U-15 Liqası: Qış fasiləsi başa çatdı

11:02 - 5 Fevral 2019

Həftəsonu U-15 Liqasında qış fasiləsinə yekun vuruldu. 14-cü turda qeydə alınan nəticələr fasilə zamanı hansısa komandada köklü dəyişikliyin olmadığını deməyə əsas verir. Gözləndiyi kimi turnir cədvəlinin üst pillələrində qərarlaşan komandaların hamısı həftəni 3 xal qazanmaqla başa vurdu. «Aşağıdakılar» isə «ənənələrinə» sadiq  qaldılar. 

 

«Zaqatala» - «Səbail» 0:2
Qollar:
Raul Məmmədov, 35 (pen.); Mirzalı Mirzalıyev, 39

 

Oyunun hər iki komanda üçün çətin olacağı əvvəlcədən məlum idi. Qeyri-stabil oyunu ilə yadda qalan «Səbail» heyətinə, austayderlər qrupunda yer alan «Zaqatala» isə ev oyunlarında «dişli» olduğuna görə rəqib üçün keçilməz ola bilərdi. Hər halda güclü futbolçulardan təşkil olunmuş heyət sözünü dedi. Hakimin start fitindən sonra nisbi ərazi üstünlüyünə yiyələnən qonaqlar yalnız birinci hissənin son dəqiqəsində fərqlənə bildilər. Buna kimi hər iki komanda zaman-zaman təhlükəli həmlələrlə yadda qalmışdılar. «Zaqatala»dan Xəyal Əmirov, qonaqlardan isə onun adaşı Xəyal Əliyev daha fəal idilər. Yeri gəlmişkən, adı çəkilən futbolçular həmin gün komandaların ən yaxşıları idilər. Vurulan qola qayıdaq. 35-ci dəqiqədə hakim «Səbail»in futbolçusu Zübair Əliyevə qarşı kobudluğa görə «Zaqatala»nın qapısına penalti təyin etdi və Raul Məmmədov Eldar Tərlanovla mübarizədən qalib ayrıldı.

 

Fasilədən sonra da oyunun gedişatı dəyişmədi. 39-cu dəqiqədə Mirzalı Mirzalıyev Eldarla üz-üzə qaldığı epizoddan istifadə edərək komandasının 2-ci qolunu vurdu. Az sonra İslam Şabanovun yetirmələrindən Xaqani Məmmədov buraxılan toplardan birinin əvəzini çıxa bilərdi. Gəl ki o, Əli Ələkbərzadə səddini keçə bilmədi. Oyunun qalan vaxtında qapılara qol vurulmadı və qonaqlar çətin Zaqatala səfərindən 3 xalla döndülər.

 

«Neftçi» İK İB – «Sabah» 0:2
Qollar:
Yelmar Aşurov, 6; Elşən Səmədov, 14

 

Lökbatan OİK-nin meydanında paralel başlayan matçda da eyni hesab qeydə alındı. «Sabah»ın baş məşqçisi Namiq Allahverdiyev 1-ci dövrədə «Xilə» ilə oyundan cəzalı olduğu üçün komandanı oyuna bu klubun bir yaş böyüklərinin baş məşqçisi İlqar Mənsimov çıxarmışdı. Namiq müəllimin yetirmələri İlqar Mənsimovun üzünü ağ elədilər.

 

Matçda hər 2 qol standart vəziyyətdən sonra, özü də dayaq müdafiəçiləri tərəfindən vuruldu. Belə ki, 6-cı dəqiqədə Yelmar Aşurov, 8 dəqiqə sonra isə Elşən Səmədov fərqləndi. Qalan 56 dəqiqədə ərazi üstünlüyünə sahib olan «Sabah» daha bir neçə epizodda qol vurmağa yaxın olsa da, qol vuran tapılmadı.
Oyunun «ənlər»inə gəlincə, həmin gün meydanda «Neftçi» İK İB-dən Ceyhun Əliyevlə Müseyib Beydiyev, qonaqlardan isə Cavid Adnayevlə Şahmar Aşurov hamıdan yaxşı futbol sərgilədilər.

