Dekabrın 13-də U-16 Liqasında 12-ci turun oyunları keçirildi. Tur oyun və nəticə baxımından ciddi heç nə ilə yadda qalmadı. Liderlər qrupunda yer alan bütün komandalar növbəti 3 xallarını qazandılar. Turnir cədvəlinin zirzəmisində qərarlaşanlar isə məğlub oldular. Yeganə nəzərə çarpan məqam 1 oyunun baş tutmaması idi. Belə ki, autsayder ROİL Gəncə TİM ilə oyun getmədi. Daha dəqiq, maliyə vəziyyətinə görə gedə bilmədi. Bu komandaya texniki məğlubiyyət veriləcəyi dəqiqdir. Doğrudur, rəsmi qərar açıqlanmayıb. Hər halda bir qədər irəli gedərək turnir cədvəlində bu oyunun nəticəsini 3:0 Gəncə TİM-nin xeyrinə göstərmişik.
Xatırladaq ki, bu, ROİL-in adına ikinci texniki məğlubiyyətdir. Komanda 9-cu turda İsgəndər Cavadov BFA ilə oyuna da getməmişdi. O vaxt ROİL rəhbərliyi matçın vaxtından bixəbər olmuşdular. Əsasnaməyə görə, hər hansı komandaya 3 texniki məğlubiyyət verilməsi həmin komandanın çempionatdan xaric olunması ilə nəticələnir. İndiki halda ROİL-in passivində 2 belə məğlubiyyət var. Allah üçüncüdən qorusun!
Baş tutan oyunlara gəlincə, 6 qarşılaşmanın 4-də böyük hesabın qeydə alınması rəqiblərin güc nisbətindən xəbər verir. Yalnız 2 oyunda tərəflərin biri minimal fərqlə qalib gəldi. Turan qısa icmalı və «Sumqayıt» - İsgəndər Cavadov BFA matçından çəkilmiş fotoları təqdim edirik.
«Keşlə» - «Neftçi» İK İB 2:1
Qollar: Əbil Əbilov, 54; Vaqif Həsənov, 80+2 – Murad Məmmədov, 39 (pen.)
Bundan əvvəlki 2 oyunda qələbə qazana bilməyən və ötən tur «taxtdan salınan» «Keşlə»nin özünə gəlməsi və lider «Qəbələ»dən aralı düşməməsi üçün bu oyunda qalib gəlməsi mütləq idi. «Kehlə» bunu bacardı. Amma zülmlə.
Matçda hesab artıq, 2-ci dəqiqədə açıla bilərdi. Qapıçı Murad Məmmədovla təkbətək qaldığı epizodda meydan sahiblərinin hücumçusu Vaqif Həsənov çərçivəni dəqiq nişan ala bilmədi. «Keşlə» ilk yarıda bundan başqa real qol epizodu yaxalaya bilmədi. Doğrudur, komanda oyuna nəzarət edir və zaman-zaman təhlükəli həmlələrlə yadda qalırdı. Bir qədər boşalan kimi… Qonaqlar da elə bunə bənd idilər ki, hissənin ortalarında Aşqın Abəzərov rəqibin bir neçə futbolçusundan sıyrılaraq uzun reyddən sonra topu düz Azər Fərmanovun üstünə vurdu. Komandaların fasiləyə qolsuz yollanacağı düşünülən bir anda matçın baş hakimi Nahid Xasıyevin qərarı vəziyyəti dəyişdi. O, cərimə meydançası daxilində Elşən Məmmədovun İlkin Əliyevə qarşı kobudluğuna görə «Keşlə»nin qapısına penalti təyin etdi. Topa «Neftçi» İK İB-nin qapıçısı Murad Məmmədov yaxınlaşdı və həmkarı Azər Fərmanovla dueldən qalib ayrıldı.
Fasilədən sonra «Keşlə»yə daha bir zərbə dəydi. Komandanın 2 üzvü – Məhəmməd Tağıyevlə Hümmət Məmmədov zədələnərək oyunu davam etdirə bilmədilər. Hücumlarının kəsərini artıran «Keşlə» ilk 10 dəqiqədə rəqibi tamamilə öz qapısına doğru sıxışdırmışdı. Müdafiəyə daha çox fikir verən qonaqlar 54-cü dəqiqəyə kimi qapılarını toxunulmaz saxlasalar da, həmin vaxt qapı önündə qarmaqarışıqlıq bərabərlik qolunun vurulması ilə nəticələndi. İsrail Məmmədovun zərbəsini dəf edən Murad Məmmədov Əbil Əbilovun vurduğu topun qapıdan keçməsinə mane ola bilmədi.
