U-15 Liqası: Məşhur futbolçumuzun adını biabır etdilər

10:37 - 3 Dekabr 2018

Həftəsonu U-15 Liqasında 10-cu turun oyunları keçirildi. Oyun həftəsi ən çox bir nəticə ilə yadda qalacaq. Söhbət «Neftçi» - İsgəndər Cavadov BFA qarşılaşmasında qeydə alınan hesabdan gedir. «Neftçi» bu oyunda 16 cavabsız qol vurmaqla rəqibini darmadağın etdi. Bu, məşhur futbolçunun adını daşıyan akademiya təmsilçisinin ilk belə böyük hesablı məğlubiyyəti deyil. Komanda 5-ci turda «Qəbələ»yə 0:11 hesabı ilə məlğub olmuşdu.

 

Turun digər oyunlarına gəlincə, «Qarabağ» «Sumqayıt»la oyunda son saniyələrdə vurduğu qolla 3 xalı bayram etdi. Nəticəsi maraqla gözlənilən «Səbail» - «Qəbələ» matçında isə qonaqlar qələbə qazandılar. Üstəlik, çempionat ərzində qapılarında ilk qolu gördülər

 

U-15 Liqası, 10-cu tur

 

Gəncə TİM – «Neftçi» İK İB 0:2
Qollar:
Yadigar Qocayev, 46; Pərviz Quluzadə, 66

 

Turun açılış matçı Gəncədə baş tutdu. Autsayderlər arasında qərarlaşan gəncəlilər çempionatın ortabablarından olan «Neftçi» İK İB-ni qəbul etdilər. Bərbad meydanda keçən maraqsız oyunda qonaqlar qalib gəldilər. 

 

Bu oyunda Gəncə TİM-dən İlqar Məmmədovu, qonaqlardan isə Ceyhun Əliyevlə Nihad Həsənovu komandalarının ən yaxşısı adlandırmaq olar.

 

«Keşlə» - «Mil-Muğan» 5:0
Qollar:
Qurban Səfərov, 2, 14; Cavid Yadullayev, 8; Rəşid Səfixanlı, 41; Hüseyn Quliyev, 70+1

 

«Keşlə»nin bu oyunda qalib gələcəyi gün kimi aydın idi. Sadəcə, austayderlə oyunda hansı hesabın qeydə alınacağı maraq doğururdu.

 

Qarşılaşma meydan sahiblərinin hücumları ilə başladı və artıq, 2-ci dəqiqədə Qurban Səfərov hesabı açdı. 6 dəqiqə sonra günc zərbəsindən sonra qapı önünə havalandırılan topu Cavid Yadullayev başla qapıdan keçirdi. «Keşlə» 1-ci hissədə Qurban Səfərovla daha 1 dəfə fərqləndi. 

 

Fasilədən sonra daha çox top saxlamağa üstünlük verən Nurəddin Məmmədovun yetirmələri əvvəlcə hissənin əvvəllərində Rəşid Səfixanlı ilə 4-cü, matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə isə Hüseyn Quliyevlə 5-ci qolu vurdular. 

 

Böyük hesabla məğlub olmalarına baxmayaraq, İmişli təmsilçisinin heyətində seçilən futbolçular var idi. Bunlar Ramil İsmayıllı ilə Nihat Həsənli idilər. «Keşlə»dən isə qol vuran futbolçulardan başqa ən çox gözə dəyən Nihat Şirinzadə, Elmir Babayev və Ayxan Məcidov oldular.

 

«Səbail» - «Qəbələ» 1:2
Qollar:
Nicat Quliyev, 62 – Nuğay Rəşidov, 4; Sənan Ağalarov, 68

 

Nəhayət, «Qəbələ»nin qapısına qol vuran tapıldı. Bu oyuna kimi qapısını toxunulmaz saxlayan əyalət təmsilçisi qələbəyə sevinsə də, «quru seriya»nın pozulmasına üzüldü. 

 

Maraqlı mübarizə şəraitində keçən oyunda erkən qol qeydə alındı. 4-cü dəqiqədə Emin Süleymanovun vurduğu zərbə dirəkdən dönsə də, özünü hamıdan tez topa çatdıran Nuğay Rəşidov hesabı açdı. Qarşılıqlı hücumlar şəraitində keçən ilk yarıda qapılar önündə kifayət qədər təhlükəli vəziyyətlər yaranda. Amma komandalardan heç biri fasiləyə kimi hesabı dəyişə bilmədi. 

 

İkinci yarının sonlarına doğru «Səbail» bərabərlik qolunu vura bildi. Raul Məmmədovun ötürməsindən sonra komandanın lideri Nicat Quliyev çempionatda «Qəbələ»nin qapısından ilk qolu keçirdi. O, Kamil Nəzərlinin irəli çıxmasından istifadə edib topu onun başı üzərindən qapıya göndərdi. Buraxılan qoldan sonra ruhdan düşməyən lider matçın başa çatmasına 2 dəqiqə qalmış qələbə qolunu vurdu. Emin Süleymanovun ötürməsindən sonra meydana əvəzetmədən yenicə daxil olmuş Sənan Ağalarov fərqləndi.

