U-16 Liqası: 16:0 hesab olar?!

11:19 - 10 Noyabr 2018

Noyabrın 8-də U-16 Liqasında 7-ci turun oyunları keçirildi. Ötən tur olduğu kimi bu oyun həftəsində də liderlər qrupunda yer alan komandalar rəqiblərini məğlub etdilər. Artıq, 7 turdan sonra çempionatda mükafatlar uğrunda mübaribə aparacaq komandalar böyük ölçüdə məlumdur. Bunlar «Keşlə», «Sabah», «Zirə» və «Qəbələ»dir. «Səbail», «Neftçi» İK İB, «Neftçi» və «Qarabağ»ın da gələcəkdə bu mübarizəyə qoşulma ehtimalı çoxdur. Birinciliyin autsayderləri haqqında da eyni sözü demək olar. Turnir cədvəlində son 5 pilləni tutan komandalardan ROİL-in statusu indidən bəllidir. Digərlərindən isə «Sumqayıt»ın toparlanaraq daha üst qatlara yüksəlmə şansları çoxdur. Əgər «qara zolaq»dan çıxa bilsə.

 

U-16 Liqası, 7-ci tur

 

«Neftçi» İK İB – «Neftçi» 0:1
Qol
: Rəşad Məhərrəmov, 58 (avtoqol)

 

Adaşların mübarizəsində hər iki komandanın qalib gəlmə şansı eyni idi. Bir tərəfdə etibarlı müdafiə xətti olan «Neftçi» İK İB, digər tərəfdə isə təcrübəli məşqçi Mirbağır İsayevin yeni-yeni formalaşdırdığı «Neftçi» var idi. 
Bu oyunun taleyini cəmi 1 top həll etdi. Matçın 59-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Rəşad Məhərrəmov fərqləndi. Amma o, topu öz qapısından keçirdi. Ramin Babayevin komandası bir neçə epizodda buraxılmış qolun əvəzini çıxmaq yaxın oldular. Gəl ki, həmin gün onların günü deyildi. Matçda yaddaqalan məqamlardan biri də oyunun lap sonlarında hakim Ramiz Məhərrəmovun «Neftçi» İK İB-nin qapısına penalti təyin etməsi oldu. Lakin Ağadadaş Salyanski Murad Məmmədov səddini keçə bilmədi. 

 

«Sabah» - ROİL 16:0
Qollar:
Şahin Kərimli, 4, 36; Nihad Həsənzadə, 12, 51; Bəhruz Tanrıverdiyev, 26, 40; Nihad Dəryagir, 30; Aqil Qurbanov, 53, 59, 66, 69, 73, 74; Şahmar Aşurov, 55, 77; Hüseynov Yunus, 64 (pen.); 

 

Bu oyun haqqında nə yazmaq olar? Hər şey göz önündədir. Yeganə diqqətçəkən məqam meydan sahibdərindən Aqil Qurbanovun 6 qol vurmasıdır. Təbii ki, bir də hesab. Birincilikdə indiyə kimi qeydə alınmış ən ciddi darmadağın.

 

«Səbail» - «Qəbələ» 1:5
Qollar:
Nicat Quliyev, 26 – Orxan Səlimov, 24; Mehrac Baxşəliyev, 30, Gülağa Əsədov, 35, 38; Ümid Həmzəyev, 45

 

Daha bir böyük hesab «Bayıl Arena»da qeydə alındı. Çempionatda yaxşı təsir bağışlayan «Səbail» bu dəfə özünə bənzəmədi. Güclü «Qəbələ» ilə oyunda Yaşar Abuzərovun komandası acı məğlubiyyət yaşadı. Hərçənd, «Səbail»in 1 xal götürmə şansı böyük idi. 

