U-15 Liqası: Liderlərdən vacib qələbə

10:01 - 5 Noyabr 2018

Həftəsonu U-15 Liqasında 6-cı turun oyunları keçirildi. Əslində, tura cümə axşamı start verilmişdi. Gəncə TİM – İsgəndər Cavadov BFA matçı məhz həmin gün baş tutmuşdu. Bu oyunla başlayan tur dünən keçirilən «Neftçi» - «Sumqayıt» matçı ilə başa çatdı. 

 

U-15 Liqası, 6-cı tur

 

Gəncə TİM – İsgəndər Cavadov BFA 3:0
Qollar:
İlqar Məmmədov, 22; Zaur Kərimov, 50; Ruzigar Məmmədov, 65

 

«Xilə» - «Qəbələ» 0:3
Qollar:
İxtiyar Məmiyev, 4; Emil Süleymanov, 12; Namiq Şamilov, 70+3

 

Lider gözlənidiyi kimi bu oyunda da qalib gəldi. Üstəlik, Ülfət Mədətovun yetirmələri qapılarını toxunulmaz saxlamaqla çempionatda qol buraxmayan yeganə komanda statusunu qorudular. 

 

Oyunda erkən qol qeydə alındı. 4-cü dəqiqədə Sərxan Mirzəzadənin cinah ötürməsindən sonra İxtiyar Məmiyev fərqləndi. Bundan 8 dəqiqə sonra «Qəbələ» ikinci qola sevindi. Sahil Həsənovdan ötürmə alan Emil Süleymanov hesab arasındakı fərqi artırdı. Bundan sonra bir qədər sakitləşən «Qəbələ» bir daha matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə rəqibi mərkəzdən başlamağa məcbur etdi. Sonuncu qolun müəllifi Namiq Şamilov oldu.

 

Hesab fərqli ola bilərdi. Matçboyu hər iki komandanın kifayət qədər fərqlənmək imkanları var idi. Lakin qapıçıların inamlı oyunu daha çox qolun vurulmasına imkan vermədi. Elə komandaların baş məşqçiləri də rəqibin heyətində ən yaxşı qapıçıların olduqlarını söylədilər. Daha dəqiq Xeyrəddin Rəhmanovla Kamil Nəzərlini. Ümumiyyətlə, böyük hesabla məğlub olmasına baxmayaraq, «Xilə» bu oyunda heç də pis təsir bağışlamadı. Turnir cədvəlinin ortalarında qərarlaşan komandanın bu oyunla yaxın vaxtlarda daha yuxarı yerlərə qalxacağını düşünmək olar.

 

«Zaqatala» - «Mil-Muğan» 1:1
Qollar:
Məhəmməd Məmmədov, 8 – Əli Fətəliyev, 35

 

Turnir cədvəlinin zirzəmisində qərarlaşan komandaların mübarizəsi xeyli maraqlı alındı. Bu oyuna kimi xalsız qalan meydan sahibləri qələbə qazanmaqla bir ilkə imza atmaq əzmində idilər. Onlar buna yaxın olsalar da, oyun heç-heçə başa çatdı.

 

Matçda hesabı «Zaqatala» açdı. Zübair Əliyevin qapı önünə göndərdiyi topu Məhəmməd Məmmədov başla «Mil-Muğan»ın qapısından keçirdi. Buraxılan qoldan sonra irəli atılan qonaqlar az sonra Əli Fətəliyevlə qola yaxın olsalar da, o, qapını dəqiq nişan ala bilmədi. Hər halda Əli həmin gün meydanı qol vurmadan tərk etmədi. Birinci hissənin sonuncu dəqiqəsində «Zaqatala»nın müdafiə xəttinin ani diqqətsizliyindən istifadə edən Fətəliyev bərabərlik qolunu vurdu. 

 

Fasilədən sonra ərazi üstünlüyünü ələ keçirən «Zaqatala» bir neçə dəfə qələbə qolunu vurmağa yaxın oldu. Amma İslam Şabanovun yetirmələrindən Aqil Nəzərli və Zübair Əliyev real qol şanslarından istifadə edə bilmədilər.

 

Bu oyunda futbolçular əzmkarlıq nümayiş etdirsələr də, onlardan ikisini matçın ən yaxşısı hesab etmək olar. Oyunu izləyən əməkdaşımızın fikrincə «Zaqatala»nın heyətində Muxtar Məmmədov, «Mil-Muğan»da isə Əli Fətəliyev komandalarının ən yaxşısı idi.

