U-16 Liqası: "Sabah" "Qəbələ"yə şərik oldu

01:44 - 25 Yanvar 2019

Dünən U-16 Liqasında qış fasiləsi başa çatdı və 15-ci turun oyunları keçirildi. Oyun həftəsi sensasiyalarla yadda qaldı. Belə ki, turnir cədvəlində 1-2-ci yerdə qərarlaşan «Qəbələ» və «Keşlə» məğlub oldu. Bundan istifadə edən «Sabah» Gəncə TİM-i məğlub etməklə «Qəbələ» ilə xallarının sayını bərabərləşdirdi və 2-ci yerə yüksəldi. 

 

24 yanvar (cümə axşamı)

 

«Səbail» - «Neftçi» İK İB 5:1
Qollar:
Rauf Ağasənov, 1, 61; Nicat Quliyev, 6; Arif Məmmədov, 39, 57 – Cəmil İbrahimov, 72

 

İlk dövrədə etibarlı müdəfiə xətti ilə yadda qalan «Neftçi» İK İB bu oyuna ciddi itkilərlə çıxmışdı. Komandanın əsas futbolçularından Kamran Baloğlanov çiyni sındığı, İlkin Əliyev isə əməliyyat olunduğu üçün matçı buraxırdı. Digər tərəfdən yaxşı hücum xəttinə malik olan «Səbail» meydana optimal heyətlə çıxmışdı və mövsümdə ən yaxşı oyunlarından birini keçirdi. 

 

Oyunda hesab artıq, 1-ci dəqiqədə açıldı. Çempionatın bombardiri Rauf Ağasənov Arif Məmmədovdan aldığı ötürməni başla qapıdan keçirdi. Cəmi 5 dəqiqə sonra 2004-cü il təvəllüdlü Nicat Quliyev özünə gəlməyə çalışan qonaqlara daha bir zərbə vurdu. O, Xəyal Ələkbərovun ara ötürməsini qolla tamamladı. Buraxılan ikinci qoldan sonra həvəsdən düşən lökbatanlılar nə qədər çalışsalar da, oyunda dönüş yarada bilmədilər. Əksinə, qapılarında daha 3 qol gördülər. 1-ci hissənin sonuna doğru Rauf Arifə olan «borc»unu qaytardı. Məhz onun ötürməsindən sonra Məmmədov baxımlı qola imza atdı.

 

Fasilədən sonra da oyunun gedişatı dəyişmədi. Daha çox hücum edən «Səbail» Arif Məmmədov və Rauf Ağasənovla hesabı 5:0-a çatdırdı. Qonaqların yalnız matçın sonuna doğru prestij qol vurmağa gücü çatdı. Oyuna sonradan qoşulan Cəmil İbrahimov «0»ı «1»ə çevirdi.

 

«Səbail»in məşqçisi Yaşar Abuzərov rəqibin heyətində Fuad Səlimovun oyunun bəyəndiyini söylədi. «Neftçi» İK İB-nin baş məşqçisi Ramin Babayev isə meydan sahiblərindən dubl edən futbolçuların – Rauf Ağasənovla Arif Məmmədovun adını çəkdi. Yeri gəlmişkən, Rauf bu oyunda 2 dəfə fərqlənməklə bombardirlər yarışında ən yaxın izləyicisi – «Qəbələ»nin futbolçusu Mehrac Baxşəliyevdən bir qədər də aralandı.

 

«Keşlə» - «Neftçi» 0:1
Qol:
Tural Axverdiyev, 51

 

Hələ 1-ci dövrənin gedişində dəfələrlə «Neftçi»nin qış fasiləsindən sonra çox komandaya başağrısı olacağını yazmışdıq. Təcrübəli Mirbağır İsayevin gəlişindən sonra komandanın oyununda yaxşı mənada xeyli dəyişiklik sezilirdi və dünənki qarşılaşmada da bu bir daha sübut olundu. Güclü «Keşlə»yə oynamağa imkan verməyən və ağıllı futbol sərgiləyən qonaqlar layiq olduqları qələbəni qazandılar.

