"Səbail"in qapıçısı Oleksandr Rıbka klubun saytına müsahibə verib.
Sportal.az 31 yaşlı ukraynalı qolkiperin müsahibəsini təqdim edir:
– “Səbail”ə xoş gəlmisiniz! Burada oynamaq barədə təklif alanda Azərbaycanda çıxış edən əcnəbi futbolçulardan kiminləsə məsləhətləşdinizmi?
– Xoş sözləriniz üçün təşəkkür edirəm. Təbii, təklif gəldikdən sonra məlumat əldə etmək istədim və “Neftçi”nin oyunçusu Kiril Petrovla Azərbaycana gəlmək variantını müzakirə etdim. O, Azərbaycan çempionatı haqqında çox gözəl fikirlər söylədi və məndə xoş təəssüratlar yaratdı. Artıq “Səbail”dəyəm və buna görə məmnunam.
– Buraya gəlmək üçün qərar vermək nə dərəcədə asan oldu? Çoxmu götür-qoy etdiniz?
– Xeyr, təklifi, demək olar ki, tərəddüdsüz müsbət dəyərləndirdim. Çünki artıq klub haqqında müəyyən qədər məlumatım var idi. Məni belə gözəl qarşıladığınıza görə bir daha hər kəsə təşəkkür edirəm.
– Uşaqlıqda futbolla yanaşı, hokkey, tennis və basketbol oynadığınızı bilirik. Hətta 11 yaşınız olanda basketbol üzrə Ukrayna çempionu da olmusunuz. Bəs niyə futbolu seçdiniz?
– Mənim uşaqlıq illərimdə texnoloji inkişaf bu səviyyədə deyildi; internet, mobil telefonlar və s. yox idi. Bütün asudə vaxtımı səhərdən-axşamadək küçədə ancaq futbol topu ilə, basketbol topu ilə, hokkey oynamaqla keçirirdim. Valideynlərim məni evə güclə “dartırdılar” (gülür)… Demək olar ki, o vaxt topla nə idman növü varsa, məşğul olmuşam. Amma futbola marağım daha üstün idi.
– “Səbail” barədə təəssüratlarınız necədir və gözləntiləriniz nədən ibarətdir?
– Klub haqqında ilk məlumatı internetdə əldə etmişdim və belə qənaətə gəldim ki, yeni yaranan klub olmasına baxmayaraq, bütün kollektiv – rəhbərlik, məşçi heyəti, futbolçular – qarşısına məqsəd qoyub. Belə gənc klubun üzvü olmaq çox sevindiricidir. Çünki Ukraynada da elə komandalarda cıxış etmişəm ki, hər zaman qarşısında müəyyən məqsədləri olub. Karyeramda müxtəlif situasiyalar olub. Həm yaxsı, həm də pis. Amma çalışacağam ki, “Səbail”də öhdəmə düşən vəzifəni layiqincə yerinə yetirim və hər kəs məmnun olsun.
– Təbii ki, komanda yoldaşlarınızla yaxından tanış olmaq üçün hələ o qədər də çox vaxtınız olmayıb…
– Düzdür. Çempionatın fasilədən sonra ilk turundan – “Keşlə” ilə görüşümüzdən cəmi 3 gün əvvəl komandaya gəlmişəm. Yeni komanda, yeni oyunçular, fərqli ab-hava… Hər nə varsa, hər şey yeni. Sözsüz ki, mənim üçün çox çətin idi. İlk olaraq internetdə oyunçuların siyahısına baxdım və maksimum dərəcədə komanda yoldaşlarımın adını yadımda saxlamağa çalışdım. Ancaq oyundan sonra bir qədər rahatam. Çünki oyun zamanı ünsiyyətdə olursan və start 11-likdə olan oyunçuları artıq adları ilə tanıyıram. Düşünürəm ki, kiçik zaman kəsiyində hamını adbaad tanıyacağam və mənə asan olacaq.
– Əsas oyun xüsusiyyətlərinizi necə xarakterizə edərdiniz?
– Özüm haqqında nəsə deyə bilmərəm. Bunun üçün xüsusi ekspertlər, məşqçilər və oyunları izləyən müəyyən şəxslər var. Düşünürəm ki, oyunuma onların qiymət verməsi daha münasib olar. Mən isə öz növbəmdə özümü elə göstərməliyəm ki, mövsümün axırında oyunumu yüksək qiymətləndirsinlər.
– Azərbaycan Topaz Premyer Liqasında oynamaq Sizin üçün ciddi çağırışdırmı?
– Əlbəttə! “Səbail”də oynamaq mənim üşün yeni çağırışdır. Şəhər, insanlar, çempionat… – hər şey yenidir. Bu çağırış mənim üçün çox maraqlıdır və hər bir təcrübə mənim üçün qiymətlidir. İnanıram ki, mənə uğur gətirəcək.
– Şəhərdən söz düşmüşkən, Bakı ilə ilkin tanışlığa vaxt tapa bilmisinizmi?
– Hələ ki şəhəri gəzməyə vaxtım olmayıb. Yol gedərkən şəhəri maşının pəncərəsindən izləyə bilmişəm. İlk baxışdan çox bəyəndim. Burada çoxlu sayda gözəl parklar, uca binalar gördüm. Bu yaxınlarda həyat yoldaşımla qızım da gələcək və biz mütləq şəhərə gəzməyə çıxacağıq.
– Söhbətimizin sonunda “Səbail”in azarkeşlərinə sözünüz varmı?
– Bütün idman növlərində olduğu kimi, futbolda da həm qələbə, həm də məğlubiyyət var. Azarkeşlərimizin hər zaman “Səbail”in yanında olmasını arzu edərdim.