U-16 Liqası: "Sabah" "Qəbələ"ni liderliyə yüksəltdi

09:44 - 8 Dekabr 2018

Dekabrın 6-da U-16 Liqasında start götürən 11-ci tura dünən keçirilən 1 oyunla yekun vuruldu. Tur daha çoh lider dəyişikliyi ilə yadda qaldı. Mərkəzi oyunda «Keşlə»ni məğlub etməklə «Sabah» həm rəqibi «taxtdan saldı», həm də 2-ci pilləyə yüksəldi. Bundan istifadə edən «Qəbələ» isə asan rəqiblə oyunda qalib gəlməklə liderliyə yüksəldi. 11-ci turdakı oyunlar barədə bir qədər ətraflı.

 

«Sabah» - «Keşlə» 2:1
Qollar:
Şahin Kərimli, 21; Mircəlal Abbasov, 67 - Kamal Kazımov, 17

 

Elə mərkəzi oyundan başlayaq. Bu qarşılaşmanı «6 xallıq oyun» da adlandırmaq olardı. 11-ci tura kimi çempionatda məğlubiyyət üzü görməyən «Keşlə»nin ilk dövrədə son çətin rəqibi «Sabah» idi. «Keşlə» qalib gələcəyi halda ən yaxın izləyicilərindən birindən 5 xal aralı düşəcəkdi. «Sabah» qalib gələcəyi halda isə… «Sabah» qalib gəldi.

 

Maraqlı keçəcəyi gözlənilən matçda ilk təhlükəli vəziyyət 2-ci dəqiqədə «Sabah»ın qapısı qarşısında yarandı. Qapıçı Kamran Şabıyevin irəli çıxmasından istifadə etdən Vaqif Həsənov topu qapıya tərəf göndərsə də, zərbəsində dəqiqlik çatışmadı. Bundan sonra əsasən meydanın mərkəzində gedən oyunda ilk qolu qonaqlar vurdular. 17-ci dəqiqədə Əbil Əbilovun günc zərbəsindən cərimə meydançasına göndərdiyi topu Kamal Kazımov tək toxunuşla qapıdan keçirdi. 

 

Az sonra «Sabah»dan cavab gəldi. Vüsal Vəliyevin qapıçı meydancasına ötürdüyü topu Şahin Kərimli «Keşlə»nin qapıçısı Cavid Qurbanovun inamsız oyunundan istifadə edərək başla tora göndərdi – 1:1. Yeri gəlmişkən, bu, «Sabah»ın ilk hissədə yarada bildiyi yeganə real qol epizodu oldu. Qonaqlar isə 1 dəfə Məhəmməd Tağıyevin uzaqdan vurduğu qeyri-dəqiq zərbə və vurulmayan penalti ilə yadda qaldılar. Beləki 26-cı dəqiqədə Məhəmməddən ötürmə alan Əbil Əbilov cərimə meydançası daxilində Bəhruz Tanrıverdiyevlə mübarizədə yıxıldı. Hakim bunu penalti kimi dəyərləndirdi. Topa yaxınlaşan Vaqif Həsənov Kamran Şabıyev səddini keçə bilmədi.

 

Fasilədən sonra olduqca maraqsız oyunun şahidi olduq. Komandalar yaradıcı futboldan çox «güləşməyə» üstünlük verirdilər. «Sabah»ın qələbə qoluna gəlincə, bu, matçın başa çatmasına 13 dəqiqə qalmış gerçəkləşdi. Meydanın mərkəzində topu ələ keçirən Şahmar Aşurov onu Mircəlal Abbasova ötürdü. Cavid Qurbanovla üz-üzə qalan Mircəlal fürsətdən maksimum yararlandı. 

 

Matçın qalan dəqiqələrində azından məğlubiyyətdən yaxa qurtarmağa çalışan «Keşlə» yalnız 1 dəfə oyunun ən yaxşılarından olan Rəşad Həsənovun ifasında təhlükəli həmlə ilə yadda qaldılar. Lakin Rəşadın zərbəsi qapıdan aralı keçdi.

 

«Sabah»ın baş məşqçisi İlqar Mənsimov «Keşlə»dən bəstəboyları – Hümmət Məmmədovla Məhəmməd Tağıyevin oyununu daha çox bəyəndiyini söylədi. Qonaqların çalışdırıcısı Xəyal Mustafayev isə «Sabah»dan onlara başağrısı olan Kamran Şabıyevlə Mircəlal Abbasovun adını çəkdi.

 

«Səbail» - «Qarabağ» 2:1
Qollar:
Nicat Quliyev, 4; Rauf Ağasənov, 40 – Mirmövsüm Caniyev, 10

 

Nəticəsi maraq doğuran daha bir qarşılaşma eyni vaxtda «Bayıl Arena»da start götürdü. Ötən tur səfərdə «Keşlə»ni büdrətməyi bacaran «Səbail» bu dəfə «Qarabağ»a badalaq vurdu. 