 

«Səbail» - «Qarabağ» 3:3
Qollar:
İnqilab Ağazadə, 3 (avtoqol); Xəyal Əliyev, 47; Nicat Quliyev, 51 – Süleyman Süleymanov, 16; Rəvan Əvəzov, 30, 43

 

Turun mərkəzi oyunlarından biri olduqca maraqlı mübarizə şəraitində keçdi. 6 qolun vurulması oyunda həm də rəng qatdı.

 

Hesab erkən açıldı. 3-cü dəqiqədə Nicat Quliyevin cərimə meydançasına ötürdüyü topu uzaqlaşdırmaq istəyən İnqilab Ağazadə avtoqol müəllifi oldu. Öz qapılarına qol vurmalarından sarsılmayan qonaqlar ilk yarıda bu dəfə rəqib qapısına 2 dəfə yol tapa bildilər. 16-cı dəqiqədə Süleyman Süleymanov fərqləndi. Birinci hissənin başa çatmasına 5 dəqiqə qalmış isə Rəvan Əvəzov «Qarabağ»ı hesabda irəli çıxardı. 

 

Fasilədən sonra oyun daha da gözəlləşdi. Qarşılıqlı hücumlar, gərgin mübarizə və daha 3 qol. İkinci yarıda Xəyal Həsənovun komandası hesab arasındakı fərqi bir qədər də artırdı. Rəvan komandasının 3-cü, özünün isə 2-ci qolunu vurdu. Bundan sonra toparlanmaq növbəsi «Səbail»ə çatdı. Əvvəlcə 47-ci dəqiqədə Xəyal Əliyev fərqləndi. O, künc zərbəsindən sonra qapı önünə göndərilən və dirəkdən qayıdan topu qola çevirdi. 4 dəqiqə sonra isə rəqib müdafiəçidən topu «oğurlayan» Nicat Quliyev bərabərlik qolunu vurdu. Matçın qalan dəqiqələrində hər iki komandanın fərqlənmək imkanları olsa da, oyunda başqa qol vurulmadı və komandalar meydanı 1 xalla tərk etdilər.

 

Meydan sahiblərinin baş məşqçisi Səbuhi Həsənov Nəriman Axundzadəni «Qarabağ»ın ən yaxşısı adlandırdı. Qonaqların çalışdırıcısı Xəyal Həsənov isə meydan sahiblərinin heyətində Xəyal Əliyevin adını çəkdi.

 

«Sabah» - «Keşlə» 2:0
Qollar:
Turqut Mustafazadə, 51, 65

 

«Səbail» - «Qarabağ» oyunu ilə müqayisədə «Sabah» - «Keşlə» matçında 3 dəfə az qol vurulmasına baxmayaraq, baxımlılığına və əhəmiyyətinə görə bu oyun digərindən heç nə ilə geri qalmadı. Qarşılaşmada futbolçuları fiziki cəhətdən daha güclü olan «Sabah»ın üzü güldü. Hər iki qolun müəllifi Turqut Mustafazadə oldu. 

 

Meydan sahiblərinin məşqçisi Namiq Allahverdiyev «Keşlə»dən Tural Əmirhüseynov ilə qapıçı Kamran Məlikovun oyununu bəyəndiyini söylədi. Qonaqların çalışdırıcısı isə «Sabah»ın heyətində ən yaxşı oyunçu kimi Turqut Mustafazadənin adını çəkdi.

 

«Neftçi» – «Sumqayıt» 5:1
Qollar:
Oruc Məmmədov, 20, 70; Sərxan Məmmədov, 22;  Bahadur Quliyev, 29; Elcan Əbilov 40 – C.Mustafayev, 42

 

«Neftçi» İK İB – «Zirə» 1:0
Qol:
Tural Sədiyev, 30

 

Bombardirlər: Şahmar Aşurov («Sabah») – 12 qol, Nicat Quliyev («Səbail») – 11 qol.

 

U-15 Liqasında 6-cı turun oyunları noyabrın 3-də keçiriləcək: «Qarabağ» - «Sabah», «Sumqayıt» - «Səbail», «Mil-Muğan» - «Neftçi», «Zirə» - «Zaqatala», «Qəbələ» - «Neftçi» İK İB, İsgəndər Cavadov BFA – «Xilə», «Keşlə» - Gəncə TİM.

 

«Het-trik news» qəzeti

 

Xəbər xətti