 

Oyunda hesab bir qədər gec açıldı. 24-cü dəqiqədə künc zərbəsindən sonra Orxan Səlimov matçda ilk qolu vurdu. «Qəbələ»nin qolun sevinci «qursağında qaldı». 2 dəqiqə sonra 2004-cü il təvəllüdlü Nicat Quliyev rəqibin 2 futbolçusundan sıyrılaraq uzaq məsafədən baxımlı qol vurdu. «Səbail»in bundan artığına gücü çatmadı. Mehrac Başxəliyev, Gülağa Əsədov və Ümid Həmzəyevin qolları meydan sahiblərinin birincilikdə 2-ci məğlubiyyətini rəsmiləşdirdi. Oyunda yaddaqalan məqamlardan biri də «Səbail»in hücumçusu Arif Məmmədovun meydandan qovulması oldu.

 

Qarşılaşmanın ən yaxşılarına gəlincə, Yaşar Abuzərov rəqib komandanın heyətində Gülağa Əsədovun adını çəkdi. Qonaqların çalışdırıcısı Xaqani Məmmədov isə «Səbail»dən Rauf Nağıyevlə Nicat Quliyevin oyununu daha çox bəyəndiyini söylədi.

 

«Turan Tovuz» - «Zirə» 0:5
Qollar:
Vüsal Əliyev, 10; Peyman Səmədli, 38, 55; Mahmud Məmmədzadə, 75; Elçin Bayramov, 78

 

Gözləndiyi kimi «Zirə» çətin Tovuz səfərindən qələbə ilə döndü. Amma asan qələbə ilə. Oyunboyu ərazi üstünlüyünə malik olan Cəfər Hüseynovun komandası rəqibi 5 cavabsız qolla yenməyi bacardı. «Zirə» çempionatda məğlub olmayan 2 komandadan biri olaraq qalır. «Turan Tovuz» isə son 2 oyunda qapısından 16 top buraxıb!

 

İsgəndər Cavadov BFA - «Viləş» 0:0

 

Eyni güclü rəqiblərin mübarizəsində qol qeydə alınmadı. Halbuki, hər iki komanda zaman-zaman qol vurmağa yaxın idi. İsgəndər Cavadov BFA-dan Rəvan İbrahimov, Məhəmməd Nəcəfov, İman İmanlı, «Viləş»dən isə Tosif İbişov, Mirsəlim İsayev və Samir Əliyev qol vurmağa yaxın oldular. Sadəcə, onların fərqlənməsinə bəxtsizlik və qapıçıların inamlı oyunu mane oldu. Yeri gəlmişkən, matçın sonuna doğru, daha dəqiq 72-ci dəqiqədə meydan sahibləri azlıqda qaldılar. Tosif İbişovun qapıçı ilə təkbətək çıxdığı anda İbrahim Məmmədov onu kobudluqla dayandırdı. Hakim Vüsal Əliyev İbrahimi son ümid foluna görə meydandan qovdu.
İsgəndər Cavadov BFA-nın baş məşqçisi Qəhrəman Əliyev «Viləş»dən Samir Əliyevlə qapıçı Məhəmməd Mehtiyevi rəqibin ən yaxşısı adlandırdı. Qonaqların çalışdırıcısı Kənan Seyfullayev isə öz növbəsində İsgəndər Cavadov BFA-dan Vüsal Alızadənin adını çəkdi.

 

«Qarabağ» - «Sumqayıt» («Sərhədçi» OİK-nin meydanı) - 3:2
Qollar:
Bəhram Köçərli, 55; Nəriman Axundzadə, 57; Fidayə Əzizov, 72 – Cəmil Zeynalzadə, 26; İlkin İbrahimov, 38

 

«Qəbələ» və «Zirə» kimi güclü komandalarla oyunda ardıcıl 2 məğlubiyyət alan «Qarabağ»a liderlər qrupundan daha da aralı düşməmək üçün «Sumqayıt»la qələbə hava-su kimi lazım idi. Asif Əlizadənin yetirmələri bunu bacardılar. Amma böyük zəhmət bahasına. «Qarabağ» məğlubiyyətə yaxın olduğu bir vaxtda geri dönüş etməyi bacardı. Şübhəsiz, bu oyunu 7-ci turun ən baxımlı qarşılaşması adlandırmaq olar.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab 26-cı dəqiqədə açıldı. Meydan sahiblərinin müdafiəçisi və qapıçısının bir-birini anlamaması üzündən «Sumqayıt»lı Cəmil Zeynalzadə fərqləndi. Hissənin sonuna doğru düşünülmüş hücum quran qonaqlar İlkin İbrahimovun ifasında 2-ci qolu vurdular. Birinci yarı bu hesabla başa çatdı.