Bundan sonra ruhlanan «Keşlə» Əbil Əbilov, Qurban Səfərov və Xəyal İbrahimovla ikinci qola çox yaxın olsalar da, onlarda dəqiqlik çatışmadı. Güclü rəqiblə səfər matçında 1 xalı qənimət bilən qonaqlar da boş dayanmadılar. Əsas da matçın sonuna doğru Zaur Allahverdiyev Azər Fərmanovla üz-üzə qaldığı epizodda qol vurmağa borclu idi. Lakin özünü vaxtında yetirən Nihad Abasov sürüşmə fəndi ilə Zaurun fərqlənməsinə imkan vermədi. «Keşlə» qələbə qolunu hakimin ikinci hissəyə əlavə etdiyi 5 dəqiqənin ikincisində vurdu. Seymur Məmmədovdan əla ötürmə alan Vaqif Həsənov komandasına qələbə gətirən qola imza atdı.
«Keşlə»nin baş məşqçisi qonaqların heyətində İlqar Kazımovla İlkin Əliyevin oyununu daha çox bəyəndiyini söylədi. «Neftçi» İK İB-nin baş məşqçisi Ramin Babayev isə meydan sahiblərinin heyətində ən yaxşı futbolçu kimi müdafiədə etibarlı oyunu ilə seçilən Rəşad Həsənovla hücumçu Vaqif Həsənovun adlarını çəkdi.
«Zirə» - «Viləş» 8:1
Qollar: Elnur Mirzəyev, 4; Vüsal Əliyev, 31, 63, 67, 76; Mehman Ağayev, 45, 61; Peyman Səmədli, 76 – Samir Əliyev, 80
«Zirə» Masallı təmsilçisi ilə oyunda asanlıqla 3 xalı «cibinə qoydu». Komandanın əsas üzvlərindən Vüsal Əliyev «poker»lə yadda qaldı. «Viləş»i «quru hesab»dan Samir Əliyev xilas etdi. O, sonuncu dəqiqədə rəqib qapıçı Emin Cəfərovun səhvindən istifadə edərək komandasının yeganə qolunu vurdu.
«Zirə»nin baş məşqçisi Cəfər Hüseynov ən yaxşı oyunçu kimi «Viləş»in heyətində Rafiq Yahyazadəni, qonaqların çalışdırıcısı Kənan Seyfullayev isə «Zirə»dən Məhəmməd Səfərovun daha çox xoş təsir bağışladığını dedi.
«Sumqayıt» - İsgəndər Cavadov BFA 6:0
Daha bir darmadağın Sumqayıtda qeydə alındı. Oyunun protokolunu əldə edə bilmədiyimiz üçün qolların neçənci dəqiqələrdə vurulduğunu dəqiqləşdirə bilmədik. Əvəzində fərqlənən futbolçular və oyundan fotoşəkillər ala bildik. Bu oyundakı 6 qoldan ikisi İlkin İbrahimovun adına yazıldı. Digər qolları Nurlan Bayramov, Ruhid Mustafayev, Cəmil Zeynalzadə və Rüstəm Hümbətov vurdular. Yeri gəlmişkən, Uğur Nağıyev qarşılaşmada azı 3 məhsuldar ötürmə ilə yadda qaldı. Komandanın ən yaxşılarına gəlincə, oyunu izləyən həmkarlarımızın fikrincə, meydan sahibəlrindən Uğur Nağıyevlə 2004-cü il təvəllüdlü Ruhid Mustafayev, qonaqlardan isə Nail Xeyrullinlə İbrahim Məmmədovun adını çəkmək olar.