 

«Sabah» - «Keşlə» matçından xeyli maraqlı keçən bu oyunda erkən qol qeydə alındı. Rauf Ağasənovun ötürməsindən sonra 14 yaşlı Nicat Quliyev hesabı açdı. Lakin qonaqlar 6 dəqiqə sonra bərabərlik qolunu vura bildilər. Cərimə zərbəsindən qapı önünə göndərilən topu «Səbail»in qapıçısı Fərrux Əzizov tutmaq istəyərkən əlindən buraxdı və özünü yetirən Mirmövsüm Caniyev status-kvonu bərpa etdi.

 

Fasiləyə kimi hər iki tərəfin qol vurmaq üçün imkanları olsa da, bundan yalnız «Səbail» 1 dəfə istifadə edə bildi. Bu dəfə Nicatdan ötürmə alan Rauf Ağasənov çempionatda 12-ci qolunu vurmaqla «Qəbələ»li bombardir Mehrac Baxşəliyevlə top fərqini 1-ə endirdi.

 

Fasilədən sonra yenə də hər iki tərəfin qol imkanları olsa da, ikinci yarı daha çox qırmızı vərəqələrlə yadda qaldı. 65-ci dəqiqədə qonaqlardan Elnur Əliyev, 77-ci dəqiqədə isə meydan sahiblərindən Fərid Əhmədov ikinci sarı ilə meydandan qovuldular.

 

«Səbail»in məşqisi Yaşar Abuzərov rəqib komandada Fidayə Əzizovla Musa Musazadənin, «Qarabağ»ın çalışdırıcısı Asif Əlizadə isə «Səbail»dən Nicat Quliyevin daha yaxşı oyun sərgilədiklərini söylədilər.

 

«Neftçi» - ROİL 11:0
Qollar:
Ağadadaş Salyanski, 10, 17, 26, 40; Nihad Şirinov, 15; Kənan Tağızadə, 38; Nihad Fərəci, 50; Rəvan Nağıyev, 58, 61; Dünyamalı Sevdimalıyev, 75, Altay Abdulkərimov, 77

 

Son vaxtlar uğurlu çıxışı və baxımlı oyunu ilə yadda qalan «Neftçi» autsayderin qapısından komandalardakı futbolçuların sayı qədər top keçirdi. 2004-cü il təvəllüdlü Ağadadaş Salyanski bu oyunda poker etdi. Daha bir maraqlı məqam «Neftçi»nin yenə də qapısını toxunulmaz saxlaması oldu. Rəqiblərə Mirbağır İsayevin komandasını 11 oyunda cəmi 6 dəfə məyus etmək qismət olub. Yeri gəlmişkən, «Neftçi» bu göstərici ilə çempionatda an az qol buraxan komanda adını özündə saxlayır. 

 

İsgəndər Cavadov BFA – «Zirə» 0:3
Qollar
: Vüsal Əliyev, 8; Fərda Qurbanov, 32; Peyman Səmədli, 60

 

Qonaqların asan rəqiblə səfər matçında asan qələbə qazanacağı gün kimi aydın idi və bu, baş verdi. Hesab daha böyük ola bilərdi. Əgər qonaqlardan Mahmud Ağayev, Vüsal Əliyev, Fərda Qurbanov, Rəhim Cəfərli, Məhəmməd Səfərov əllərinə düşən fürsətləri sağa-sola xərcləməsəydilər. Hər halda «Zirə» bu oyunda həmin şanslardan yalnız üçündən istifadə edə bildi. 

 

8-ci dəqiqədə Məhəmməd Səfərovdan ötürmə alan Vüsal Əliyev hesabı açdı. İlk yarının başa çatmasına az qalmış Mahmud Ağayevin ötürməsini zay etməyən Fərda Qurbanov baxımlı qola imza atdı və komandalar fasiləyə «Zirə»nin 2:0-lıq üstünlüyü ilə yollandılar. 

 

Fasilədən sonra qonaqlar cəmi 1 qol vurdular. Vüsal Əliyevin ötürməsindən sonra Peyman Səmədli yekun nəticəni müəyyənləşdirən qolu vurdu

 

Qonaqların baş məşqçisi Cəfər Hüseynov meydan sahiblərindən qapıçı Nail Əhmədovla Vüsal Alızadənin oyununu bəyəndiyini söylədi. İsgəndər Cavadovun baş məşqçisi Qəhrəman Əliyev isə ayağından əməliyyat olunduğu üçün bu dəfə komandasının oyunun izləyə bilmədi. Bu üzdən rəqibin heyətində ən yaxşıların adına aydınlıq gətirə bilmədik.

