Həftəsonu U-15 Liqasında 13-cü turun oyunları keçirildi. Yalnız 1 matç baş tutmadı. «Neftçi» İK İB – «Səbail» görüşü meydan sahibi komandanın Gürcüstanda təlim-məşq toplanışında olması səbəbindən təxirə salındı. Digər oyunlarda hansısa qeyri-adi nəticə qeydə alınmadı. Çempionluq uğrunda yarışan «Sabah», «Neftçi» və «Qəbələ» qələbə qazanmaqla xal sayını 33-ə yüksəltdilər və 1-3-cü yerləri bölüşdürürlər.
«Zaqatala» - «Neftçi» 1:4
Qollar: Nurlan Musayev, 30; Bahadur Quliyev, 34; Sərxan Məmmədov, 46; Aqil Nəzərli, 49 (avtoqol) – Xəyal Əmirov, 58
Liderlər qrupunda yer alan «Neftçi»nin autsayderlərdən biri ilə oyunu gözlənildinin əksinə olaraq çox maraqlı keçdi. Qarşılaşmanın əsas meydanda oynanılması və tribunada xeyli azarkeşin olması sanki Premyer Liqa oyununu xatırladırdı.Doğrudur, bakılılar səfərdən böyük hesablı qələbə ilə döndülər. Amma «Zaqatala» futbolçuları sərgilədikləri mübariz oyunla bu cür məğlubiyyətə layiq deyildilər.
Qonaqlar bu oyuna itki ilə çıxmışdılar. Komandanın, eyni zamanda çempionatın bombardiri Oruc Məmmədov və əsas oyunçulardan Ağadadaş Salyanskinin yoxluğuna baxmayaraq, «Neftçi» həmin gün vacib qələbə qazandı. Hərçənd, ilk qolu görlək üçün yarım saat vaxt lazım oldu. Məhz 30-cu dəqiqədə cinah asmasından sonra Nurlan Musaeyv hesabı açdı. Fasiləyə kimi Eldəniz Məmmədovun yetirmələri Bahadur Quliyevlə daha bir dəfə fərqləndilər.
İkinci hissədə də ssenari dəyişmədi. Daha çox hücum edən qonaqlar 46-cı dəqiqədə Sərxan Məmmədovun uzaq məsafədən vurduğu qolla hesabı dəyişdilər. Bundan 3 dəqiqə sonra zaqatalalılar daha bir zərbə aldılar. Bu dəfə Bahadurun zərbəsindən sonra top Aqil Nəzərliyə dəyərək səmtini dəyişdi və avtoqol qeydə alındı.
Oyunboyu mübarizliy ilə yadda qalan meydan sahibləri yalnız matçın 58-ci dəqiqəsində prestij qol vurmaqla həm də yekun nəticəni müəyyənləşdirdilər. «Zaqatala»nın heyətində Xəyal Əmirov fərqləndi. Bu qol «Neftçi»ni 1-ci yerdən etdi. Belə ki, top fərqinə görə «Neftçi» birinci dövrəni «Sabah»dan sonra ikinci yerdə tamamladı.
«Zaqatala»nın baş məşqçisi İslam Şabanov oyunun hakimlərindən xeyli narazılıq etdi. O, buraxdıqları ilk 2 qolda ofsayd olduğunu iddia etməklə hakimin bundan başqa da kobud səhvlərə yol verdiyini söylədi. İslam müəllim riqb komandanın heyətində bəyəndiyi futbolçunun da adını çəkdi. Zaqatalalı məşqçi Ayxan Süleymanlının oyunun bəyəndiyini söylədi. «Neftçi»nin baş məşqçisi Eldəniz Məmmədov isə rəqib komandadan 4 qol buraxmasına rəğmən qapıçı Eldar Tərlanovun duruşundan məmnun qaldığını dedi.
«Qəbələ» - «Qarabağ» 3:1
Qollar: Sərxan Mirzəzadə, 16; Sənan Ağalarov, 29; İxtiyar Məmiyev, 42 – Süleyman Süleymanov, 13
Turun mərkəzi oyununda sevinən tərəf ev sahibləri oldular. Amma qarşılaşma qonaqlar üçün daha yaxşı başlamışdı. Matçın nəhs dəqiqəsində Nəriman Axundzadənin ötürməsindən sonra Süleyman Süleymanov baxımlı qolla hesabı açdı. Buraxılan qoldan sonra ruhdan düşməyən «Qəbələ» cəmi 3 dəqiqə sonra bərabərlik qolunu vura bildi. Fərid Kələntərovdan ötürmə alan Sərxan Mirzəzadə fərqləndi. Fasiləyə kimi topa daha çox sahib olan Ülfət Mədətovun yetirmələri hesabda önə keçməyi də bacardılar. 29-cu dəqiqədə İxtiyar Məmiyevin zərbəsindən sonra «Qarabağ»ın qapıçısı Ərtoğrul Quliyev topu tutmaq istəsə də, onu əlində saxlaya bilmədi. Hamıdan tez özünü topa çatdıran Sənan Ağalarov «Qəbələ»ni hesabda önə keçirdi.
Fasilədən sonra topa daha çox nəzarət etməyə çalışan meydan sahibləri 42-ci dəqiqədə İxtiyar Məmiyevlə daha bir qol vurdular və vacib oyunda 3 xalı aktivlərinə yazdılar.
«Qəbələ»nin baş məşqçisi Ülfət Mədətov «Qarabağ»dan Nəriman Axundzadəni, onun həmkarı Xəyal Həsənov isə «Qəbələ»dən «10 nömrə» Emil Süleymanovu matçın ən yaxşısı hesab etdi.
