U-16 Liqası: "Keşlə" və "Qəbələ"dən "6 xallıq" qələbə

00:41 - 16 Noyabr 2018

Dünən U-16 Liqasında 8-ci turun 6 oyunu keçirildi. Yalnız «ROİL» - «Neftçi» İK İB matçı bu gün baş tutacaq. Qarşılaşma Aviasiya Akademiyasının stadionunda saat 15:00-da start götürəcək.

 

Başa çatan oyunlara gəlincə, turun nəticəsi daha çox maraqla gözlənilən 3 qarşılaşmasının birində qalib müəyyənləşmədi. Lider «Keşlə» çətin qələbə sayəsində statusunu qorudu. 4-cü pillədəki «Qəbələ» isə qalib gəlməklə 2-ci yerə yüksəldi və «Keşlə»nin ən yaxın izləyicisinə çevrildi. Maraqlıdır ki, bu 3 oyunda qapılara cəmi 2 qol vuruldu. O da maraqlıdır ki, 5 matçdakı qolların ümumi sayı «Neftçi» - İsgəndər Cavadov BFA oyunundakı qolların sayından azdır.


U-16 Liqası, 8-ci tur

 

«Zirə» - «Səbail» 0:0

 

Turun açılış oyunu gərgin mübarizə ilə yadda qaldı. Hər iki komanda oyuna ciddi itkilərlə çıxmışdı. Qonaqların heyətində qol silahı Arif Məmmədov cəza səbəbindən oyunu kənardan izləyirdi. Meydan sahiblərindən isə «tamaşaçı»ların sayı daha çox idi. Komandanın lideri Cəlal Hüseynov, eyni zamanda, əsas heyət üzvlərindən Məhəmməd Səfərov zədəli idilər. Baş məşqçi Cəfər Hüseynov passivlərində 3 sarı kart olan Nürəli Nurəliyevlə Rəhim Cəfərlini isə «Sabah»la növbəti turdakı oyuna görə heyətə salmamışdı. Ki, birdən həmin futbolçulardan hansısa sarı kart alar və cəzalı duruma düşər.

 

Real qol epizodları baxımından kasad olan oyun daha çox gərgin mübarizə ilə yadda qaldı. Doğrudur, zaman-zaman hər iki tərəf rəqib qapısı önündə təhlükəli həmlələrlə yadda qaldılar. Amma qola sevinən olmadı.
Cəfər Hüseynov qonaqların heyətində Elməddin Qurbanlı ilə Fərid Bağırovun daha çox seçildiyini, qonaqların çalışdırıcısı Yaşar Abuzərov isə «Zirə»dən qapıçı Uğur İbrahimovun oyununu bəyəndiyini söylədi.

 

«Keşlə» - «Qarabağ» 1:0
Qol:
Vaqif Həsənov, 20

 

«Zirə» kimi cari çempionatda hələ də məğlubiyyət üzü görməyən «Keşlə» bu oyunda çətinliklə qələbə qazanmaqla liderliyini qorudu. Üstəlik, bu tura kimi ən yaxın izləyiciləri «Zirə» ilə «Sabah»ın xal itirməsi komandanın işinə yaradı.

 

Oyun «Keşlə»nin hücumları ilə başladı. Artıq, 3-cü dəqiqədə Əbil Əbilovun cinah asmasından sonra qapı qarşısında nəzarətsiz qalan Kamal Kazımov topu başla qapının üstündən vurmaqla təhlükəli epizodlarda «hesabı açdı». «Qarabağ»ın cavabı özünü çox gözlətməli. Mirmövsüm Caniyevin «duqa»nın üzərindən vurduğu zərbə təhlükəli alındı. Hesab 20-ci dəqiqədə açıldı. Cərimə meydançası daxilində topu qəbul edən Vaqif Həsənov rəqib müdafiəçidən sıyrılaraq çətin durumda baxımlı qola imza atdı. Buraxılan qoldan sonra oyunda tarazlıq yaradan «Qarabağ» ara-sıra təhlükəli həmlələr etməyə çalışsa da, yüz faizlik qol epizodu yaxalaya bilmədi. Eyni sözlər «Keşlə»yə də aiddi.

