U-16 Liqası: Gəncədə sensasiya, Lökbatanda hakim biabırçılığı

11:55 - 2 Fevral 2019

Cümə axşamı U-16 Liqasında 16-cı turun 6 oyunu keçirildi və bununla da tura yekun vuruldu. Bir gün əvvəl oyun həftəsinin start matçında «Qəbələ» «Sumqayıt»ı 6:1 hesabı ilə məğlub etmişdi. Bu oyun haqqında daha əvvəl məlumat vermişdik. Digər oyunlara gəlincə, tur bu dəfə də sensasiyasız ötüşmədi. Çempionluq uğrunda mübarizə aparan komandalardan biri gözlənilmədən büdrədi.

 

İsgəndər Cavadov BFA - «Səbail» 0:6
Qollar:
Vəliəhd Səmədov, 12; Rauf Ağasənov, 23; Nihad Babayev, 29; Nicat Quliyev, 37; Elməddin Qurbanlı, 50; Xəyal Əliyev, 77

 

Bu oyun əslində Abşeron OİK-nin meydanında keçirilməli idi. «Bakı Baza»dan çıxarıldıqdan sonra İsgəndər Cavadov BFA-nın ev oyunlarını məhz həmin stadiona təyin olunurdu. Amma qarşılaşmaya 1 gün qalmış məkan dəyişdirildi. Oyun «Bayıl Arena»ya salındı. Əvvəl komandanın Abşeron OİK-dən də çıxarıldığını güman etdik. Lakin komandanın baş məşqçisi Qəhrəman Əliyevlə söhbət zamanı məlum oldu ki, qonaq komanda onlara matçın daha hazırlıqlı «Bayıl Arena»da keçirilməsini təklif edib. Məlumdur ki, Abşeron OİK-nin meydanı standartlara cavab vermir. Bu üzdən Q.Əliyev komandasının «Bayıl Arena»da qonaq qəbul etməsinə razılıq verib. Yeri gəlmişkən, «Səbail»in ev oyunlarını keçirdiyi yer «Bayıl Arena» olduğundan oyunda özünü daha rahat hiss edirdi. Əsl ev sahibi kimi. Bir yandan oyunun daha yaxşı stadiona salınması alqışlanası addımdırsa, digər tərəfdən idman prinsiplərinin pozulması deməkdir. 

 

Oyuna gəlincə, gözləndiyi kimi «Səbail» asan qələbə qazandı və 4-cü pillədəki «Zirə» ilə xallarını bərabərləşdirdi. Sözügedən komandaların birinci dövrədəki oyununda qolsuz heç-heçə qeydə alınmışdı. «Zirə»dən yalnız top fərqinə görə zəif nəticə göstərən «Səbail» 5-ci pilə qaldı. Bundan başqa komandanın əsas qol silahlarından olan Rauf Ağasənov fərqlənməklə 1 gün əvvəl ona çatmış «Qəbələ»li Mehrac Baxşəliyevi 1 top geridə qoydu. Hazırda Raufun aktivində 19, Mehracda isə 18 qol var.

 

Bir-iki kəlmə də oyunun yaxşıları barədə. Meydan sahiblərinin məşqçisi Yaşar Abuzərov İsgəndər Cavadov BFA-dan Məmməd Məmmədovu, onun həmkarı Qəhrəman Əliyev isə «Səbail»dən Rauf Nağıyevi bəyəndiyini söylədi.

 

ROİL – «Keşlə» 1:8

 

Ötən tur «Neftçi»yə minimal hesabla məğlub olan «Keşlə» acığını ROİL-dən çıxdı. Qonaqların qalib gələcəyi gözlənilirdi. Sadəcə, oyunun hansı hesabla başa çatacağı hamıda maraq doğururdu. Təəssüf ki, oyunun yekun protokolunu əldə edə bilmədik. Bu üzdən vurulan qolların dəqiqələrini göstərə bilməyəcəyik. Qonaqların heyətində Vaqif Həsənov «het-trik» etdi. Digər qolları Hüseyn Quliyev, Kamal Kazımov, Qurban Səfərov və Asif Səfərov vurdular. Meydan sahiblərindən isə hesab 0:7 olarkən Elman Əliyev baxımlı qola imza atdı. Yeri gəlmişkən, bu, ROİL-nin çempionatda vurduğu 4-cü qol oldu.

