Nazim Süleymanov: "Klub daxilində kim səhv etsə, cəzalanacaq"

20:59 - 27 Oktyabr 2018

Bu gün Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Sumqayıt" "Dalğa Arena"da" Qəbələ"ni qəbul edib.

 

Sportal.az xəbər verir ki, 2:2 hesabıyla başa çatan oyundan sonra "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Nazim Süleymanov mətbuat konfransı keçirib. O, oyunla bağlı bunları deyib:

 

Oyunun maraqlı keçəcəyini gözləyirdik. Belə də oldu. Matçın əvvəlində hesabda üstün idik. Oyuna nəzarət də bizdə idi. Hər şey yaxşı gedirdi. Futbol səhv oyunudu. Nəinki futbolçular, hətta bəzən azarkeşlərə görə də klubu cəzalandırırlar. Hərdən hakim də böyük rol oynayır. Buraxdığımız ilk qoldan əvvəlki epizodda penaltimiz verilmədi. Həmin anda penalti verilsəydi, hesab 3:0 olacaqdı. Komandanı niyə “sındırırlar”? Demirik ki, bizə kömək etsinlər. Bizim də səhvlərimiz oldu. Həm uda, həm də uduza bilərdik. Futbolda belə şeylər olur. İrəli baxmaq lazımdı. Sadəcə, xallar komandadan gedir ki, buna təəssüflənirəm. Futbolçular öz güclərini meydanda qoyurlar, bir fiti səsləndirməməklə xallar gedir.

 

- Qapıçı Mehti Cənətovun hər iki qolda səhvi oldu...
- Futboldu, futbolda səhvlər olur. Qol olandan sonra səhvlər görünür. Analiz edəcəyik.

 

- Atillaya qarşı səbir kasanız nə vaxt dolacaq? 
- Atillanı tutdular, vurdular. Atilla öz oyununu oynayır. Gözləmək lazımdı. Zamana ehtiyacı var.

 

- İkinci hissədə rəqib sizi sıxırdı, amma əvəzetmə etmədiz. Əfranı əvəzləməməyinizin səbəbi nədi? 
- Əfrana top gələndə hər zaman hiss olunur ki, qol epizodu yarada bilər. Ona görə əvəz etmədim.

 

- Qələbə istəyən komanda mütləq 3-cü əvəzetməni etməliydi.
- Biz hər bir futbolçuya şans veririk, hər bir futbolçu da o şansdan istifadə etməlidi. Biz də əlimizdə olan futbolçulardan istifadə etdik.

 

- Ötən tur Vurğun Hüseynov qırmızı vərəqə aldıqdan sonra onun cəzalanacağını demişdiz. 6 il komandanın kapitanı olmuş futbolçu haqda belə demək nə dərəcədə düzgündü?
- Klubun daxilində kim səhv etsə, cəzalanacaq.

Xəbər xətti