 

Hərçənd, matç «Keşlə» üçün daha yaxşı başlamışdı. Meydan sahibləri müdafiədən oynayan «Neftçi»ni 1-ci dəqiqədə cəzalandıra bilərdi. Əgər Əbil Əbilovun qapı önünə etdiyi asmanı Xəyal İbrahimov qola çevirsəydi. Amma Xəyal topu qapının üstündün vurdu. Bundan sonra oyun əsasən meydanın mərkəzində gedirdi. Zaman-zaman hər 2 komanda təhlükəli həmlələr etsə də, futbolçularda dəqiqlik çatışmadı. «Keşlə»dən Əbil Əbilov, «Neftçi»dən isə Nihad Şirinov qol vurmağa yaxın oldular. 

 

Gözləmək olardı ki, qələbəyə daha çox ehtiyacı olan «Keşlə» fasilədən sonra sürətli oyun sərgiləyəcək. Lakin həmin gün komanda özünə heç bənzəmirdi. Bunun da nəticəsində qapısında qol gördü. «Keşlə»nin müdafiə xəttinin zəif çıxışından istifadə edən Tural Axverdiyev növbəti səhvi bağışlamadı və Azər Fərmanovla təkbətək mübarizədən qalib ayrıldı. Buraxılan qoldan sonra korkoranə hücumlar quran «Keşlə» hər halda 2-3 dəfə fərqlənməyə yaxın oldu. Lakin... 

 

Bu oyunla «Keşlə» nəinki çempionluğa, heç medallara da ümid etməsə yaxşıdı. Baş məşqçi Xəyal Mustafayev qısa zamanda komandanı toparlaya bilməsə, «Keşlə»yə qalan oyunlarda çətin olacaq. Hər şey 17 və 18-ci turda «Qəbələ» və «Zirə» ilə görüşlərdən sonra məlum olacaq. Xəyal Mustafayevin adını çəkmişkən, o, rəqibin heyətində ən çox Oruc Məmmədovun oyunun bəyəndiyini söylədi. Mirbağır İsayev isə «Keşlə»dən Seymur Məmmədovun adını çəkdi.

 

«Zirə» - «Qəbələ» 2:1
Qollar:
Nurəli Nurəliyev, 4; Rəhim Cəfərli, 26 – Mehrac Baxşəliyev, 76

 

«Keşlə» - «Neftçi» oyunundan yarım saat sonra başlayan bu matçda qonaqlar qalib gəlsəydilər, ən yaxın izləyicisi ilə xal fərqini 3-ə qaldıracaqdılar. Lakin bərabər səviyyəli rəqiblərin mübarizəsində «Zirə» qalib gəldi. 
Matçda erkən qol qeydə alındı. 4-cü dəqiqədə Mirzəbəy Şahbazovun cinah ötürməsindən sonra topu qəbul edən Nurəli Nurəliyev hesabı açdı və ad gününü qolla qeyd etdi. Bərabər mübarizə şəraitində keçən oyunda qol səsi bir daha 26-cı dəqiqədə çıxdı. Nurəliyə qarşı edilən kobudluğa görə hakim «Qəbələ»nin qapısına cərimə zərbəsi təyin etdi və topa yaxınlaşan Rəhim Cəfərli gözəl qola imza atdı.

 

Qalan vaxt əsasən təhlükəli həmlələrlə yadda qaldı. Məğlubiyyətdən yaxa qurtarmağa çalışan qonaqlar yalnız matçın başa çatmasına 4 dəqiqə qalmış buraxılan toplardan birinin əvəzini çıxa bildilər. «Qəbələ»nin qol silahı Mehrac Baxşəliyev fərqləndi.

 

Bundan sonra məğlub tərəf yalnız qırmızı vərəqələrlə yadda qaldı. «Qəbələ»nin əsas futbolçularından Süleyman Damadayevlə Ülvi Mədətov son ümid foluna görə meydandan qovuldular. Məğlubiyyətə rəğmən «Qəbələ» 1-ci yerdəki mövqeyini itirmədi. «Sabah»la xalları eyni olsa da, əyalət təmsilçisi bu komanda ilə şəxsi görüşündəki nəticəyə görə (1:0), zirvədədi. 

 

«Zirə»nin baş məşqçisi Cəfər Hüseynov qonaqların heyətində Gülağa Əsədovla Ümid Həmzəyevin oyunun ən yaxşısı olduğunu bildirdi. «Qəbələ»nin çalışdırıcısı Xaqani Məmmədovun fikirlərini öyrənə bilmədik. Bu üzdən «Zirə»nin ən yaxşısını müəyyənləşdirmək missiyasını üzərimizə götürdük. Fikrimizcə, qalib komandanın heyətində Cəlal Hüseynov, Nurəli Nurəliyev, Rəhim Cəfərli və Elnur Mirzəyev daha məzmunlu oyun sərgilədilər.