 

Düşünmək olardı ki, fasilədən sonra Vaqif Paşayevin yetirmələri onlara sərf edən hesabı sona kimi qoruyacaqlar. Lakin hücumlarının kəsərini artıran «Qarabağ» özündə təpər tapıb matçın gedişatını dəyişə bildi. 55-ci dəqiqədə  Fidayə Əzizovun ötürməsindən sonra Bəhram Köçərli buraxılan toplardan birinin əvəzini çıxdı. 2 dəqiqə sonra bərabərlik qolu gəldi. Nəriman Axundzadə fərdi bacarığı sayəsində rəqibin 2 futbolçusundan sıyrılaraq baxımlı qol vurdu. Elədiklərindən ruhlanan «Qarabağ»lı futbolçular matçın başa çatmasına 8 dəqiqə qalmış Fidayə Əzizovla qələbə topunu vurdular. Ona Zöhrab Əsədov assistentlik etdi. 
Komandaların ən yaxşıları… Asif Əlizadənin fikrincə, «Sumqayıt»da Uğur Nağıyev, Vaqif Paşayevə görə isə «Qarabağ»da Bəhram Köçərli matçın ən yaxşısı idi.

 

«Keşlə» - Gəncə TİM 2:0
Qollar
: Əbil Əbilov, 26; Qurban Səfərov, 70

 

Liderin cari birincilikdə keçirdiyi ən zəif oyun bu tur oldu. Özünə bənzəməyən «Keşlə» qələbəni təcrübə hesabına əldə etdi desək, yanılmarıq. Oyun qurmaqda çətinlik çəkən meydan sahibləri məhz bu amilə görə aktivlərinə növbəti 3 xalı yazdırdılar.

 

İlk real qol epizodu 10-cu dəqiqədə ev sahibi komandanın qapısı qarşısında yarandı. Bəhram Muradovun penalti nöqtəsi üzərindən vurduğu güclü zərbəni Məhəmməd Tağıeyv başla boş qapdan çıxardı. Gəncə TİM-nin qapısı önündə nadir hallarda təhlükəli həmlələrlə yadda qalan «Keşlə» isə hər halda ilk qolu vura bildi. Vaqif Həsənovun ötürməsindən sonra son vaxtlar əla formada olan Əbil Əbilov topu qapıçı Elmir Bayramovun başı üzərindən qapıya göndərdi.

 

Fasilədən sonra qonaqlar Sərxan Rüstəmov və Sənan Əliyevlə bərabərlik qoluna yaxın olsalar da, onlarda dəqiqlik çatışmadı. Əvəzində qapılarında ikinci qolu gördülər. Vaqif Həsənov – Əbil Əbilov – Qurban Səfərov kombinasiyasında sonuncu adı çəkilən futbolçu topu boş qapıdan keçirdi. Yeri gəlmişkən, Qurbanın 2004-cü il təvəllüdlü futbolçu olduğunu və qolu topa ilk toxunuşda vurduğunu qeyd edək.

 

«Keşlə»nin baş məşqçisi qonaqların heyətində Sərxan Rüstəmovla Bəhram Muradovun oyununu daha çox bəyəndiyini söylədi. Onun həmkarı İlham Səmədov «Keşlə»dən 2 nəfərin - Əbil Əbilov və Məhəmməd Tağıyevin adını çəkdi.


Bombardir: Mehrac Baxşəliyev («Qəbələ»), Rauf Ağasənov («Səbail») – 10 qol.

 

U-16 Liqasında 8-ci tur noyabrın 15-də keçiriləcək: «Neftçi» - İsgəndər Cavadov BFA, ROİL – «Neftçi» İK İB, «Qəbələ» - «Sabah», «Zirə» - «Səbail», «Sumqayıt» - «Turan Tovuz», «Keşlə» - «Qarabağ», Gəncə TİM – «Viləş».

 

«Het-trik news»

 

Xəbər xətti