 

«Səbail»in baş məşqçisi Səbuhi Həsənov «Qəbələ»dən Nuğay Quliyevin, qonaqların çalışdırıcısı Ülfət Mədətov isə «Səbail»dən Nicat Quliyevin hamıdan yaxşı oynadığını söylədi.

 

«Zaqatala» - «Xilə» 0:0

 

Yağışlı havada keçən oyunda «quraqlıq» oldu. Hər 2 komanda rəqib qapısı önündə yetərincə qol epizodu yaratsa da, qol sevinci yaşanmadı. Maraqlı ola biləcək məqam matçın gedişində stadiona qatı dumanın çökməsi oldu. Hər halda matçın baş hakimi Samir Muradov oyunu dayandırmadı. Az sonra duman dağlara çəkildi. Digər maraqlı məqam «Xilə»nin qapıçısı Seymur Muradovun əslən Zaqataladan olması idi. Başqa sözlə, zaqatalıların sevinməsinə mane olanlardan ən birincisi elə zaqatalalı oldu.

 

Oyunun yaxşıları haqda. «Zaqatala»nın baş məşqçisi İslam Şabanov «Xilə»dən Misir Ələsgərovun, onun həmkarı Əli Məmmədov isə meydan sahiblərindən Zübair Əliyevin adını çəkdi. 

 

«Qarabağ» - «Sumqayıt» 2:1
Qollar:
Rəvan Əvəzov, 66; Süleyman Süleymanov, 70+2 – Əli Əlizadə, 3 (pen.)

 

Olduqca maraqlı oyun həm də dramatikliyi ilə yadda qaldı. Matçın favoriti «Qarabağ» idi. Buna baxmayaraq, artıq, 3-cü dəqiqədə meydan sahibləri qapılarından top buraxdılar. Seymur Tapdıqov cərimə meydançası daxilində Rəhman Məmmədova qarşı kobud oynadı və hakim Fərid Hacıyev «Qarabağ»ın qapısına penalti təyin etdi. Topa yaxınlaşan Əli Əlizadə Tərxan Mehmanlı ilə dueldən qalib ayrıldı.

 

Buraxılan qoldan sonra Rəvan Əvəzov, Cəfər Həsənov, Süleyman Süleymanovla real qol epizodlarını sağa-sola xərcləyən «Qarabağ» yalnız matçın sonuna doğru istəyinə çatdı. 66-cı dəqiqədə Vasif Fərəcəovdan əla ötürmə alan Rəvan Əvəzov bərabərlik qolunu vurdu. Matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə isə Xəyal Həsənovun yetirmələri qələbə qoluna sevindilər. Bu dəfə də Vasif assistent rolunu oynadı. Məhz onun ötürməsindən sonra Süleyman Süleymanov rəqib qapısının torunu silkələdi.

 

Matçın yaxşıları… «Qarabağ»dan qolu vuran və ötürmə müəllifinin, «Sumqayıt»dan Rəhman Məmmədovun adını çəkərdik. 

 

«Sabah» - «Zirə» 4:1
Qollar:
Şahmar Aşurov, 24, 35, 65; Emin Məcidzadə, 67 – Mahmud Ağayev, 66

 

Çempionluğa iddialı «Sabah» çətin rəqiblə oynda inamlı qələbə qazandı. Çempionatın bombardiri Şahmar Aşurov bu oyunda «het-trik»lə yadda qaldı. Bununla da o, aktivindəki qol sayını 23-ə çatdırdı.

 

«Sabah»ın baş məşqçisi Namiq Allahverdiyev «Zirə»dən Mahmud Ağayevlə 4 qol buraxmasına baxmayaraq, qapıçı Kamran İsmayılovun oyunun bəyəndiyini söylədi. Qonaqların baş məşqçisi Niyazi Rzayev isə şübhəsiz ki, Şahmar Aşurovun adını çəkdi.

 

«Neftçi» - İsgəndər Cavadov BFA 16:0
Qollar:
Oruc Məmmədov, 6, 19, 24, 42, 52, 54, 67, 70; Nihad Şirinov, 9; Sərxan Məmmədov, 14; Müzəffər Həsənov, 22; Nahid Tanrıverdiyev, 32; Ağadadaş Salyanski, 48, 63; Rəsul Qazıyev, 59; Bahadur Quliyev, 65

 

Bu oyun haqda nə yazaq? Hər şey göz önündədir. Yeganə yazılası məqam Oruc Məmmədovun 8 qol vurmasıdı. Məhz bu qollar sayəsində Oruc çempionatın bombardiri Şahmar Aşurovu haqlaya bildi. 

 

U-15 Liqasında 11-ci turun oyunları dekabrın 8-9-da keçiriləcək: «Mil-Muğan» - «Qarabağ», «Zirə» - «Keşlə», «Qəbələ» - «Sabah», İsgəndər Cavadov BFA – «Səbail», «Xilə» - «Neftçi», «Neftçi İK İB – «Zaqatala», «Sumqayıt» - Gəncə TİM.

 

Bombardirlər: Şahmar Aşurov («Sabah») – 23 qol, Oruc Məmmədov («Neftçi») – 22 qol.

 

 

«Het-trik news» qəzeti

Xəbər xətti