 

«Turan Tovuz» - Gəncə TİM 1:6
Qollar:
Talıb Bayramov, 46 – Sərxan Rüstəmov, 23, 39; Radil Tanrıverdiyev, 36, 56; Rəşid Zeynalov, 38; Bəhram Muradov, 44

 

«Qərb derbisi»ndə qonaqlar meydan sahiblərini biabırçı hesabla məğlub etdilər. Düzü, «Turan Tovuz»un bu oyunda məğlub olacağını haradasa gözləmək olardı. Amma bu hesabla yox.

 

«Turan Tovuz»un baş məşqçisi Nizami Ocaqverdiyev gəncəlilərin heyətində Orxan və Sərxan Rüstəmovları bəyəndiyni söylədi. Onun həmkarı İlham Səmədov isə «Turan Tovuz»un heyətində daha çox seçilən Rüfan Tomuyevlə Talıb Bayramovun adını çəkdi.

 

Gəncə TİM-dən söz düşmüşkən, 10-cu turun icmalında gedən bir yanlışlığı düzəltməyi lazım bildik. 10-cu tur çərçivəsində keçirilən Gəncə TİM – «Neftçi» (0:0) matçından sonra meydan sahiblərinin heyətində ən yaxşı futbolçu kimi Anar Yusifovla Hüseyn Babayevin adları çəkilmişdi. Qeyd edək ki, qonaqların çalışdırıcısı Mirbağır İsayev əslində Anar Yusifovla Raul Əlizadənin adlarını çəkmişdi. Sadıcə hər 2 komandanın kapitanları həm də eyni nömrəni – «4» nömrəni daşıdıqları üçün çaşqınlıq yaranmış və Raul Əlizadənin yerinə «Neftçi»nin futbolçusu Hüseyn Babayevin adı göstərilmişdi. 

 

«Viləş» - «Qəbələ» 0:5
Qollar:
Vüsal Mirzəzadə, 11; Süleyman Damadayev, 15; Ümid Həmzəyev, 48; Xəyal Səmədov, 50;  Rəşad Əmrahov, 65

 

Oyun Masallıda deyil, «Qəbələ»nin xahişi ilə Şamaxı OİK-nin meydanında keçirildi. «Qəbələ» «Keşlə»nin məğlub olmasından istifadə edərək qələbə qazanmaqla liderliyə yüksəldi. Bu oyun haqqında geniş məlumat toplaya bilməsək də, baş məşqçilərin ən yaxşı oyunçularla bağlı fikirlərini öyrənə bildik. «Viləş»in çalışdırıcısı Kamran Seyfullayev «Qəbələ»dən 3 futbolçunun adını çəkdi – Anar Tağıyev, Gülağa Əsədov və Ümid Həmzəyevin. «Qəbələ»nin baş məşqçisi Xaqani Məmmədov isə ön növbəsində 2 «Viləş»linin – Samir Əliyevlə Ramiz Qasımovun xoş təsir bağışladıqlarını söylədi.

 

«Neftçi» İK İB – «Sumqayıt» 0:2
Qollar
: İlkin Kərimli, 45; Elmar Turabov, 80+2

 

Nəyahət, 1-2 kəlmə turun bağlanış matçı barədə. «Neftçi» İK İB matçın favoriti sayılsa da, qələbəyə qonaqlar sevindilər. Bu, «Neftçi» İK İB-nin son 4 oyunda 4-cü məğlubiyyətidir. Üstəlik, komanda bu oyunlarda bir qol belə vura bilməyib. Birinciliyə uğurla start verən komanda sanki «qara zolağ»a düşüb. 

 

Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunda onlar İlkin Əliyev, Zaur Allahverdiyev, Taleh Yusifov və Rahib Bəylərli ilə bir neçə dəfə qol vurmağa yaxın olsalar da, bəxtsizliklə üzləşdilər. Qonaqlar isə ikinci hissədə İlkin Kərimlinin aşırma zərbəsi ilə hesabı açdılar. Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Elmar Turabov qarşılaşmada son nöqtəni qoydu.

 

«Neftçi» İK İB-nin baş məşqçisi Ramin Babayev rəqibdən İlqar Kazımovla Fuad Səlimovun daha xoş təsir bağışladığını dedi. Meydan sahiblərindən isə oyunun ən yaxşıları İlkin Əliyevlə Rahib Bəylərli idi.

 

U-16 Liqasında 12-ci turun oyunları dekabrın 13-də keçiriləcək: «Qəbələ» - «Neftçi», «Zirə» - «Viləş», «Sumqayıt» - İsgəndər Cavadov BFA, «Keşlə» - «Neftçi» İK İB, «Qarabağ» - «Sabah», «Turan Tovuz» - «Səbail», Gəncə TİM – ROİL.

 

Bombardirlər: Mehrac Baxşəliyev («Qəbələ») – 13 qol, Rauf Ağasənov («Səbail») – 12 qol.

 

«Het-trik news»

 

Xəbər xətti