«Turan Tovuz» - «Səbail» 0:6
Qollar: Arim Məmmədov, 9, 44, 49; Nicat Quliyev, 16, 63; Rauf Ağasənov, 56
Eyni rəqəmlər «Turan Tovuz» - «Səbail» matçının yekun protokolunda öz əksini tapdı. Lakin bu dəfə qələbəyə sevinən tərəf qonaqlar oldular. Matçda 4 oyunluq cəzadan sonra yeni-yeni sıraya dönən Arif Məmmədov «het-trik» etdi. O, həmçinin, «Turan Tovuz»un baş məşqçisi Nizami Ocaqverdiyevin fikrincə matçın ən yaxşı futbolçusu idi. Tovuzlulardan isə bu ada «Səbail»in məşqçisi Yaşar Abuzərovun sözlərinə görə, Talıb Bayramov layiq idi. Yeri gəlmişkən, «Səbail»dən Rauf Ağasənov fərqlənməklə bombardirlər yarışında əsas rəqibi, «Qəbələ»li Mehrac Baxşəliyevlə qol sayını bərabərləşdirdi. İndi hər iki futbolçunun aktivində 13 qol var.
«Qəbələ» - «Neftçi» 1:0
Qol: Gülağa Əsədov, 22
Olduqca maraqlı mübarizə şəraitində keçən oyunu «korlayan» yeganə məqam qol sayının azlığı idi. Bəlkə də çempionatın ən çox qol vuran komandasının ən az qol buraxan komandasını bu hesabla məğlub etməsi qanunauyğunluq idi. Hərçənd, oyunda hər iki komanda qələbəyə layiq oyun sərgilədi. Matçda yeganə qol 1-ci hissənin ortalarında vuruldu. Gülağa Əsədov cərimə meydançasının həndəvərindən qapını dəqiq nişan ala bildi. «Qəbələ»dən Umid Həmzəyevlə Xəyal Səmədovun, qonaqlardan isə Altay Əbdülkərimovla Rəvan Nağıyevin qol vurmaq şansları oldu. Amma onlar bu şanslardan istifadə edə bilmədilər.
«Qəbələ»nin baş məşqçisi «Neftçi»nin «6 nömrə»si Nihad Cəfərovu, qonaqların baş məşqçisi Mirbağır İsayev isə meydan sahiblərindən yeganə qolun müəllifi Gülağa Əsədovu matçın ən yaxşısı adlandırdı.
«Qarabağ» - «Sabah» 0:4
Qollar: Bəhruz Tanrıverdiyev, 24, 26; Vüsal Vəliyev, 35, 64
«Sabah» çətin səfərdə 3 xalı 4 qolla qazandı. Hesabın bu cür olacağını əvvəlcədən təxmin etmək çətin idi. «Qarabağ» belə məğlubiyyətə layiq komanda deyil. Görünür, ötən tur «Səbail»ə yenilgi komandanın oyununa təsirsiz ötüşməyib, futbolçularda ruh düşkünlüyü yaranıb. Üstəlik, komandanın aparıcı üzvü, müdafiənin «dirəy»i Elnur Əliyev cəza səbəbindən oyunu buraxırdı. «Sabah» isə ötən tur «Keşlə» üzərində inamlı qələbənin ardını gətirməyi bacardı.
Matçda hesab 22-ci dəqiqədə açıldı. Həsən Seyfullayevin cinah ötürməsindən sonra Bəhruz Tanrıverdiyev fərqləndi. 2 dəqiqə sonra epizod təkrarlandı. Yenə də Həsəndən ötürmə alan Bəhruz 2-ci qolu «Qarabağ»ın qapısından keçirdi. Ardınca növbə Vüsal Vəliyevə çatdı. O, 35-ci dəqiqədə başla komandasının 3-cü, fasilədən sonra isə cərimə zərbəsindən 4-cü qolunu vurdu.
«Qarabağ»ın baş məşqçisi Asif Əlizadə rəqibdən Mircəlal Abbasovun, «Sabah»ın baş məşqçisi İlqar Mənsimov isə «Qarabağ»dan Fidayə Əzizovun oyununu xoşladığını söylədi.
Bombardirlər: Mehrac Baxşəliyev («Qəbələ»), Rauf Ağasənov («Səbail») – 13 qol.
U-16 Liqasında 13-cü turun oyunları dekabrın 20-də keçiriləcək və bununla da birinci dövrəyə yekun vurulacaq: «Sabah» - «Turan Tovuz», «Neftçi» İK İB – «Qarabağ», İsgəndər Cavadov BFA – «Keşlə», «Viləş» - «Sumqayıt», «Neftçi» - «Zirə», ROİL – «Qəbələ».
Səbail - Gəncə TİM
«Het-trik news»
saytlarin hazirlanmasi