 

ROİL-in baş məşqçisi Samir Əliyev qonaqların heyətində 4 futbolçunun daha çox seçildiyini söylədi. Bunlar Vaqif Həsənov, Seymur Məmmədov, Məhəmməd Tağıyev və Rəşad Həsənovdu. Qonaqların baş məşqçisi Xəyal Mustafayevin fikrincə, meydan sahiblərinin qapıçısı Afiq Musayev rəqibin ən yaxşısı idi. Həqiqətən də Afiqin fədakarlığı olmasaydı, hesab daha biabırçı həddə çata bilərdi.


«Neftçi» - «Qarabağ» 2:0
Qollar:
Tural Axverdiyev, 21; Zakir Əzizov, 72 (avtoqol)

 

«Neftçi» nağılı» davam edir. Ötən tur iddialı «Keşlə»ni səfərdə məğlub etməyi bacaran «ağ-qaralar» bu dəfə heç də zəif olmayan «Qarabağ»a qalib gəldilər. Özü də yenə də qapısını toxunulmaz saxlamaqla. Fakt budur ki, «Neftçi» çempionatda ən az qol buraxan komandadır. Mirbağır İsayevin yetirmələri indiyə kimi qapılarında cəmi 8 qol görüblər. Başqa sözlə, 2 oyuna 1 qol.

 

Düzü, bu oyunun favoriti elə «Neftçi» idi. Həm taktiki, həm də texniki cəhətdən rəqibini üstələyən «Neftçi» ilk yarıda ərazi üstünlüyünə sahib idi və bu üstünlüyü yalnız 1 halda qola çevirə bildi. 21-ci dəqiqədə Tural Axverdiyev «duqa»dan topu güclü zərbə ilə qapıya göndərdi. Fasilədən sonra da topa daha çox sahib olan meydan sahibləri bir daha matçın başa çatmasına 8 dəqiqə qalmış qola sevindilər. Cinah ötürməsindən sonra topu uzaqlaşdırmaq istəyən qonaqların müdafiəçisi Zakir Əzizov başla onu öz qapılarından keçirdi.
«Neftçi»nin baş məşqçisi «Qarabağ»ın qapıçısı Mirismayıl Rəhimov haqqında ağızdolusu danışdı. «Qarabağ»ın baş məşqçisi Asif Əlizadə isə rəqibdən 4 futbolçunun adını çəkdi – Hüseyn Babayev, Nihad Cəfərov, Tural Axverdiyev və Kənan Tağızadə.

 

«Neftçi» İK İB – «Sabah» 2:4
Qollar
: Murad Məmmədov, 18 (pen.); 40+1 (pen.) – Şahmar Aşurov, 10; Bəhruz Tanrıverdiyev, 31; Vüsal Əliyev, 42; Həsən Seyfullayev, 59

 

Oyun həm dramatiklik, həm gərgin mübarizə, həm də hakim idarəçiliyi ilə yadda qaldı. Maraqlıdır ki, təkcə uduzan komandanın deyil, qalib gələn komandanın da baş məşqçisi hakim səhvlərindən, bərbad idarəçilikdən gileyləndilər. 

 

Oyun barədə nə demək olar? «Sabah»ın üstünlüyü şəraitində keçən qarşılaşmada qonaqlar birinci hissədə hesabda 2 dəfə öndə olsalar da, hər dəfə «Neftçi» İK İB penalti ilə bərabərlik qolunu vura bildi. Özü də hər iki halda meydan sahiblərinin qapıçısı Murad Məmmədov fərqləndi. Rəqibin inadına baxmayaraq, qonaqlar fasilədən sonra 2 qol vuraraq vacib qələbə qazana bildilər. Doğrudur, «Neftçi» İK İB matçın əsas vaxtına əlavə olunmuş sonuncu dəqiqədə daha bir qol vura bilərdi. Lakin «Sabah»ın qapısına təyin olunmuş 3-cü penaltini Murad boşa verdi. Yeri gəlmişkən, matçın baş hakimi Kamil Aydınov bu penaltini matçın yekun protokoluna daxil etməyib! 

 

Ümumiyyətlə, bu, liqalarda hakimliklə bağlı ilk şikayət deyil. Bu haqda yaxınlarda geniş yazı yazacağıq. İndi isə oynun ən yaxşılarına qayıdaq. Qonaqların baş məşqçisi İlqar Mənsimov «Neftçi» İK İB-dən qapıçı Murad Məmmədovla İlqar Kazımovun oyununu daha çox xoşladığını söylədi. «Neftçi» İK İB-nin baş məşqçisi Ramin Babayev isə ironiya ilə ən qorxulu rəqib kimi hakimin adını yazmağımızı xahiş etdi. Biz də yazdıq.

