U-17 Liqası: "Xəzər Lənkəran"ı "topa tutdular"

00:34 - 13 Noyabr 2018

Noyabrın 10 və 11-də U-17 Liqasında 6-cı turun oyunları keçirildi. Hər tur olduğu kimi bu dəfə də oyun həftəsi darmadağınsız ötüşmədi. Komandalar arasında səviyyə fərqi tez-tez ikirəqəmli hesablara gətirib çıxarır. Bu da öz növbəsində çempionatın səviyyəsinə təsir göstərir. Bu dəfəki darmadağın «Tufan» və «Xəzər Lənkəran»ın iştirakı ilə keçirilən oyunlarda qeydə alındı. Bakı təmsilçisi «Sabah»a 12, lənkəranlılar isə «Qəbələ»yə 5 cavabsız qolla məğlub oldular.

 

U-17 Liqası, 7-ci tur

 

«Keşlə» - «Səbail» 2:0
Qollar
: Samir Abdullayev, 22, 75

 

Oyunun favoriti sayılan meydan sahibləri çətinliklə də olsa, aktivlərinə 3 xalı yazdıra bildilər. Meydan sahiblərindən hər 2 qolun müəllifi U-17 millimizin üzvü Samir Abdullayev oldu. O, 22-ci dəqiqədə özünə qarşı edilən kobudluğa görə hakimin təyin etdiyi cərimə zərbəsini mükəmməl yerinə yetirərək hesabı açdı. Matçın sonlarına doğru isə uzaq məsafədən vurduğu güclü zərbə ilə yekun nəticəni müəyyənləşdirən qolu vurdu. Qələbə sayəsində İlham Yadullayevin yetirmələri liderliyə yüksəldilər. Amma itirilən xallara görə «Keşlə» 1 oyun az keçirmiş və 2-ci pillədə qərarlaşan «Neftçi»dən geri qalır. Maraq üçün qeyd edək ki, növbəti tur bu komandaların öz aralarında qarşılaşacaqlar.

 

«Neftçi» - «Neftçi» İK İB 1:0
Qol
: Zərrər Məmmədov, 21

 

«Neftçi»dən söz düşmüşkən, Fərrux İsmayılovun komandası adaşı üzərində minimal hesablı qələbəyə sevindi. Matçda yeganə qolu 21-ci dəqiqədə Zərrər Məmmədov vurdu. Ümumiyyətlə, oyun idman mübarizəsindən çox gərginliklər və kobudluqlarla yadda qaldı. Hakim Elgün Hüseynov meydan sahiblərinin 3, qonaqların isə 4 futbolçusunu «sarı»ya «qonaq etdi». Matçın 90-cı dəqiqəsində isə o, «Neftçi»nin futbolçusu Fərid Yusiflini rəqibi təhqir etdiyinə görə meydandan qovdu.

 

«Zirə» - «Qarabağ» 2:1
Qollar
: Həzrət İsayev, 13; Mikayıl Kərimli, 61 – Fidayə Əzizov, 70

 

Gərgin mübarizə şəraitində keçən oyunda «Zirə» çətinliklə də olsa, qalib gələ bildi. Rəşad Hüseynovun yetirmələrindən Həzrət İsayev və Mikayıl Kərimli fərqləndilər. 70-ci dəqiqədə isə Samir Musayevin komandası buraxılmış qollardan birinin əvəzini çıxa bildi. 15 yaşlı Fidayə Əzizov əlinə düşən fürsəti qola çevirdi. 

 

«Qəbələ» - «Xəzər Lənkəran» 5:0
«Sumqayıt» - «Mil-Muğan» 4:1
«Sabah» - «Tufan» 12:0

 

Təəssüf ki, böyük hesabla başa çatan hər 3 oyunun protokolunu əldə edə bilmədik. Öyrənə bildiyimiz yeganə fakt «Qəbələ»dən fərqlənən futbolçuların adları oldu. «Xəzər Lənkəran»la oyunda Aqil Nəsibov «het-trik», Samir Məhərrəmli dubl edib. Hesab 1:0 olarkən «Xəzər Lənkəran»lı futbolçu penaltidən yararlana bilməyib.

 

Bombardir: Emil Quluzadə («Neftçi») – 9 qol.

 

U-17 Liqasında 8-ci turun oyunları noyabrın 17-də keçiriləcək: «Səbail» - «Mil-Muğan», «Qarabağ» - «Sumqayıt», «Xəzər Lənkəran» - «Zirə», «Tufan» - «Qəbələ», «Neftçi İK İB – «Sabah», «Keşlə» - «Neftçi».

 

«Het-trik news» qəzeti

 

Xəbər xətti