Samir Abasov: "Özümü paltardəyişmə otağında söyürdüm"

18:33 - 27 Oktyabr 2018

"Dilxoruq. Bu cür oyunun nəticəsində uduzduq. Keçən tur çoxlu qol imkanlarından istifadə edə bilməmişdik. Bu gün də eyni şey. Əks-hücumdan qorxurduq, müdafiəçilərin səhvindən çəkinirdik. O da başımıza gəldi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının IX turunda səfərdə "Sabah"a 1-2 hesabı ilə uduzduqları oyundan sonra deyib. Abasov müdafiəçilərindən kəskin şəkildə narazı qaldığını dilə gətirib: "Bəxtdən şikayətlənə bilmərəm. Bu cür müdafiəsi olan komandanın bəxtdən şikayətlənməsi lazım deyil. Rəqiblər əziyyət çəkməsin, özümüz imkan verəcəyik ki vursunlar. Keçən oyundan sonra ümidli idim. Bu gün də çoxlu imkanlar yaratdıq, təzyiq etdik. Ağıllı oynadıq. Amma təəsüf ki, müdafiəçilərimiz futbola yaraşmayan hərkətlər etdi. Son iki oyunu müdafiənin hesabına uduzduq. Hər oyuna eyni heyətlə çıxa bilmirik. Bu gün Skarlatakemiz yox idi, bir gün Dilan Duventurumuz olmur. Bizdə yeganə xoş hal odu ki, oyundan-oyuna artırırıq. Bəzi hissələrdə diqtə edirik, amma üzücü odu ki, nə qədər işləsən də, səhvlər olur. Müdafiəyə deyəcək sözüm yoxdu".

 

Mütəxəssis komandanın dirçəlməsi üçün vaxta ehtiyaclarının olduğunu söyləyib: "Özümü paltardəyişmə otağında söyürdüm. Epizodda sanki hiss etmişdm ki, qol buraxacağıq. Təəccüblü olsa da, oyunumuzu İlkin Muradov aparırdı, onun mövqeyini dəyişən kimi qol vurduq. Bundan sonra həvəs yarandı. Təzyiqimiz düz idi. Topu hara gəldi vurmurduq. Ağıllı oynayırdıq. Amma topu çıxarırsansa, peşəkarsansa, bilməlisən ki, hara vurursan. Çox üzgünəm. Azarkeşlərə deyirəm ki, səbirli olsunlar. Bir günə alınan deyil. Rəhbərliyin də istəyi odu ki, komanda layiq olduğu yerə qayıtsın. Bir az gözləməli, səbrli olmalıyıq. Bir günün içində nəyisə dəyişmək üçün çubuğum yoxdu. İnanıram ki, komandamız ən yaxşılardan olacaq".

Xəbər xətti