U-16 Liqası: "Turan Tovuz" "döyüldü"

10:11 - 2 Noyabr 2018

Dünən U-16 Liqasında 6-cı turun 6 oyunu keçirildi. Turnir cədvəlinin üst pillələrində qərarlaşan komandaların hamısı turu 3 xalla başa vurdu. Maraqlıdır ki, 6 oyunun heç birində heç-heçə qeydə alınmadı. Yalnız bir oyun – ROİL – «Səbail» matçı keçirilmədi. Həmin oyun bu günə təyin olunub. Sözügedən matç 12:00-da Aviasiya Akademiyasının stadionunda start götürəcək.

 

U-16 Liqası, 6-cı tur

 

«Zirə» - «Qarabağ» 2:1
Qollar:
Məhəmməd Səfərov, 16; Peyman Səmədli, 62 – Fidayə Əzizov, 35 (pen.)

 

Oyundan əvvəl «Zirə»nin qələbə qazanma ehtimalı daha çox idi. Çempionatda məğlubiyyət üzü görməyən komanda «Qarabağ» qarşısında daha şanslı görünürdü. Belə də oldu.

 

Oyun qonaqların hücumları ilə başladı. 1-ci hissədə «Qarabağ»ın daha istəkli görünməsinə rəğmən, ilk qol məhz onların qapısına vuruldu. 16-cı dəqiqədə Mirzəbəy Şahbazovun künc zərbəsindən qapı önünə göndərdiyi topa bəstəboy Məhəmməd Səfərov hamıdan tez çatdı və başla hesabı açdı. Buraxılan qoldan sonra hər iki komandanın zaman-zaman rəqib qapısı önündə təhlükəli həmlələri olmasına baxmayaraq, hesab bir daha 35-ci dəqiqədə dəyişdi. Fidayə Əzizlinin cinah ötürməsindən sonra top rəqibin müdafiəçisinin əlinə dəydi. Hakim penalti nöqtəsini göstərdi. Fidayə Uğur İbrahimovla mübarizədən qalib ayrıldı – 1:1.
Fasilədən sonra özünə gələn və nisbi ərazi üstünlüyünü ələ keçirən «Zirə» 49-cu dəqiqədə real qol epizodundan yararlana bilmədi. Belə ki, «Qarabağ»ın qapısına təyin olunan penaltini komandanın kapitanı Cəlal Hüseynov dəyərləndirə bilmədi. Hər halda meydan sahibləri bunun əvəzini çıxa bildilər. Matçın sonuna doğru Mirzəbəy Şahbazovun uzaq məsafədən vurduğu zərbə qapı çatında «partladı». Topu ələ keçirən Peyman Səmədli komandasının qələbə topunu vura bildi. 

 

«Zirə»nin baş məşqçisi Cəfər Hüseynov rəqibin heyətində qapıçı Mirismayıl Rəhimovun «duruş»unu bəyəndiyini söylədi. Qonaqların baş məşqçisi Asif Əlizadə isə «Zirə»dən Vüsal Əliyevin oyununu xoşladığını bildirdi.

 

«Neftçi» - «Sabah» 0:2
Qollar
: Fərrux Fərzəliyev, 10; Şahin Kərimli, 16

 

Matçın favoriti sayılan qonaqlar oyunun taleyini ilk 16 dəqiqədə həll etdilər. Bu müddətdə vurulan 2 qol həm də yekun nəticəni müəyyənləşdirdi.

 

İlk qolu zədədən yenicə qayıdan Fərrux Fərzəliyev vurdu. O, Həsən Seyfullayevin künc zərbəsindən etdiyi asmanı gövdəsi ilə qapıdan keçirdi. 6 dəqiqə sonra Mircəlal Abbasovun ötürməsindən sonra Şahin Kərimli topu «Neftçi»nin qapıçısı Elgün Bayramovun yanından tora göndərdi. Qalan müddətdə hər iki komandanın hesabı dəyişmək imkanı olsa da, oyunda başqa qol qeydə alınmadı və qarşılaşma «Sabah»ın xeyirinə başa çatdı.

 

«Sabah» bu oyuna baş məşqçisi İlqar Mənsimovsuz çıxmışdı. İlqar müəllim A kateqoriyası kurslarında iştirak etdiyi üçün komandaya «Sabah»ın U-15 komandasının baş məşqçisi Namiq Allahverdiyev cavabdehlik daşıyırdı. Onun sözlərinə görə, rəqib komandada ən yaxşı Harun Abbasovla Tural Axverdiyev idi. Qonaqların çalışdırıcısı Mirbağır İsayevin fikrincə isə, «Sabah»dan Fərrux Fərzəliyev oyunun ən yaxşısı idi. 

 

«Qəbələ» - «Turan Tovuz» 11:0
Qollar:
Rəşad Əhmədov, 12, 35, 56, 60; Ülvi Mədətov, 18; Mehrac Baxşəliyev, 20, 31; Gülağa Əsədov, 28; Ümid Həmzəyev, 44, 47; Taleh Qarayev, 49

 

Bu oyun haqqında nə demək olar? «Qəbələ» «Turan Tovuz»u bütün parametrlərdə üstələdi. Hesabın faciəvi olması buna sübutdur. Matçda yaddaqalan məqamlardan biri Rəhad Əhmədovun «poker» etməsi oldu. Mehrac Baxşəliyev isə 2 qol vurmaqla toplarının sayını 9-a çatdırdı və bombardirlər cədvəlində əvvəlki kimi birinci yerdə qərarlaşıb.

 

«Viləş» - «Neftçi» İK İB 0:1
Qol:
Murad Məmmədov, 79 (pen.)