 

Gəncə TİM – «Zirə» 1:1
Qollar:
Ümid Səmədov, 68 – Cəlal Hüseynov, 28 (pen.)

 

Turun sensasiyasının ünvanı Gəncə idi. Qış fasiləsində yaxşı hazırlıq keçən və heyəti bir qədər də gücləndirən «Zirə» Gəncə TİM-lə oyunda vacib 2 xaldan oldu. Əslində, bu uğursuzluqda bütün günahı komandanın üstünə atmaq olmaz. Gəncə TİM-nin meydanının hansı vəziyyətdə olduğunu bütün respublika bilir. Bərbad durumda olan meydanda komandalar ortaya baxımlı futbol qoya bilmədiklərindən fiziki güc və bəxt amili daha çox rol oynayır. 2-ci turda Gəncə TİM-nin son çempion «Sabah»ı 3:0 hesabı ilə məğlub etməsi dediklərimizə sübutdur. Meydan sahiblərinin qazandığı 1 xalı kiçiltməyək. Güclü komanda hər meydanda, istənilən şəraitdə qalib gəlməyi bacarmalıdır.

 

Hər halda bu oyunda «Zirə» qələbəyə daha yaxın idi. Oyunboyu ərazi üstünlüyünə malik olan qonaqlar hələ 1-ci hissədə hesabda önə keçmişdilər. 28-ci dəqiqədə künc zərbəsindən sonra Alı Alının qapı önünə göndərdiyi gəncəlilərin kapitanı Ümid Səmədovun əlinə dəydi və hakim penalti təyin etdi. Topa yaxınlaşan «Zirə»nin kapitanı Cəlal Hüseynov Elmir Bayramovla mübarizədən qalib ayrıldı. Bundan sonra da oyunun ssenarisi dəyişmədi. Futbol adına nəsə olmayan matçda «Zirə» zərbəni 68-ci dəqiqədə aldı. Cərimə meydançasının həndəvərində təyin olunan cərimə zərbəsini yerinə yetirən Ümid Səmədovun vurduğu top yolüstü rəqib müdafiəçiyə dəyərək səmtini dəyişdi və qapıdan keçdi. 

 

Gəncə TİM-nin baş məşqçisi «Zirə»dən Cəlal Hüseynovla Alı Alını, qonaqların baş məşqçisi Cəfər Hüseynov isə meydan sahiblərindən Elmir Bayramovla Kərəm Əhmədlini rəqib komandanın ən yaxşı futbolçusu hesab etdilər.

 

«Viləş» - «Turan Tovuz» 0:0
 
Austayder mövqeyində qərarlaşan komandaların oyununda qol səsi çıxmadı. Oyunboyu ərazi üstünlüyünə malik olan Masallı təmsilçisi bir neçə dəfə Bəhmən İbadov, Samir Əliyev və digərləri ilə fərqlənməyə yaxın olsalar da, bəxt qonaqların tərəfində idi. Qarşılaşmada qol vurmaqla olmasa da, oyunu ilə  seçilənlər var idi. Bunlar «Viləş»dən Samir Əliyevlə Teymur Məmmədov, «Turan Tovuz»dansa Rufan Tomuyev idi. Əlbəttə, komandaların baş məşqçiləri Kənan Seyfullayevlə Nizami Ocaqverdiyevin fikrincə.

 

Maraq üçün qeyd edək ki, Tovuz təmsilçisi 5-ci turdan bu yana keçirdiy bütün oyunlarda məğlub olmuşdu. Nəhayət, 10 turdan sonra komanda xal qazanmağa müəssər oldu. 

 

30 yanvar (cərşənbə)

 

«Qəbələ» - «Sumqayıt» 6:1
Qollar:
Mehrac Baxşəliyev, 16, 80; İbrahim Ramazanov, 36; Gülağa Əsədov, 39; Taleh Qarayev, 45; Ümid Həmzəyev, 52 – İlkin İbrahimov, 77

 

Bombardirlər: Rauf Ağasənov («Səbail») – 19 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 18 qol.

 

U-16 Liqasında 17-ci turun oyunları fevralın 7-də keçiriləcək: «Sabah» - İsgəndər Cavadov BFA, «Səbail» - «Viləş», «Turan Tovuz» - «Neftçi», «Qarabağ» - ROİL, «Keşlə» - «Qəbələ», «Sumqayıt» - «Zirə», «Neftçi» İK İB - Gəncə TİM.

 

«Het-trik news» qəzeti

 

Xəbər xətti