 

Fasilədən sonra qol olmasa da, meydanda daha maraqlı mübarizə getdi. «Qarabağ»dan Mirmövsüm Caniyev, Fidayə Əzizli, Elnur Əliyev meydan sahiblərinə əməlli-başlı «qol qorxu»su yaşatdılar. Amma bütün hallarda qapıçı Azər Fərmanov səhvsiz oynadı. «Keşlə» də boş dayanmamışdı. Hətta onların qol imkanları daha çox və yaxşı idi. 2 dəfə Əbil Əbilov, hərəsinə 1 dəfə olmaqla Qurban Səfərov, Məhəmməd Tağıyev, Rəşad Həsənov qol vurmağa yaxın oldular. Gəl ki, bütün hallarda qapıçı Cavidan İzzətli keçilməz idi. Matçın kuliminasiya nöqtəsi 67-ci dəqiqədə oldu. Seymur Məmmədov rəqibdən topu «oğurlayaraq» onu  Qurban Səfərova ötürdü. Cavidan İzzətli ilə üz-üzə qalan Qurbanı qayda pozuntusu hesabına dayandırmaq mümkün oldu. Penalti! Topa yaxınlaşan Vaqif Həsənovun zərbəsini oyunun qəhrəmanlarından sayılan Cavidan zərərsizləşdirə bildi. Matçın qalan dəqiqələri bir qədər əsəbii xarakterdə keçdi. Baş hakim, təcrübəli Ziya Nəsirovun əsas vaxta əlavə etdiyi dəqiqələrdə «Qarabağ» hesabı bərabərləşdirməyə yaxın oldu. Amma oyuna sonradan qoşulan Zakir Əzizovun zərbəsini matçın digər qəhrəmanı Azər Fərmanov dəf edə bildi.
Matçın ən yaxşılarına gəlincə, «Keşlə»nin baş məşqçisi Xəyal Mustafayev rəqibin heyətində Fidayə Əzizovla Cavidan İzzətlinin, «Qarabağ»ın çalışdırıcısı Asif Əlizadə isə «Keşlə»dən Hümmət Məmmədovla Seymur Məmmədovun adını çəkdi.

 

«Qəbələ» - «Sabah» 1:0
Qol
: Rauf Rüstəmli, 50

 

Bu oyunu «6 xallıq» qarşılaşma da adlandırmaq olardı. «Keşlə» - «Qarabağ» matçından 1 saat sonra start götürən və olduqca maraqlı mübarizə şəraitində keçən bu görüşdə də qapılara cəmi 1 qol vuruldu. İlk yarıda ərazi üstünlüyünə malik olan «Qəbələ» rəqib qapısı önündə cəmi 1 təhlükəli vəziyyət yarada bildi. Ümid Həmzəyevin baş zərbəsi qapıdan azca aralı keçdi. Daha çox əks-hücumlara bel bağlayan qonaqlar isə fasilədən sonrakı oyunları ilə yadda qaldılar. «Qəbələ»ni öz yarımmeydanında sıxmağa çalışan «Sabah» 50-ci dəqiqədə qapısında qol gördü. Rauf Rüstəmli 25-26 metr məsafədən güclü zərbə ilə Kamran Şabıyevin qoruduğu qapının torunu silkələdi. 

 

«Qəbələ»nin baş məşqçisi «Sabah»ın heyətində Fərrux Fərzəliyevlə Nihad Dəryagirin oyununu daha çox bəyəndiyini bildirdi. Qonaqların baş məşqçisi İlqar Mənsimov Gürcüstanda olduğu üçün komandanı oyuna «Sabah»ın U-15 komandasının baş məşqçisi Namiq Allahverdiyev çıxarmışdı. Onun fikrincə, meydan sahiblərinin heyətində xoşuna gələn Rauf Rüstəmli ilə Mehrac Baxşəliyev oldular.

