səmədov «Sabah»da Şahin Kərimlinin oyununu xoşladığını söylədi. Onun həmkarı İlqar Mənsimov isə bir qədər fərqli fikir bildirdi. O, oyunun hakimlərindən narazılıq ifadə etdi. İlqar müəllimin fikrincə, hakimlərin səhv qərarları, meydanın kənarında dayananların təsiri altında yerli komandaya tərəfkeşlək etmələri «Sabah»ın məğlub olmasında başlıca rol oynadı. Rəqibin ən yaxşı futbolçusuna gəlincə, İlqar müəllim hakimlərin adını çəkdi! Təəssüf ki, oyunun protokolunu əldə edə bilmədiyimizdən hakimlərin kimliyini tam dəqiqləşdirə bilmədik. Yeri gəlmişkən, Gəncə TİM-nin baş məşqçisi İlham Səmədov hakimlikdən hansısa narazılıq ifadə etmədi və ədalət təmsilçilərinin oyunu normal idarə etdiklərini bildirdi.
U-16 Liqasında 5-ci turun oyunları oktyabrın 25-də keçiriləcək: «Keşlə» - «Zirə», «Qarabağ» - «Qəbələ», «Turan Tovuz» - ROİL, «Səbail» - «Neftçi», «Sabah» - «Viləş», «Neftçi» İK İB - İsgəndər Cavadov BFA, «Sumqayıt» - «Gəncə» TİM. Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.
«Het-trik news»
saytlarin hazirlanmasi