 

Gərgin mübarizə şəraitində keçən oyun heç-heçə başa çata bilərdi. Əgər son dəqiqələrdə «Viləş»in qapısına təyin olunan penalti olmasaydı. İlqar Kazımovun zərbəsindən sonra top cərimə meydançasının daxilində «Viləş»in futbolçsu Elnur Bağırlının əlinə dəydi və penalti. Topa «Neftçi» İK İB-nin qapıçısı Murad Məmmədov yaxınlaşdı və həmkarı Məhəmməd Mehtiyevlə mübarizədən qalib ayrıldı.
 
Gəncə TİM – İsgəndər Cavadov BFA 1:0

Qol: Sənan Əliyev, 30

 

Qol: Bu oyunun da taleyini cəmi 1 qol həll etdi. Lakin qalib gələn tərəfə meydan sahibləri oldular. Fərqlənən futbolçu isə Sənan Əliyev oldu. Meydanın bərbad durumu komandalara baxımlı futbol sərgiləməyə imkan vermirdi. Bu üzdən mübarizənin əsasən meydanın mərkəzində getməsi qapılar önündə təhlükəli vəziyyətlərin az olması ilə nəticələndi.

 

Gəncə TİM-nin çalışdırıcısı İlham Səmədov qonaqların heyətində qapıçı Nail Əhmədovun oyununu xoşladığını, onun həmkarı Qəhrəman Əliyev isə meydan sahiblərindən Sənan Rüstəmovu bəyəndiyini söylədi.

 

«Sumqayıt» - «Keşlə» 1:3
Qollar:
Uğur Nağıyev, 64 (pen.) – Əbil Əbilov, 28; Xəqani Cavadzadə, 45 (avtoqol); Vaqif Həsənov, 80+2.

 

Nəhayət, liderin iştirakı ilə keçirilən oyun barədə bir qədər ətraflı. Qarşılıqlı hücumlarla başlayan oyunun birinci hissəsində üstün tərəf yox idi. Şesab açılana kimi hər iki komandanın qol vurmaq şansları oldu.

 

«Sumqayıt»dan Cəmil Zeynalzadə, «Keşlə»dən isə Əbil Əbilov hesabı açmağa yaxın idilər. Amma qapıçılar Pünhan Canlarovla Azər Fərmanov əla reaksiya ilə onların sevinmələrinə imkan vermədilər. Oyunda ilk qol 28-ci dəqiqədə vuruldu. Elşən Məmmədovun cinah ötürməsindən sonra topu ələ keçirən Vaqif Həsənov onu rahatlayıb Əbil Əbilova ötürdü. Boş qalan Əbilin güclü zərbəsi qarşısıalınmaz oldu – 0:1.


Fasilədən sonra topa daha çox nəzarət edən tərəf «Keşlə» idi. Meydanda «top gəzdirən» komanda rəqibin müdafiəsində boş yer axtarmaqla məğşul ikən, qol «hədiyyə» aldılar. Belə ki, Əbilin cinahdan qapı önünə göndərdiyi topu Xəqani Cavadzadə geri qaytarmaq istəyərkən tərs toxunuşla öz qapısından keçirdi. Bundan sonra ruhdan düşən meydan sahibləri məğlubiyyətlə barışırmış kimi görünürdülər. Bu vəziyyət 64-cü dəqiqəyə qədər davam etdi. Qonaqların müdafiəçisi Nihat Abbasov cərimə meydançası daxilində İlkin İbrahimova qarşı kobud oynayana kimi. Məhz həmin kobudluğa görə təcrübəli Ziya Nəsirov «Keşlə»nin qapısına penalti təyin etdi və Uğur Nağıeyv hesab arasındakı fərqi minimuma endirdi. Buraxılan qoldan sonra ruhlanan «Sumqayıt» oyunu pozulan «Keşlə»ni Cəmil Zeynalzadə ilə daha bir dəfə cəzalandıra bilərdi. Lakin o, boş qapını dəqiq nişan ala bilmədi. Daha bir epizodda isə İlkin İbrahimov fərqlənməyə yaxın idi. Ancaq Məhəmməd Tağıyev vaxtında özünü topa çatdıraraq təhlükənin qarşısını aldı. «Keşlə»nin də qol vurmaq imkanları var idi. Əsas da Əbilin. Bir epizodda onun cərimə zərbəsindən sonra vurduğu top dirəkdən geri qayıtdı. Hər halda, lider oyunu 3 xalla tərk edə bildi. 

 

Matçda yekun nəticəni müəyyənləşdirən qol isə hakimin əsas vaxta əlavə etdiyi 2-ci dəqiqədə gəldi. Əbildən ötürmə alan Vaqif Həsənov boş qapını nişan almaqda çətinlik çəkmədi. 

 

«Sumqayıt»ın baş məşqçisi Vaqif Paşayev oyundan sonra «Keşlə»nin heyətində yaxşı futbolçuların çox olduğunu söylədi. Təcrübəli məşqçi seçimini 3 futbolçu üzərində etdi – Seymur Məmmədov, Vaqif Həsənov, Rəşad Həsənov. «Keşlə»nin baş məşqçisi Xəyal Mustafayev isə meydan sahiblərindən 2 futbolçunun adını çəkdi. Bunlar İlkin İbrahimovla qapıçı Pünhan Canlarov idi. 

 

Bombardir: Mehrac Baxşəliyev («Qəbələ») – 9 qol.

 

U-16 Liqasında 7-ci turun oyunları noyabrın 8-də keçiriləcək: «Qarabağ» - «Sumqayıt», «Turan Tovuz» - «Zirə», «Səbail» - «Qəbələ», «Sabah» - ROİL, «Neftçi» İK İB – «Neftçi», İsgəndər Cavadov BFA – «Viləş», «Keşlə» - Gəncə TİM. 

 

«Het-trik news»

 

Xəbər xətti