 

«Qarabağ» - «Viləş» 7:1
Qollar
: Heydər Rüstəmov, Sahib Səmədov, Mörmövsün Caniyev (2 qol), Musa Musazadə, Süleyman Süleymanov, Bəhram Köçərli – Bəhmən İbadov (pen.)

 

Təəssüf ki, oyunun protokolunu əldə edə bilmədik və bu üzdən matçda vurulan qolların vaxtını dəqiqləşdirmək mümkün olmadı. Öyrəndiyimiz qol müəllifləri və qarşılaşmanın yaxşıları oldu. «Qarabağ»ın baş məşqçisi «Viləş»dən Samir Əliyevin, «Viləş»in çalışdırıcısı Kənan Seyfullayev isə «Qarabağ»dan Mirmövsün Caniyevlə Musa Musazadənin adını çəkdi.


«Sumqayıt» - ROİL 2:1

 

Protokolunu əldə edə bilmədiyimiz oyunlardan biri də bu matç oldu. Məlum olan yeganə məqam hesabın 2:0 «Sumqayıt»ın xeyrinə olduğu vaxt qonaqlardan İlhar Yarəliyevin fərqlənməsidi. Maraqlı nüanslardan biri ROİL-in çempionatda buraxdığı qolların 100-ü keçməsi, digəri isə mövsüm ərzində 3-cü (!) qolunu vurmasıdı.

 

«Sabah» - Gəncə TİM 6:0
Qollar
: Vüsal Vəliyev, 11; Raul Əlizadə, 20 (avtoqol); Şahmar Aşurov, 28, 32; Nihad Həsənzadə, 62; Həsən Seyfullayev, 74 

 

Əsas rəqiblərinin məğlub olmasından maksimum yararlanan «Sabah» asan rəqibi məğlub etməklə «Qəbələ»nin liderliyinə şərik oldu. Gəncəlilər oyunun sonuna doğru 2-3 epizodda qol vurmağa yaxın oldular. Ən real qol epizodunu isə Ümid Səmədov boşa verdi. O, penalti zərbəsindən yararlana bilmədi. Oyuna sonradan qoşulan qapıçı Ayxan Qələndərli Ümidin zərbəsini qaytarmaqla həm «Sabah»ın qapısını toxunulmaz saxladı, həm də Gəncə TİM-nin baş məşqçisi İlham Səmədov tərəfindən komandasının ən yaxşısı seçildi. «Sabah»ın baş məşqçisi İlqar Mənsimov isə Gəncə TİM-nin Ümidinin adını çəkdi.

 

«Turan Tovuz» - İsgəndər Cavadov BFA 0:1
Qol
: İbrahim Məmmədov, 2

 

Autsayderlər arasında yer alan komandaların görüşündə qonaqlar minimal hesabla qələbə qazandılar. Yegənə qol matçın 2-ci hissəsində vuruldu. Günc zərbəsindən sonra qapı önünə edilən ötürməni İbrahim Məmmədov başla tora qovuşdurdu. Qalan 78 dəqiqə ərzində hər 2 komandanın dəfələrlə qol vurmaq şansları olsa da, matçda başqa qol qeydə alınmadı.

 

«Turan Tovuz»un baş məşqçisi Nizami Ocaqverdiyev bakılılıran heyətində Məmməd Məmmədovun, İsgəndər Cavadov BFA-nın baş məşqçisi Qəhrəman Əliyev isə tovuzlulardan Rüfan Tomuyevin oyununu bəyəndiyini söylədi.

 

Bombardirlər: Rauf Ağasənov («Səbail») – 18 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 16 qol.

 

U-16 Liqasında 16-cı turun oyunları yanvarın 31-də keçiriləcək: «Qəbələ» - «Sumqayıt», ROİL – «Keşlə», «Neftçi» - «Qarabağ», «Viləş» - «Turan Tovuz», İsgəndər Cavadov BFA – «Səbail», «Neftçi» İK İB – «Sabah», Gəncə TİM – «Zirə».

 

«Het-trik news» qəzeti

 

Xəbər xətti