 

«Qəbələ» - «Sumqayıt» 6:1
Qollar:
Sənan Ağalarov, 11, 35+1, 36; İxtiyar Məmiyev, 25, 47; Sədrəddin Hüseynzadə, 54 (avtoqol) – Nizami Axundov, 70+2

 

Asan rəqiblə oyunda Ülfət Mədətovun yetirmələri inamlı qələbə qazandılar. «Qəbələ»nin qol silahları Sənan Ağalarov bu oyunda «het-trik»lə, İxtiyar Məmiyev isə «dubl»la yadda qaldı. Hər ikisini tərəddüdsüz matçın ən yaxşısı hesab etmək olar. «Sumqayıt»ın gücü yalnız hakimin matçın əsas vaxtına əlavə etdiyi 2-ci dəqiqədə prestij qol vurmağa gücü çatdı. Nizami Axundov fərqləndi.

 

«Xilə» - «Keşlə» 1:6
Qollar:
Hüseyn Quliyev, 15; Qurban Səfərov, 17, 51; İxtiyar İbrahimov, 18, 42; Murad Dadaşov, 27 – Elnur Adıgözəlov, 69

 

Qəbələdəki oyunun ssenarisinin demək olar ki, eynisi Şağan OİK-nin meydanında cərəyan etdi. Hesab eyni, qolların ardıcıllığı eyni… Hesabda 6 top geridə olan «Xilə»nin gücü sona 1 dəqiqə qalmış «suxoy»dan çıxmağa çatdı.

 

Maraq üçün qeyd edək ki, qış fasiləsində «Xilə» bir neçə aparıcı futbolçusundan olub. Üstəlik, komandanın baş məşqçisi Əli Məmmədov da komandadan ayrılıb və onun yerinə Zaur Seyidov təyin edilib. Ötər il «Neftçi»nin U-15 komandasını çalışdıran Zaur müəllimlə söhbətdə o, planlarını növbəti mövsüm üçün qurduqlarını söylədi. Görünür, qəsəbə təmsilçisi ikinci dövrədə ən yaxşı halda turnir cədvəlində olduğu yerdə qalacaq.

 

İsgəndər Cavadov BFA – «Qarabağ» 0:7

 

Oyunun protoklunu əldə edə bilmədiyimiz üçün bu oyun haqqında geniş məlumat vermək iqtidarında deyilik. Əldə etdiyimiz bilgi yalnız fərqlənən futbolçularla bağlıdı. «Qarabağ»dan Süleyman Süleymanov «het-trik» edib. Cəfər Həsənov, Elvin Abuşov, Rəvan Əvəzov hərəyə 1 dəfə fərqləniblər. Daha bir qolun müəllifinin adını dəqiqləşdirə bilmədik.

 

Gəncə TİM - «Neftçi» 0:1
Qol:
Nahid Tanrıverdiyev, 56

 

«Neftçi» çempionatda ən çətin qələbəsini Gəncədə qazandı desək yanılmarıq. Bakılılar təkcə rəqiblə deyil, eyni zamanda Gəncə TİM-nin bərbad meydanını ilə də mübarizə aparmalı oldular. Matçda yeganə qol 56-cı dəqiqədə vuruldu. Elcan Əbilovun künc zərbəsindən etdiyi asmanı Nahid Tanrıverdiyev qapıdan keçirdi.

 

«Zirə» - «Mil-Muğan» 4:0
Qollar:
Nicat Dəmirov, 17; Sənan Xəlilli, 31; Cavid Cavidzadə, 54; Orxan Hüseynov, 65

 

Turun son oyunu barədə də bir neçə cümlə ilə kifayətlənəcəyik. Bazar günü keçirilən bu matçda gözləndiyi kimi meydan sahibləri böyük hesablı qələbə qazandılar. Oyunboyu ərazi üstünlüyünə malik olan «Zirə» rəqibi 4 dəfə məyus etdi. Hesab daha böyük ola bilərdi. Lakin «Mil-Muğan»ın heyətində ən yaxşı olan qapıçı Saleh Məmmədli komandasını daha biabırçı məğlubiyyətdən xilas edə bildi.

 

Bombardirlər: Oruc Məmmədov («Neftçi») – 25 qol, Şahmar Aşurov («Sabah») – 23 qol.

 

U-15 Liqasında 15-ci turun oyunları fevralın 9-da keçiriləcək: «Mil-Muğan» - «Qəbələ», «Sumqayıt» - İsgəndər Cavadov BFA, «Qarabağ» - «Xilə», «Keşlə» - «Neftçi» İK İB, «Sabah» - «Zaqatala», «Səbail» - «Neftçi», «Zirə» - Gəncə TİM.

 

«Het-trik news» qəzeti

 

Xəbər xətti