 

Gəncə TİM – «Viləş» 1:0
Qol
: Raul Əlizadə, 25

 

Əvvəlki 2 oyunda olduğu kimi Gəncədə də 1:0 hesabı qeydə alındı. Yeganə qol matçın 25-ci dəqiqəsində vuruldu. Künc zərbəsindən sonra qapı önünə göndərilən topu Raul Əlizadə başla qapıdan keçirdi. Oyunun qalan bəqiqələrində meydan sahiblərindən Bəhram Muradov, Əbdüləli Qasımov, Cavad Kərimov qonaqlardan isə Tosif İbişov qol vurmağa yaxın olsalar da, hesabı yeniləyə bilmədilər.

 

Matçdan sonra məşqçilərlə əlaqə saxlayıb rəqibin ən yaxışalırın adları öyrəndik. Gəncə TİM-nin məşqçisi İlham Səmədov Samir Əliyevlə Anar Şirvanlının, «Viləş»in baş məşqçisi Kənan Seyfullayev isə Orxan Rüstəmovla Cəlal Zeynalovun adlarını çəkdi.


«Neftçi» - İsgəndər Cavadov BFA 8:1
Qollar
: Ağadadaş Salyanski, 10, 12, 15, 38; Tural Axverdiyev, 46; Altay Abdulkərimov, 48; Kənan Tağızadə, 65; Rəvan Nağıyev, 79 – Məhəmməd Məmmədov, 29

 

Bu oyun haqqında nə deyək?! Hər şey göz önündədir. Yavaş-yavaş özünə gələn «Neftçi» rəqibi darmadağın etdi. Ardıcıl 2 oyunda qalib gələn Mirbağır İsayevin komandası növbəti 3 oyununda, yəni, «Viləş», Gəncə TİM və ROİL-lə matçlarda maksimum nəticə göstərərsə, liderlər qrupuna xeyli yaxınlaşacaq. İsgəndər Cavadov BFA isə ROİL-lə növbəti oyununda qələbəyə yaxın görünür. Lakin daha sonra onları «Sabah» və «Zirə» ilə «ağır döyüş» gözləyir.

 

«Sumqayıt» - «Turan Tovuz» 4:1
Qollar:
Elmar Turabov, 25; İlkin Kərimli, 50; Cəmil Zeynalzadə, 73; İlkin İbrahimov 78 – Sənan Aslanov, 46


Nəyahət, 1-2 kəlmə ilə dünənin son matçı barədə. Qarşılaşma nəzərdə tutulduğundan 35 dəqiqə gec başladı. Buna səbəb «Turan Tovuz»u Sumqayıta aparan avtobusun Kürdəmir rayonu ərazisində xarab olması idi. Gecikən qonaqlar məşq etmədən meydana çıxdılar və bu, onların oyununa təsirsiz ötüşmədi. Vaqif Paşayevin yetirmələri ardıcıl 5 məğlubiyyətdən sonra ilk qələbələrini qazandılar. Ardıcıl 3 oyunda 20 top buraxan tovuzluları isə qələbədən çox Tovuza necə qayıdacaqları maraqlandırırdı.

 

Yazının əvvəlində qeyd etdiyimiz kimi, tura bu gün ROİL – «Neftçi» İK İB matçı ilə yekun vurulacaq. ROİL-nin futbolçusu Səyyad Xantəmirov cəzalı olduğu üçün oyunu buraxacaq.


Bombardir: Mehrac Baxşəliyev («Qəbələ»), Rauf Ağasənov («Səbail») – 10 qol.

 

U-16 Liqasında növbəti turun oyunları noyabrın 22-də keçiriləcək. Qeyd edək ki, təqvimə əsasən 9-cu tur noyabrın 29-a təyin olunmuşdu. Bu da U-16 millimizin mümkün təlim-məşq toplanışının olması ilə bağlı idi. Toplanış olmadıbı üçün təqvim 1 həvtə irəli «sürüşdürüldü»: «Turan Tovuz» - «Keşlə», «Səbail» - «Sumqayıt», «Sabah» - «Zirə», «Neftçi» İK İB – «Qəbələ», İsgəndər Cavadov BFA – ROİL, «Viləş» - «Neftçi», «Qarabağ» - Gəncə TİM.

 

 

«Het-trik news»

Xəbər xətti