«Xilə» - «Sabah» 0:3
Qollar: Telman Əliyev, 7 (avtoqol); Yelmar Aşurov, 26; Firəddin Abdullayev, 50
«Sabah»ın üstünlüyü ilə keçən oyunda qonaqlar 3 xalı 3 qolla qazandılar. Amma onların itirdikləri də oldu. Mahir Məmmədov və Elxan Zenalabdinzadə qırmızı vərəqə almaqla ən azı növbəti 1 oyunda komandalarına kömək edə bilməyəcəklər.
Qeyd edək ki, hər iki komandanın baş məşqçisi oyundan sonra əməkdaşımızla söhbətində hakimlikdən narazı qaldıqlarını bildirdilər. Təəssüf ki, hakimlərlə bağlı giley-güzarla demək olar ki, hər tur qarşılaşırıq. Bu da oyunlara hakim-inspektorların təyinat almamasından və hakimlərə nəzarətin olmamasından irəli gəlir.
«Xilə»nin baş məşqçisi Əli Məmmədov «Sabah»ın heyətində qapıçı Ayxan Qələndərlini, onun həmkarı Namiq Allahverdiyev isə «Xilə»nin kapitanı Hüseyn Məmmədzadənin oyununu xoşladığını bildirdi.
«Zirə» - «Sumqayıt» 1:2
Qollar: Sənan Xəlilli, 18 – Mübariz Hüseynzadə, 27; Əjdər Hacılı, 70
«Zirə»nin ərazi üstünlüyü ilə keçən birinci hissənin ilk yarısında hesabı məhz üstün tərfə açdı. 18-ci dəqiqədə Rza Əliyevin ötürməsindən sonra Sənan Xəlilli penalti nöqtəsinin üzərindən topu Əşrəf Qafarovun qoruduğu qapıdan keçirdi. Bundan sonra qonaqlar oyunda tarazlıq yaratdılar. Hətta meydan sahiblərinin arxayınlaşmasından istifadə edən «Sumqayıt» tədricən üstünlüyü ələ alaraq istəyinə çatdı və Mübariz Hüseynzadə ilə bərabərlik qolunu vurdu. Bundan sonra ard-arda hücumlara rəğmən «Zirə» lazım olan qələbə topunu vura bilmirdi. Rza Əliyev, Murad Əliyev real qol epizodlarından istifadə etsəydilər, oyunun gedişi fərqli olardı. Bu isə futbolçuların əsəblərinə təsir edirdi ki, nəticədə Cavidan Bilalzadə rəqibi vurduğuna görə görə meydandan qovuldu. Bundan sonra qarşılıqlı hücumlar şəraitində keçən matçda sonuncu qol elə sonuncu dəqiqədə gəldi. Sevinən tərəf qonaqlar oldular. Oyuna sonradan qoşulan Əjdər Hacılı «Sumqayıt»a 3 xalı qazandıran qola imza atdı.
«Zirə»nin baş məşqçisi qonaqlardan 3 futbolçunun oyununu bəyəndiyini bildirdi. Bunlar qapıçı Əşrəf Qafarov, müdafiəçi Cəlil İsmayılov və hücumçu Sənan Ağayev idi. «Sumqayıt»ın baş məşqçisi Hikmət Hüseynov isə «Zirə»li Rza Əliyevin adını çəkdi.
İsgəndər Cavadov BFA – «Keşlə» 0:8
Qollar: Tural Əmirhüseynov, 8, 41; Kamran Məlikov, 19; Qurban Səfərov, 50, 58; Nihad Şirinzadə, 51; İftixar İbrahimov, 65, 70
Birinci dövrənin qapanış oyunu bazar günü keçirildi. Gözləndiyi kimi autsayder üzərində inamlı qələbə qazandı. Oyunda meydan sahiblərinin heyətində əsas heyətin 5 futbolçusunun 2005-ci il təvəllüdlü olmasını qeyd etmək lazımdı. Özlərindən 1 yaş böyüklərlə mübarizə aparmaqdan çəkinməyən balacalar təəssüf ki, komandalarının darmadağın olmamasına kömək edə bilmədilər. Qonaqlarla bağlı onu deyə bilərik ki, baş məşqçi Nurəddin Məmmədov oyunun gedişində 13 yaşlı Səməd Zallını meydana buraxdı və matçın sonbeşiyi heç də pis təsir bağışlamadı. Yeri gəlmişkən, həmin gün «Keşlə»nin heyətində ən yaxşılar Tural Əmirhüseynov ilə Nihad Şirinzadə idi. Meydan sahiblərindən isə şübhəsiz ki, bayaq haqqında bəhs etdiyimiz «2005»lər.
«Mil-Muğan» - Gəncə TİM 1:4
Təəssüf ki, bu matçın protokolunu əldə edə bilmədik. Bu üzdən fərqlənən futbolçuların adlarını yaza bilmirik.
U-15 Liqasında qış fasiləsi fevralın 2-ə qədər davam edəcək. 2-ci dövrənin ilk oyun həftəsində aşağıdakı oyunlar keçiriləcək: «Zaqatala» - «Səbail», «Neftçi» İK İB – «Sabah», «Xilə» - «Keşlə», İsgəndər Cavadov BFA – «Qarabağ», «Qəbələ» - «Sumqayıt», «Zirə» - «Mil-Muğan», Gəncə TİM – «Neftçi».
Bombardirlər: Oruc Məmmədov («Neftçi») – 25 qol, Şahmar Aşurov («Sabah») – 23 qol.
«Het-trik news» qəzeti
saytlarin hazirlanmasi